Ölkələri “sevimli” və “düşmən” qruplarına ayıran “Freedom House”

Hit: 316
Ölkələri “sevimli” və “düşmən” qruplarına ayıran “Freedom House”

Deputatların fikrincə, dövlətimiz üçün “Freedom House”un hazırladığı hesabat və onun Azərbaycanla bağlı hissəsi kağız parçasından başqa bir şey deyil 

Demokratiya və insan haqları ad altında hər zaman ölkələrin daxili işlərinə müdaxilə etməyə cəhd göstərən təşkilatlar növbə ilə Azərbaycanı yenidən hədəfə gətirmək cəhdi göstərirlər. Onların yaydıqları hesabatların hansı metodologiya ilə hazırlanması və məlumat mənbələri məsələsi isə hər zaman "təhlükəsizlik tədbirləri” kimi arxa plana keçirilir. Bu günlərdə özünü "demokratiya carçısı”, "insan haqlarının qoruyucusu” kimi tanıdan, amma əslində ölkələrə qərəzli yanaşan "Freedom House” təşkilatının yaydığı hesabatın timsalında bunun bir daha şahidi oluruq. 

 
Ermənistanda baş verən proseslərin, o cümlədən həbsxanada 44 günlük aclıq aksiyasından sonra ölən Mqer Yeqizaryanla bağlı hadisənin hansı səbəbdən "Freedom House”un hesabatında yer almaması suallar doğurur. Amma cəmi bir günlük aclıq aksiyası keçirən Mehman Hüseynovla bağlı məsələ isə "demokratiyanın boğulması” kimi təqdim edilir. Halbuki Prezident İlham Əliyevin atdığı humanist addımlar göz qabağındadır. Bəs hansı səbəbdən bunlar dilə gətirilmir?        
 
Mövzu ilə bağlı  açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, "Freedom House” təşkilatının hesabatları, xüsusilə Azərbaycanla bağlı hissəsi hər zaman qərəzli, qeyri-obyektiv olması ilə diqqəti cəlb edib: "Bu bir daha onu göstərir ki, belə hesabatlar siyasi sifariş əsasında hazırlanır. Eləcə də bu və ya digər ölkəyə qarşı təzyiq mahiyyəti və məzmunu kəsb edir. Əslində bu, yeni hadisə deyil və biz buna təəccüblənmirik. Biz ona təəccüblənərdik ki, "Freedom House” təşkilatı hesabatında Azərbaycanla bağlı obyektiv olardı və həqiqəti əks etdirərdi. Onda düşünərdik ki, "Freedom House” təşkilatı artıq asılı olduğu daha böyük qüvvələrin siyasi sifarişini yerinə yetirmir. İndiki halda isə Azərbaycan cəmiyyəti çox gözəl dərk edir ki, bütün bunlar hamısı nəticə etibarı ilə Azərbaycana qarşı təzyiq mahiyyəti kəsb edir, qarayaxma kampaniyasının tərkib hissəsidir. Hesab edirəm ki, bu həm də hibrid müharibəsinin bir istiqamətidir. Məqsəd isə Azərbaycan əhalisinə psixoloji baxımdan təsir göstərmək və elə etməkdir ki, ölkəmizdə müəyyən mənada vətəndaş itaətsizliyi yaratsınlar, səfərbər olunmuş cəmiyyəti pozsunlar, sabitliyin əsasını dağıtsınlar. Belə hesabatların məqsədi məhz bundan ibarətdir. Necə obyektivdirlər ki, Ermənistan kimi bir dövlətlə bağlı fərqli yanaşma ortaya qoyurlar, bu ölkəni demokratik dövlət imicində görmək istəyirlər? Axı Ermənistan necə demokratik dövlət ola bilər ki, bu ölkədə 20 il ərzində despotik rejim mövcud imiş və axırda da inqilabla nəticələndi? Son seçkilər də göstərdi ki, vaxtilə beynəlxalq təşkilatların, o cümlədən "Freedom House”un müdafiə etdiyi Ermənistandakı rejimin heç sosial bazası yox imiş, antidemokratik imiş, erməni xalqına zülm edirmiş. Məhz bu təşkilat həmin despotik rejim hakimiyyətdə olanda belə, Ermənistanı demokratik ölkə kimi görürdü, Azərbaycanı isə əksinə. Necə ola bilər ki, Ermənistanda siyasi-ictimai xadim, jurnalist siyasi motivli aclıq aksiyasına başlayır, Ermənistan hakimiyyətinə etiraz edir, 44 gündən sonra ölür, amma nə rəsmi Yerevan, nə də "Freedom House” kimi beynəlxalq təşkilatlar reaksiya vermir? Bu fakt, yəni Ermənistanda partiya sədrinin müavini, jurnalistin aclıq aksiyasının sonu olaraq dünyasını dəyişməsi həmin hesabatda yer almayıb və bununla bağlı Ermənistan hakimiyyətinə qarşı heç bir təzyiq göstərilmir. Amma Mehman Hüseynov bir gün ərzində aclıq aksiyası keçirdi və avropalı diplomatlarla görüşündə məlum oldu ki, o, aksiyanı dayandırıb. Azərbaycan Prezidenti də həmişəki kimi, yenə də humanizm prinsiplərindən çıxış edərək, Mehmanla bağlı məsələni nəzarətə götürdü və müəyyən addımlar atdı. Lakin bunları "Freedom House” görmək istəmir. Heç bu təşkilatın görməyi də bizə lazım deyil”.
 
