Ekspert - Prezident İlham Əliyevin regionlara hər səfəri xalqa xidmətin təzahürüdür

Hit: 387
Ekspert - Prezident İlham Əliyevin regionlara hər səfəri xalqa xidmətin təzahürüdür
Davamlı iqtisadi inkişaf, yüksək rifah dövlət siyasətinin əsasını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarının əsasında bu tezis dayanır ki, həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır. İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi ölkədə yüksək ab-havanı təmin etməklə yanaşı, xalq-iqtidar birliyinin daha da möhkəmlənməsini şərtləndirir".
 
Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
 
V.Rəhimzadə qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə tədbirlər planını təsdiqləməsi, Prezidentin ehtiyat fondundan vəsaitlərin ayrılması və s. kimi mühüm tədbirlər həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardır:
 
“Cənab Prezident İlham Əliyevin bu günlərdə Beyləqan rayonuna səfəri də bu tərkibdəndir. Səfər çərçivəsində bir sıra mühüm sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edən dövlətimizin başçısının ictimaiyyət nümayəndələri ilə görüşündə göstərdiyi səmimiyyət diqqətdən kənarda qala bilməz. Möhtərəm Prezidentimizin rayon ictimaiyyəti ilə mehriban görüşləri, Beyləqan rayon sakini ilə birgə mahnı ifa etməsinin ictimaiyyət tərəfindən necə rəğbətlə, yüksək əhvali-ruhiyyə ilə qarşılandığı sakinlərin fikirlərindən də aydın görünür. Bu səmimiyyət bir daha belə bir reallığa işıq saldı ki, cənab İlham Əliyev hər kəsin Prezidentidir, xalqa xidmət missiyasını yüksək səviyyədə, layiqincə yerinə yetirməklə, daim çıxışlarında qarşıya qoyduğu bu tapşırığın - "Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir" - real həyatda ifadəsidir. Rayon sakinlərinin bildirdiyi kimi, Prezidentin vətəndaşlarla bir yerdə olması, onlara arxalanması, onlarla ünsiyyət yaratması, arzu və təkliflərinə, istəklərinə vaxtında cavab verməsi onları sevindirir. Cənab İlham Əliyevin rayon sakinləri qarşısında "Mən həmişə bu dəstəyə arxalanmışam, mənə güc verən sizin mənə olan inamınızdır" deməsi hakimiyyətin yeganə mənbəyinin xalq olmasının göstəricisidir. Möhtərəm Prezidentimiz Azərbaycanın uğurlarından bəhs edərkən həmişə "insan amili, insan kapitalı" anlayışının mahiyyətini diqqətə çatdırır və bu tapşırığı verir ki, məmurlar xalq üçün işlədiklərini, xalqın xidmətçiləri olduqlarını yaddan çıxarmamalıdırlar”.
 
YAP Siyasi Şurasının üzvü regional inkişaf proqramlarının uğurlu icrasından, dövlət başçısının sərəncamı ilə 2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının təsdiqlənməsinin inkişafın davamlılığına geniş yol açmasından bəhs edib. Bu mühüm məqamı xüsusi vurğulayıb ki, yeni iş yerlərinin açılması yoxsulluğun aradan qaldırılması və məşğulluğun daha da artırılmasına öz müsbət təsirini göstərir. İstifadəyə verilən hər bir obyekt onlarla, yüzlərlə insanın işsizlik probleminin həllini təmin edir. Bu isə öz növbəsində sosial müdafiənin gücləndirilməsi deməkdir.
 
V.Rəhimzadə Prezident İlham Əliyevin bölgələrin potensial imkanlarından səmərəli istifadə etmək məqsədilə təsdiqlədiyi dövlət proqramlarının uğurlu nəticələrinə söykənərək onu da bildirib ki, bu gün paytaxt və bölgələr arasında fərq tamamilə aradan götürülüb: “Hazırda Azərbaycanın hər bir rayonu, kəndi, qəsəbəsi inkişaf, tərəqqi dövrünu yaşayır. Bütün rayonlar arasında sağlam rəqabət gedir. Cənab İlham Əliyevin açıqladığı statistikaya əsasən, ötən il Azərbaycanın bölgələrinə 24 səfər edib. Bu səfərlər zamanı həm işlərə nəzarət etmək üçün imkan yaranır, həm də yerlərdə vətəndaşlarla görüşərək onları narahat edən problemlərin həlli istiqamətində göstərişlər verilir. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanıb. Bu sərəncamlar bölgələrimizdə yüksək nəticələrə yol açıb. İnsanların rahat, yüksək rifah şəraitində yaşaması prioritet məsələlərdəndir”.
 
Ekspert vurğulayıb ki, xalq-iqtidar birliyi, eyni zamanda, vətəndaş amilinə verilən dəyərdən irəli gələrək qarşıya qoyulan tapşırıqların uğurlu icrası cəmiyyətdə yüksək ab-havanın yaranmasını şərtləndirir: “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” vədini ölkə Prezidenti İlham Əliyev atdığı addımlarla, bütün fəaliyyəti ilə təsdiqləyir".








Redaktorun seçimi