Los Anceles Paşinyanı belə “qarşıladı: - “Qarabağ Azərbaycanındır! İşğala Son Qoy!” - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan 22 sentyabrda Los Ancelesə səfər edərək, erməni icmasının keçirdiyi mitinqdə çıxış edib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Faktor.az-a verilən məlumata görə, bunu nəzərə alaraq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los Anceles səmalarına ingilis dilində böyük hərflərlə “Karabakh is Azerbaijan! End the Occupation” (Qarabağ Azərbaycanındır! İşğala Son Qoy!) şüarını daşıyan təyyarələr qaldırılıb. Bütün günü Los Anceles üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.
Bundan əlavə, üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində Los Ancelesin ən müxtəlif guşələrini dolaşaraq, böyük sayda şəhər sakininin Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlanmasına səbəb olub. Plakatlarda Azərbaycanın 20% ərazisinin işğal olunduğu, 1 milyonadək soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, işğal altında olan ərazilərimizdə Azərbaycan mədəniyyətinə qarşı soyqırımı həyata keçirildiyi, Xocalı soyqırımı və digər məsələlər barədə məlumat verilib.