İlham Əliyev - Bu il ən azı 30 min ictimai iş yaradılacaq

Hit: 240
İlham Əliyev - Bu il ən azı 30 min ictimai iş yaradılacaq
Beyləqan rayonunun inkişafına daim diqqət göstərilir, bu istiqamətdə işlər görülür, infrastruktur layihələri, sosial layihələr icra edilir. Misal üçün, indi Beyləqan rayonunda qazlaşdırmanın səviyyəsi 97 faizdir. Yaxın zamanlarda bu, 100 faizə çatacaq.
 
Nəzərə alsaq ki, bir neçə il bundan əvvəl qaz təchizatı çox aşağı səviyyədə idi, bu, çox böyük göstəricidir. Bu gün fəaliyyətə başlayacaq yeni yarımstansiya Beyləqan rayonunun elektrik enerjisi ilə təminatını böyük dərəcədə yaxşılaşdıracaq və bu sahədə də heç bir problem olmayacaq.
 
Bunu ölkə prezidenti İlham Əliyev fevralın 13-də Beyləqan Olimpiya İdman Kompleksinin açılışında deyib.
 
“Bu gün biz yeni yolun açılışını qeyd etdik. Gələcəkdə bu istiqamətdə işlər aparılacaq ki, kənd yollarının təmiri, bərpası, tikintisi daha da geniş vüsət alsın. Bu günə qədər bir neçə layihə icra edilmişdir” - deyən İ.Əliyevin sözlərinə görə, bunlar daha da geniş miqyasda icra edilməlidir:
 
“2016-cı ildə Beyləqan şəhərinin içməli su problemi öz həllini tapdı. İndi isə kanalizasiya sisteminin yenidən qurulması, təmizləyici qurğuların quraşdırılması prosesi gedir. Yəni bütün əsas infrastruktur layihələri icra edilir. Sahibkarlığa dəstək göstərilir, güzəştli şərtlərlə kreditlər verilir. Beyləqanda üç aqropark yaradılıb. Vətəndaşlar orada çalışırlar, işləyirlər.
 
Kənd təsərrüfatı müasir səviyyədə inkişaf etdirilir. Mənim göstərişimlə Azərbaycanın rayonlarında ödənişli ictimai işlər yaradılıb. Bu il ən azı 30 min ictimai iş yaradılacaq.
 
Həm Bakıda, böyük şəhərlərdə, bütün rayonlarda, o cümlədən, Beyləqan rayonunda yüzlərlə ödənişli ictimai iş yaradılıb ki, hələlik iş tapa bilməyən vətəndaşlar bu işlərə cəlb olunsunlar və maaş alsınlar”.








Redaktorun seçimi