Prezidentin fərmanı böyük önəm daşıyır - Əflatun Amaşov

Hit: 303
Prezidentin fərmanı böyük önəm daşıyır - Əflatun Amaşov

Dövlət dili ilə bağlı qanunvericilikdə dəyişikliklər labüddür, vacibdir.

Bunu  açıqlamasında millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov deyib.

O qeyd edib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dövlət dili ilə bağlı 30-a yaxın normativ akt, dövlət proqramları qəbul olunub. 

 

Onun sözlərinə görə, məqsəd dövlət dilinin statusunun müəyyənləşməsindən, eyni zamanda, dilin zənginləşməsindən, yad təsirlərdən qorunmasından, düzgün istifadəsinin təmin edilməsindən ibarətdir və hazırda bu sahədə müxtəlif qurumlar fəaliyyət göstərməkdədir:

“Ölkə prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2018-ci il 1 noyabr tarixli fərmanı bu baxımdan böyük önəm daşıyır.

Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılacaq. Ümumən bu sahədə zəngin qanunvericilik bazamız var. Ancaq konkret işlək nəzarət mexanizmi olmalıdır. Yanaşma dəyişilməlidir.

Tutaq ki, kimsə cinayət törədirsə, cinayət məsuliyyətinə cəlb edilir - ya azadlıqdan məhrum edilir, ya cərimələnir, ya da müəyyən islah işlərinə cəlb olunur. Hesab edirəm ki, dil pozuntularına münasibət də məhz belə olmalıdır. Dünyanın bir çox ölkələrində bu praktikadan geniş istifadə edilir. Əslində, qanunvericiliyimiz də buna imkan verir.

Yanaşmanın dəyişilməli olduğunu məhz buna görə deyirəm. Monitorinq mərkəzi olsun, yaxud hansısa digər qurum məhz belə işləməlidir. Belə olarsa, biz ciddi dəyişiklikləri müşahidə edəcəyik”.

Ə.Amaşov xüsusilə reklamlarla bağlı məsələdə vəziyyətin həddindən artıq  bərbad olduğunu deyib.

“Hər birimiz küçələrdə reklam lövhələri və elektron reklam çarxları ilə üzləşirik. Görürük ki, əksər hallarda oradakı mətnlər dövlət dilinin tələblərinə cavab vermir, dildən istifadə qaydaları kobud şəkildə pozulur.

Bəzən onu da görürük ki, xarici dildə olan mətnlər böyük verildiyi halda, dilimizdəki mətnlər kiçik hərflərlə gedir, bəzən heç görünmür. Bu, qanunlarımıza zidd olması ilə yanaşı, əlbəttə dilimizə açıq hörmətsizlikdir. Bununla eyni zamanda ölkəmizə gələn xaricilərdə özümüz barədə mənfi rəy yaratmış oluruq.

Əlbəttə, dil dinamik sahədir. Buna görə qanunvericilikdə dəyişikliklər labüddür. Hətta yeni qanun nə vaxtsa gündəmə gələ bilər. Təkrar edirəm, əsas məsələ qanunların icrasını təmin etməkdir”, - deyə Ə.Amaşov əlavə edib.(oxu.az)









Redaktorun seçimi