Paşinyan xalqın küçələrə çıxaraq onu devirməsindən ehtiyat edir - MÜSAHİBƏ

86 dəfə oxunub
Paşinyan xalqın küçələrə çıxaraq onu devirməsindən ehtiyat edir - MÜSAHİBƏ

Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov Oxu.Az-a müsahibə verib.

- Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda yeni dilemma qarşısında qalıb. Söhbət İcevandakı qarşıdurmadan və Göyçə gölü ətrafındakı vəziyyətdən gedir. Ağır iqtisadi problemlərlə üzləşmiş Ermənistanın bu əyalətinin sakinləri məişət problemlərini Tavuşda meşədəki ağacları kəsərək ölkənin digər regionlarında odun kimi satmaqla və Göyçə gölündə balıq ovlamaqla həll edirlər.

Hakimiyyət tərəfindən əhalinin qanunsuz fəaliyyətinə mane olmaq cəhdləri xalq müqavimətinə gətirib çıxarıb. Nəticədə, etiraz aksiyasının iştirakçılarına qarşı güc tətbiq edilib.

Deyəsən, Paşinyan dilemma qarşısında qalıb – bir il əvvəl Serj Sarqsyana qarşı mübarizədə onu dəstəkləmiş sadə insanlarla həmrəy qalmaq, yaxud qanunu əldə rəhbər tutaraq xalqın ümidlərini puç etmək. Bu, Baş nazir üçün nə ilə nəticələri bilər?

- İcevanda hakimiyyətin və sadə xalqın qarşıdurması ondan xəbər verir ki, Nikol Paşinyan sağ qalmaq üçün istənilən şansdan istifadə edən əhaliyə qarşı çıxıb. Məhz sağ qalmaq üçün. Bu vəziyyətdə Paşinyanın xalqın etimadını itirməsi tam aydın fakt olaraq üzə çıxır. Hərçənd o, ermənilər əvvəlki rüşvətxorlardan bezəndə xalqın dəstək dalğası ilə ölkə rəhbərliyinə gəlmişdi. İndiki Baş nazir insanlara inkişaf və iqtisadi yüksəliş vədi vermişdi. Lakin bunlar yoxdur və üstəlik, vəziyyət yalnız pisləşir.

Hətta Rusiyadakı ermənilər Paşinyanın onları məyus etdiklərini hər yerdə dilə gətirirlər. Heç nə dəyişməyib. Oğruları digər oğrular əvəzlədi və sadə əhali ümidlərində yenidən yanıldı. Burada Yerevanın siyasi isteblişmentinin müzakirə etməyi xoşlamadığı köhnə və hamının bildiyi ifadəni xatırlamaq yerinə düşərdi. Bütün tarix boyu erməni xalqının satqınları hər şeydən əvvəl onun siyasi elitaları olublar. Onlar öz maraqlarına nail olmaq üçün öz ölkə və xalqını təqib və səfalət fəlakətinə düçar ediblər.

- Paşinyan bu yaxınlarda hakimlərin vettinqi (hakimlərin tutduqları vəzifəyə uyğunluğunun yoxlanılması) məsələsi üzrə Venesiya Komissiyasının mövqeyi qismində müqavimətlə də üzləşib. Məlum olduğu kimi, hakimlərin yoxlanılması haqqında qərar Baş nazir tərəfindən eks-prezident Robert Koçaryanın məhkəmənin qərarı ilə azad edilməsindən sonra qəbul edilib.

Yoxlama nəticəsində cəmiyyət hakimlərin keçmişdəki fəaliyyəti, siyasi əlaqələri, əmlakı, şəxsi və peşəkar keyfiyyətləri haqqında tam məlumat əldə edəcək. Bu, Paşinyanın nüfuzuna daha bir zərbədir. Onun Ermənistan əhalisi arasında populyarlıq reytinqinin düşməsi, eləcə də müxtəlif klanlar tərəfindən ona təzyiq göstərilməsi ilə əlaqədar ölkədə hakimiyyəti dəyişmək üçün yeni inqilab ehtimalı varmı?

- Tamamilə aydındır ki, Yerevanda klanların qarşıdurması öz pik həddinə çatır və Paşinyan respublikanı idarə etmək qabiliyyətini itirir. Hakimlərin əlaqələrinə və məvaciblərinə nəzarət etmək cəhdləri, bunu ictimaiyyət qarşısına çıxarmaq ona bərpaolunmaz zərərlər vurub. Aydındır ki, hakim kastası qapalı birlikdir və Baş nazir kütlələr üzərində nəzarətin çox vacib sahəsini özünə qarşı kökləyib.

Keçmiş sovet məkanının bütün ölkələrində hakimlər zəngin insanlardır. Onların fəaliyyətlərində korrupsiya tərkibi ehtimalı olduqca böyükdür. Və bu birliklə tədricən mübarizə aparmaq, zəruri nəticələrə çatmaq üçün taktikanı bir-bir dəyişmək lazımdır. Sənin özündə hakimiyyət yalnız xəyalidirsə, onilliklər ərzində qurulmuş məhkəmə korpusuna qarşı müharibə elan etmək lazım deyil. Bu, yalnız Baş nazirin onsuz da laxlayan mövqelərini pisləşdirib.

- Paşinyan mövcud daxili siyasi və sosial şəraitdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində dolğun işləmək iqtidarındadırmı?

- Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması baxımından qabiliyyətinə gəlincə, bu barədə illüziyalara qapılmaq lazım deyil. Hazırda Paşinyanın əsas məqsədi onu hakimiyyətdən məhrum etmək üçün xalqın yenidən küçələrə çıxmamasıdır. Müvafiq olaraq, Qarabağ problemi onun üçün birinci yerdə deyil. Bu, onun bir-birinə zidd bəyanatlarından da aydın görünür. O, gah sülh və danışıqlara hazırdır, gah da onun ətrafı hərbi əməliyyatlar aparmağa və yeni ərazilər tutmağa hazır olduqlarına dair bəyanat verirlər.



Redaktorun seçimi