Ərdoğan niyə nüvə silahına can atır? - Təhlil

56 dəfə oxunub
Ərdoğan niyə nüvə silahına can atır? - Təhlil

Regional şərtlər Türkiyənin nüvə silahına yiyələnməsinin aktuallığını artırır.

Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində qeyd edilib. Analizdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın belə bir açıqlama verməsinin bir neçə səbəbi olduğu bildirilib:

“Birincisi, ABŞ İranla nüvə anlaşmasından çıxdıqdan sonra Tehran yenidən uranın zənginləşdirilməsinə başlayıb. İran hazırda uranı 20 faiz zənginləşdirib. Məlumdur ki, nüvə silahı əldə etmək üçün uranı 80-90 faiz zənginləşdirmək lazımdır. Aydındır ki, İranın imkanları uranı bu səviyyəyə qədər zənginləşdirməyə imkan verir. Bunun üçün İranın lazımi infrastrukturu və elmi potensialı var. Bundan başqa İranın nüvə başlıqlarını daşıya biləcək raketləri də var və yeniləri sınaqdan keçirilir.

İran Türkiyənin qonşusudur. Doğrudur, iki dövlət arasında münasibətlər normaldır, ancaq sabah şərtlərin dəyişməyəcəyindən heç kim sığortalanmayıb. İsrailin də keçmiş illərdə Türkiyə ilə yaxşı münasibətləri olsa da, indi bundan əsər-əlamət qalmayıb. İranın nüvə silahını əldə etməsinə yaxınlaşması Türkiyəni də nüvə silahına yiyələnməsinə marağını artıracaq.

İkincisi, İsrailin də nüvə silahı var. İsrail rəsmiləri bu haqda heç zaman açıqlama vermirlər. Ancaq hamı bilir ki, İsrailin kifayət qədər nüvə arsenalı mövcuddur”.

Mərkəzin təhlilində Türkiyənin nüvə silahına yiyələnməsinin həm də təhlükəsizlik baxımından vacib olduğu öz əksini tapıb:

“Beləliklə, bölgədə nüvə silahı olan dövlətlərin sayı artır. İrana, İsrailə, Pakistana və Hindistana nüvə silahı ona görə lazımdır ki, heç bir dövlət onunla müharibəyə başlamağa, torpaqlarının işğalına risk etməsin. Məsələn, Ukrayna 1994-cü ildə Budapeştdə Rusiyanın xeyrinə nüvə silahından imtina etməsəydi, bəlkə Kreml 2014-cü ildə Krımı ilhaq etməyə risk etməzdi. Dinamik inkişaf edən və bölgədə xeyli rəqibi olan Türkiyənin də nüvə silahına yiyələnməsinə ehtiyacı artır. Bu, Türkiyəyə təhlükəsizlik imkanlarını artırmaq üçün lazımdır. Nüvə silahı Türkiyənin bölgədəki çəkisini artacaq”.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti açıqlamasında ölkəsinin nüvə silahına sahib olmamasının qəbuledilməz olduğunu demişdi.



Redaktorun seçimi