“Rusiya bir neçə rayonu Azərbaycana qaytarmaq istəyir”

Hit: 381
“Rusiya bir neçə rayonu Azərbaycana qaytarmaq istəyir”

“Rusiya uzun müddətdir çalışır ki, Cənubi Qafqazdakı məsələləri eyni vaxtda həll etsin. Rusiyanın bir nömrəli adamı Bidzina İvanişvili də Gürcüstan hakimiyyətinin başında oturub”.

Gürcüstanda Rusiya əleyhinə baş verən etiraz nümayişləri haqda Teleqraf.com-a danışan politoloq Cümşüd Nuriyev belə deyib.

Ekspertin fikrincə, gürcülər sonuncu prezident seçkisində Vahid Gürcüstan Partiyasının namizədi Qriqol Vaşadzeni seçməməklə səhv etdilər:

“Gürcülər elə bildilər ki, Salome Zurabişvili Rusiyanın admı deyil. Vaxtilə Bidzina İvanişvili də Fransanın əli ilə Gürcüstana sırınmışdı. İndi eyni addımı atdılar və Zurabişvilini Gürcüstana sırıdılar. Salome Zurabişvili siyasətdə kifayət qədər xam adamdır, buna görə də, o, Gürcüstana heç nə verə bilməyəcək, problemlər həll edilməmiş qalacaq. Hesab edirəm ki, bundan istifadə edən Rusiya Gürcüstan hakimiyyətini istədiyi qədər sıxa bilib. Artıq Gürcüstanda qarşıdurma var və qan tökülüb, proses hələ də davam edir.

Qarşıdurma elə bir həddə çatıb ki, proses mövcud hakimiyyətin istefası ilə nəticələnə bilər. Çünki artıq parlamentin sədri istefaya gedib, əsas fiqurlardan biri daxili işlər naziridir. Qənaətimə görə, proses Salome Zurabişvilinin istefasına qədər gəlib çata bilər. Bu, faktlığında qalır”.

Rusiyanın Moldovadakı problemi həll edə bildiyini deyən Cümşüd Nuriyev qeyd edib ki, Prezident İqor Dodon Putinə boyun əydi:

“Buna görə də növbədə Gürcüstan idi. Ukraynada isə vəziyyət pis gündədir, Vladimir Zelenskinin prezident seçilməsi bu ölkəyə heç nə qazandırmadı. Əksinə, bu seçim daha ciddi problemlər yaradır, bu adam hələ ki, özünü serial aktyoru kimi aparır. Tiflisdəki etirazlara gəlincə, Rusiya Gürcüstanda gedən proseslərdə isə Ermənistan faktorundan istifadə edir. Eyni zamanda, Ermənistanı qızışdırıb Azərbaycanın canına salır ki, bölgədə stabil ada olan Azərbaycan da qarışsın.

Hesab edirəm ki, Rusiya Gürcüstanda udsa, birmənalı olaraq Ermənistanda hakimiyyət dəyişəcək, Kremlin adamı iqtidara gələcək.

Azərbaycanın sərbəst siyasət yürütməsi də Rusiyanın maraqlarını əks etdirmir. Rusiya çalışacaq ki, Azərbaycanı ram etmək məqsədilə Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu qaytarsın. Bundan sonra Azərbaycanın Avrasiya İttifaqı və KTMT-yə üzv olmasını istəyəcək. Yəni, rayonların qaytarılması əvəzində hansısa şərtlər ola bilər”.

ABŞ Prezidenti Donald Trampın qeyri-adekvat hərəkət edən dövlət başçısı olduğunu vurğulayan politoloq hesab edir ki, Qərb bu günə qədər həmişə Azərbaycanın maraqlarını xristian həmrəyliyi prizmasından satıb: “Azərbaycan nə Rusiyaya, nə də ABŞ-a inanır. Çünki bu günədək onların atdıqları addımlar heç vaxt ədaləti dəstəkləməyib. Bu mənada, Rusiyanın Gürcüstanda üstünlüyünü təmin etməsinin bizə də ciddi zərəri dəyə bilər, bizi narahat edən də budur”.









Redaktorun seçimi