Azərbaycan və Çexiya arasında siyasi məsləhətləşmələr aparıldı

Hit: 421
Azərbaycan və Çexiya arasında siyasi məsləhətləşmələr aparıldı

İyunun 25-də Praqada Azərbaycan və Çexiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, məsləhətləşmələrdə Azərbaycan Respublikasının nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Çexiya tərəfindən Xarici İşlər nazirinin müavinləri - Avropa ölkələri istiqamətindən məsul Aleş Xmelarj və çoxtərəfli diplomatiya məsələlərindən məsul Martin Poveyşil rəhbərlik edib.

Görüş əsnasında siyasi, iqtisadi, hərbi-texniki, humanitar və digər sahələrdə ikitərəfli münasibətlər, Azərbaycan-Avropa İttifaqı əlaqələri, ölkəmizdə gedən sosial-iqtisadi inkişaf, o cümlədən regional, eləcə də BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq münasibətləri müzakirə olunub.

Ölkələrimiz arasında siyasi-iqtisadi sahədə əlaqələrdən məmnunluğunu ifadə edən X.Xələfov dövlətlərimizin strateji tərəfdaşlar olduğunu və son dövrdə qarşılıqlı rəsmi səfərlərin və görüşlərin davamlı həyata keçirilməsinin bunun əyani sübutu olduğunu diqqətə çatdırıb.

X.Xələfov Çexiya tərəfinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verərək, münaqişənin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həll edilməsi üçün ATƏT-in Minsk Qrupunun və beynəlxalq birliyin səylərinin artırılmasının zəruriliyini vurğulayıb. O, 2013-cü ildə Çexiyanın Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin Xocalı sakinlərinin qətliamına görə Ermənistanı pisləyən 219 nömrəli qərarına görə Çexiyaya təşəkkürünü bildirib.

Tərəflər Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın fəaliyyətindən məmnunluqlarını ifadə edərək, Komissiyanın növbəti iclasının cari ilin sonunda Praqada keçirilməsi barədə razılığa gəliblər. Eyni zamanda, Azərbaycan Prezidentinin 2019-cu ilin sonunda Çexiyaya səfərinin nəzərdə tutulduğu qeyd olunaraq, hər iki tərəfin bu səfərin uğurla həyata keçirilməsi üçün səylərini artırılmasının vacibliyi vurğulanıb.

Çexiya tərəfi Azərbaycanla əlaqələrin əhəmiyyətinə toxunaraq qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərə təkan verdiyini vurğulayıb, bu baxımdan həmin səfərlər çərçivəsində müqavilə-hüquq bazasının təkmilləşdirilməsinə münbit şərait yarandığını qeyd edib.

Həmçinin tərəflər qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Görüşlər qarşılıqlı anlaşma şəraitində keçib və Xarici İşlər nazirinin müavini Xələf Xələfov Çexiya Xarici İşlər nazirinin müavinləri Aleş Xmelarj və Martin Poveyşili Azərbaycana səfərə dəvət edib.









Redaktorun seçimi