"Bakının danışıqlara razılıq vermə səbəbi başqadır" - Söhbət NƏDƏN VƏ YA KİMDƏN GEDİR?

Hit: 288
"Bakının danışıqlara razılıq vermə səbəbi başqadır" - Söhbət NƏDƏN VƏ YA KİMDƏN GEDİR?

Bu görüş daha çox bizim hay girovluğunda olan iki soydaşımız- Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlıdır.

Millət vəkili Sahib Alıyev Redaktor.az-a açıqlamasında Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə növbəti görüşün keçirilməsinin səbəblərinə aydınlıq gətirib.

Millət vəkili hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndindəki “nöqtə”ləməsindən sonra, rəsmi Bakının belə bir görüşün keçirilməsinə razılıq verməsinin səbəbi başqadır:

“Azərbaycan çoxdandır ki, Dilqəm və Şahbazın əsir götürülən və əsir düşən iki hay hərbiçisinə dəyişdirilməsini təklif edir. Minsk Qrupu həmsədrləri hələlik sözdə olsa da, bunu dəstəkləyir. Bu, ümid yaradır ki, iki hay hərbiçisinin təhvil verilməsi qarşılığında Dilqəmlə Şahbaz girovluqdan qurtulsunlar.

Mən iki ölkənin Xarici İşlər nazirləri arasındakı görüşü (danışıqları yox), ancaq və ancaq bu baxımdan önəmli sayıram. Qarşıdakı görüşdə bu məsələylə bağlı hansısa bir razılığa gəlinsə, onda Ermənsitanla danışıqlar yoluyla problemin həll ediləcəyinə az da olsa ümid yaranır. Əks halda bu görüş də haylarla havadarlarının status-kvonun uzadılmasına yönəlik növbəti addımlarından başqa heç bir mahiyyət daşımayacaq”.  

Politoloq Məhəmməd Əsədullazadə də məsələ ilə bağlı saytımıza danışıb.

Politoloq hesab edir ki, rəsmi Bakının gündəmsiz danışıqlara getməsi əleyhimizə işləyir:

“Prosesin uzanması və status-kvonun qorunması üçün belə bir gündəmsiz danışıqlar İrəvana lazımdır. Onlar da bunu davamlı şəkildə həyata keçirirlər.

Ümumiyyətlə, Nikol Paşinyan deyir ki, “Qarabağ Ermənistandır, nöqtə”. Yaxşı, biz, niyə danışıqlara gedirik? Qarabağın işğaldan azad olunması danışıqlar predmeti deyilsə, nəyi danışacağıq?”.

Politoloq qeyd edib ki, danışıqlar yalnız ilkin mərhələdə 3 rayonun boşaldılması üçün aparılır:

“Rəsmi Bakı bunda israrlıdır. İrəvan bunun da əleyhinədir. Deyirlər ki, birinci Qarabağın müstəqilliyi sonra üç rayon. Belədirsə, niyə biz belə danışıqlara ümidliyik?”.

Politoloq vurğulayıb ki, danışıqlardan çəkilib, cəbhə boyu təzyiqlərə başlanmalıdır:

“Belə olan halda Ermənistan özü real danışıqlarda maraqlı olacaq. Hazırda Ermənistan danışıqlarda maraqlı deyil. Rəsmi Bakı Minsk qrupuna danışıqların aparılmasını təkid edir”.

Xatırladaq ki, rəsmi qaynaqların yaydığı xəbərə görə, sentyabrın 23-də ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında növbəti görüşün keçirilməsini planlaşdırırlar.









Redaktorun seçimi