Ekspert Paşinyana vaxt qoydu: "SSRİ-də belə..."

Hit: 261
Ekspert Paşinyana vaxt qoydu: "SSRİ-də belə..."

Ermənistan baş naziri Nikol Paşinyanın elan etdiyi Ermənistan 2050 – Strateji İnkişaf Sənədi ölkədə ciddi müzakirə mövzusu olaraq qalmaqdadır. Ermənistanın özündə belə strateji sənəddə verilən vədlərin, reallıqdan uzaq olduğunu qeyd edir, bu zaman mövqelərini beynəlxalq təşkilatlar tərəfindən verilən proqnozlarla əsaslandırılırlar. Ermənistan 2050 – Strateji İnkişaf sənədində, Ermənistanın maliyyə vəziyyəti ilə bağlı qeyri-real hədəflər müəyyən olunub.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov bildirib ki, Paşinyan həmişəki kimi fantastika ilə məşğuldur: “30 il bundan sonra nələr baş verəcək, Allah bilir. Hətta sovet dövründə də planlar tutulanda ya 5, ya da 7 illik olurdu. Hətta bir çox hallarda bu illərdə belə yerinə yetirilmirdi. Plan doldurulanda belə əlavə problemlər ortaya çıxırdı. Görünür, Nikol Paşinyan belə vədlər verməklə xalqını sakitləşdirmək istəyir. Onları şirnikləndirmək məqsədilə belə addımlar atır. Amma xalq iş tələb edir. Paşinyan küçə mitinqlərində də cürbəcür vədlər vermişdi. Həm iqtisadi məsələlərin həll olunmasını vəd edirdi. Həm sosial problemlərin aradan qaldırılnmasını söz verirdi. Hətta Dağlıq Qarabağ problemində yenilik olacağını səsləndirirdi. Kütlə ona inandı. Ona görə də Paşinyan asanlıqla hakimiyyətə gələ bildi. Lakin belə görünür ki, o, əvvəlki vədlərini yerinə yetirə bilmədiyi üçün çox qabağa gedə bilməyəcək. Növbəti daha geniş vədlər verməklə öz fəaliyyətini daha da mürəkkəbləşdirir. Özü ilə xalq arasında olan uçurumu daha da dərinləşdirir. Çünki belə vədlər ən aparıcı siyasətçilər tərəfindən belə az hallarda verilir. Hətta SSRİ belə bu cür planlar quranda zaman baxımından ehtiyatlı davranırdı”.

Siyasi şərhçi qeyd edib ki, Paşinyan özünü demokrat lider kimi qələmə verir: “Guya o, xalq tərəfindən seçilən baş nazirdir. Lakin o, bu qayda ilə getsə, çox uzun müddət hakimiyyətdə qala bilməyəcək. Çünki cəmiyyətdə narazılıq artır, ona qarşı çıxış edənlərin sayı çoxalır. Eyni zamanda, tərəfdarları onun sıralarından qaçmağa başlayıb. Hökumətindən istefa halları artıb. Belə olan halda, düşünmürəm ki, Paşinyanın hakimiyyəti uzunömürlü olacaq”.









Redaktorun seçimi