“Gürcüstanı regionda təkləmək istəyirlər, böyük oyundur…” — Sabiq deputat

Hit: 286
“Gürcüstanı regionda təkləmək istəyirlər, böyük oyundur…” — Sabiq deputat

"Gürcüstanla bağlı şərhlər yazan dostlara xatırlatmaq istəyirəm ki, orada hökümət bir düyməyə basaraq insanları idarə edə bilsəydi, elə Tiflisin mərkəzində 1 aydan çoxdur davam edən anti-hökümət nümayişini dağıdardı”.


 Faktor.az bildirir ki, bu sözləri sabiq millət vəkili Ceyhun Osmanlı deyib. 


Onun sözlərinə görə, Gürcüstanda vətəndaş cəmiyyəti güclü olduğundan müxtəlif təşkilatlar hansısa dağa yürüş etməklə provakativ addımlar ata bilər. Odur ki, baş verənləri rəsmi Tbilisinin siyasəti kimi qəbul etmək doğru olmazdı: 


"Vətəndaş cəmiyyəti Gürcüstanda çox fəaldır. Təşkilatların sayı isə minlərlədir. Obrazlı desək, hər hansı "maraqlı qüvvə"nin bir az investisiya qoyaraq 2-3 təşkilat yaratmaq yolu ilə 15-20 nəfərin hər hansı bir dağa yürüşünü təşkil edərək provokasiya etməsi çox mümkün ssenaridir. Necə deyərlər bu meydan bu da şeytan... Məsələn ermənilər Gürcüstanda abidə filan qoyanda biz də eyni ssenaridən istifadə edə bilərdik, amma biz facebook-da yazıb ürəyimizi boşaltmağa üstünlük verdik”.


Diqqətləri Rusiya – Gürcüstan münasibətlərinin hazırkı durumuna çəkən sabiq millət vəkili prosesə həssaslıqla yanaşılmasının vacibliyini vurğulayıb: "Hazırda Gürcüstan höküməti Rusiyalı turistləri itirmək təhlükəsi ilə məşğul ikən, bir də Azərbaycan turistlərini itirmək onlara sərfəli deyil. Yəni, hökümətə bu lazım deyil. Gürcüstan anlamalıdır ki, oyunun məqsədi onları regionda təkləyib, göz dağı verməkdir. Lakin hər bir halda işin yekununda Gürcüstan tərəfindən mütəmadi qeydə alınan bir provokasiya var və bunun hesabını da Gürcü höküməti verəcək. Ona görə də vaxtında olaya müdaxilə etmək faydalı olardı. Bizə isə provokasiyaya getməmək qalır”.


Ceyhun Osmanlı diaspor təşkilatlarını da fəal olmağa çağırıb: 


"Söz bizim diaspora təşkilatlarınındır. Əməli iş nümayiş etdirmək üçün əsl zamandır. Sonradan "lazım gəlsə" kimi ifadələrin yeri yoxdur. Hal-hazırda SOCAR Gürcüstanın qaz təchizatında yeganə oyunçudur. Maraqlı tərəflər "Qazprom”u Gürcü bazarına salmaq istəyir. Bunun üçün də Azərbaycana qarşı gürcü xalqında yaranmış "çətin günlərin dostu" steriotipini sındırmağa çalışırlar. Oyun böyükdür...”(sfera.az)









Redaktorun seçimi