"Azərbaycan dünya iqtisadiyyatına ciddi inteqrasiya xətti seçib" - Elman Nəsirov

64 dəfə oxunub
"Azərbaycan dünya iqtisadiyyatına ciddi inteqrasiya xətti seçib" - Elman Nəsirov

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, həm daxili siyasətdə, həm də xarici siyasətdə qazanılan bütün uğurların kökündə dayanan əsas fundamental səbəb Ümummilli Lider Heydər Əliyevin siyasətinə sadiqliklə bağlıdır. Yəni o siyasət ki, Azərbaycanı bütün sahələrdə uğurla, tərəqqi ilə təmin edir. Cənab İlham Əliyev də həmin siyasəti davam etdirir. Məhz bunun sayəsində bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqeləri kifayət qədər güclüdür və dünyada Azərbaycana etibarlı tərəfdaş kimi yanaşırlar". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyada müstəqil siyasət həyata keçirən lider kimi tanınıb və böyük nüfuz sahibi olub: "Müstəqil siyasət həyata keçirmək olduqca çətin, mürəkkəb, lakin şərəfli fəaliyyətdir. Ən asan olan hər hansı bir böyük dövlətin qanadları altına sığınıb öz siyasətini həyata keçirməkdir. Lakin bu siyasət heç bir halda hakimiyyətin mənbəyi olan xalqın milli mənafeyini nəzərə ala bilməz. Prezident İlham Əliyev üçün hər şeydə ümdə olan məhz milli maraqlardır. Elə bu səbəbdən dövlətimizin başçısı İlham Əliyev çətin, lakin şərəfli yolu seçmişdir. Bu yol bizə ulu öndər Heydər Əliyevdən miras qalıb. Məhz bu yolla getdikdə xalq öz taleyinin sahibi olur. Məhz bu yol yeganə düzgün yoldur. Məhz bu yolla Prezident İlham Əliyev Azərbaycanı uca zirvələrə aparır.

Həmin siyasətin nəticəsidir ki, Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına keçirilən seçkilərdə mötəşəm tarixi nailiyyətə imza atdı. Dünyanın 155 dövləti Azərbaycanın mövqeyini müdafiə etdi və Azərbaycan BMT TŞ-nın üzvü seçildi. Ölkəmiz iki dəfə BMT TŞ-ya sədrlik həyata keçirdi. Bunlar Azərbaycanın çox böyük tarixi nailiyyətləridir. Eyni zamanda Azərbaycan Prezidentinin müəyyən etdiyi xarici siyasətin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. Bizim ikitərəfli münasibətlərimiz yüksək səviyyədə olanda təbii ki, üçtərəfli, hətta dördtərəfli bütövlükdə çoxtərəfli münasibətlərimiz də formalaşır və inkişaf edir. Bu ikitərəfli münasibətlər içərisində isə qonşularla münasibətlər (Ermənistan istisna olmaqla) birinci yerdə dayanır. Məhz bu siyasətin sayəsində Bakı-Tbilisi-Ceyhan strateji neft kəməri, Bakı-Tbilisi-Ərzurum strateji qaz kəməri, Bakı-Tbilisi-Qars strateji əhəmiyyətli dəmiryolu xətti işə düşüb. Eyni zamanda məhz bu siyasətin sayəsində şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizləri gerçəkləşib. Təbii ki, bunlar möhtəşəm nailiyyətlərdir. Həmin siyasətin sayəsində bu gün Azərbaycan dünyanın həm enerji, həm də nəqliyyat xəritəsini dəyişir. Biz bu gün Avrasiya məkanında mühüm bir nəqliyyat mərkəzlərindən birinə çevrilmişik. Bununla belə Azərbaycan Avropanın enerji təhlükəsizliyində yeni alternativ enerji mənbəyi kimi çıxış edir. Bu baxından Avropanın meqa layihəsi olan Cənub Qaz Dəhlizi heç şübhəsiz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılır. Təbii ki, bunun sayəsində bizə olan etimad, inam da artıb. 2020-ci ildən etibarən artıq Azərbaycan qazı Avropa bazarına çatdırılacaq ki, bu da təbii ki, Azərbaycanın dünyada həm də bir enerji ölkəsi kimi mövqelərini xeyli gücləndirmiş amildir. Heç şübhəsiz ki, Avropa İttifaqı əsas tərəfdaşlarımızdan biridir.

Azərbaycanal Aİ arasında keçən il “Tərəfdaşlıq Prioritetləri” deyilən sənəd imzalandı. Həmin sənədlə Aİ Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını bir daha tanıyır. İndi isə Aİ ilə strateji tərəfdaşlıqla bağlı saziş üzərində işlər yekunlaşmaq üzrədir. Bundan sonra bizim Aİ ilə münasibətlərimiz yeni mərhələyə daxil olacaq.

Azərbaycanın ABŞ-la çox mühüm strateji tərəfdaşlıq münasibətləri formalaşıb. ABŞ prezidenti Donald Trampın Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanladığı məktublar da bunu bir daha təsdiqləyir. Bu gün Azərbaycan sözün həqiqi mənasında rifah dövlətidir. Yəni insanların sosial rifahı bu ölkədə yüksək səviyyədə təmin olunmaqdadır. Azərbaycan özünəqapanmış dövlət deyil və dünya iqtisadiyyatına çox ciddi inteqrasiya xətti seçmiş və bu sahədə nailiyyətlər qazanmaqdadır”.



Redaktorun seçimi