E.Nəsriovun sözlərinə görə, Azərbaycan xalqı çox gözəl bilir ki, "Freedom House” və onun arxasında dayanan anti-Azərbaycan qüvvələrin niyyəti özləri kimi çirklidir: "Məqsədləri odur ki, Azərbaycanda sabitliyi pozsunlar, ölkədə idarə olunan xaos yaratsınlar. Bütün bu niyyətləri xalqımız çox gözəl bilir və yaxşı dərk edir ki, 90-cı illərin əvvəllərində onların eksperimentləri reallaşırdı və Azərbaycan fəlakət səviyyəsinə gəlib çatmışdı. "Freedom House” və onun arxasında dayanan qüvvələr canfəşanlıqlarına baxmayaraq, istəklərinə çata bilməyəcəklər. Ona görə ki, Azərbaycan müstəqil dövlətdir, Prezident İlham Əliyev "Freedom House” və onu idarə edən qüvvələrin diktəsi ilə deyil, məhz xalqımızın maraqlarından irəli gələn bir siyasət həyata keçirir. Milli maraqlar bizim üçün hər şeyin fövqündə dayanır. Məhz milli maraqları qoruyan siyasət həyata keçirdiyi üçün Prezident İlham Əliyev daha çox onların hədəfindədir. Bunlar özlərini Azərbaycanın dostu kimi təqdim etməyə cəhd edirlər. Onlar istəyirlər ki, inkişafda olan Azərbaycan dövlətinin tərəqqisinin, yüksəlişinin qarşısını alsınlar. Bu mümkün olmayan məsələdir və hesab edirəm ki, bizim üçün "Freedom House”un hazırladığı hesabat və onun Azərbaycanla bağlı hissəsi kağız parçasından başqa bir şey deyil”.


Millət vəkili, politoloq Aydın Mirzəzadə bildirdi ki, "Freedom House” xarici ölkələrdən birinin yerli qeyri-hökumət təşkilatıdır: "Ona heç bir dövlət hansısa bir səlahiyyət verməyib. Amma təşkilatın başqa ölkələrə qiymət vermək, onların daxili işlərinə qarışmaq mərəzinin sərhədi görünmür. O özünü dünya prokuroru, Haaqa məhkəməsi, BMT, AŞ PA və bu kimi beynəlxalq təşkilatlar kimi səlahiyyətə malik olan bir qurum hesab edir və ümumən götürdükdə, onun verdiyi qiymət subyektiv sayıla bilər. Bu təşkilatın gəldiyi nəticələrin hansı metodologiya və hansı mənbələrdən istifadə olunaraq hazırlandığı belə məlum deyil. Bu və ya digər ölkədə gedən proseslərin illərlə nəzərə alınmadığı göz qarşısındadır. "Freedom House”un ayrı-ayrı ölkələri sevimli və nifrət etdiyi ölkələr qrupuna böldüyü də bütün dünyaya məlumdur. Hesab edirəm ki, bu tip təşkilatların verdiyi qiymətləri müzakirə etməyə dəyməz. Onların buna səlahiyyəti yoxdur, ayrı-ayrı ölkələrin daxili işlərinə qarışmaq və onları bir cərgəyə düzməyin özü mənəviyyatdan uzaq məsələdir”.

 
 
A.Mirzəzadə qeyd etdi ki, "Freedom House”un fəaliyyəti nə demokratiya, nə insan haqlarının qorunmasına, nə də dünyada sülhün və bərabərliyin yaranmasına uyğun gəlir: "Bir ölkədə partiya sədrinin müavini, jurnalist 44 günlük aclıqdan sonra həbsxanada dünyasını dəyişir, amma həmin ölkəni demokratik ölkə hesab edirlər. Belə çıxır ki, "Freedom House” üçün demokratiya jurnalistin həbsxanada ölməsidir, yaxud da siyasi müxalifətin fəaliyyətinin məhdudlaşdırılmasıdır. Onlar üçün əsas məsələ maliyyələşdirən mərkəzlərin maraqlarıdır. "Freedom House”un Azərbaycana verdiyi qiymətdən asılı olmayaraq, ölkəmiz özünün müstəqil daxili və xarici siyasətini yeridir, insan haqlarının, demokratiyanın qorunmasını özünün vəzifəsi sayır, iqtisadiyyatını gücləndirir, eləcə də ərazi bütövlüyü məsələsini təmin etmək üçün daima fəaliyyətdədir. Bu baxımdan, hansısa bir xarici qeyri-hökumət təşkilatının Azərbaycanla bağlı nə qiymət verməsi artıq onun vicdanına qalır”.(kaspi.az)








Redaktorun seçimi