Siyasi şərhçi : “Bir neçə xidməti eyni mərkəzdən vətəndaşlara təqdim etmək mümkündürsə, paralel qurumlara nə ehtiyac var?!”

Hit: 517
Siyasi şərhçi : “Bir neçə xidməti eyni mərkəzdən vətəndaşlara təqdim etmək mümkündürsə, paralel qurumlara nə ehtiyac var?!”

“Bəzi dövlət qurumlarında köhnəlmiş idarəçilik sistemi açıq-aşkar hiss olunurdu”

Bu sözləri  siyasi şərhçi Ceyhun Əhmədli Faktor.az-a prezident İlham Əliyevin struktur  islahatlarıyla bağlı açıqlamasında bildirib:

“Əvvəla qeyd edim ki, ölkə başçısı struktur islahatlarının anonsunu Nazirlər Kabinetinin illik iclasında vermişdi. Prezident vurğulamışdı ki, daha çevik, daha yığcam və məqsədyönlü fəaliyyət göstərən qurumlar formalaşdırılmalıdır. Reallıq odur ki, bəzi dövlət qurumlarımızda köhnəlmiş idarəçilik sisteminin mövcudluğu açıq-aşkar hiss olunurdu. Həm paralel səlahiyyətlər həyata keçirən, həm də ümumiyyətlə çox passiv fəaliyyət göstərən, varlığı demək olar, hiss olunmayan dövlət idarələrimiz var. Bu cür qurumların bir hissəsi dünən imzalanmış fərman və sərəncamlarla ləğv olundu, bəziləri birləşdirildi, bir neçəsinin isə ictimai əsaslarla fəaliyyət göstərməsi məqsədəuyğun bilindi”.

“Müsbət dəyişikliklər qısa zamanda hiss olunacaq”

Siyasi şərhçi hesab edir ki, islahatların əsas qayəsi vətəndaşların rahatlığını təmin etməkdir: “Əgər bir neçə xidməti eyni mərkəzdən vətəndaşlara təqdim etmək mümkündürsə, paralel qurumlara nə ehtiyac var axı. Bu cür qurumların olması həm dövlət büdcəsinə əlavə zərər vurur, həm də süründürməçilik halları yaratmaqla vətəndaş narazılığına gətirib çıxarır. Ölkə rəhbərinin də müşavirədə qeyd etdiyi kimi, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib və daha yığcam strukturlarla böyük işlər görə bilərik. Bu baxımdan, ölkənin davamlı inkişafını təmin etmək, sahibkarlıq və biznes subyektləri üçün əlverişli mühiti yaratmaq, həm investorların, həm də vətəndaşların dövlət xidmətlərinə əlçatanlığını yaxşılaşdırmaq üçün bu islahatlara başlamaq zəruri idi. Əminəm ki, qısa zaman çərçivəsində müsbət dəyişiklikləri gündəlik həyatımızda hiss edəcəyik”.

“Atılan addımlar böyük kadr və struktur islahatlarının hələ başlanğıcıdır”

Ceyhun Əhmədli prosesin davamlı, ardıcıl olacağını qeyd edir:

“Nəzərə almaq lazımdır ki, dünən imzalanan qərarlar böyük kadr və struktur islahatlarının hələ başlanğıcıdır. Yaxın perspektivdə bu istiqamətdə daha geniş miqyaslı tədbirlərin şahidi ola bilərik. Yəni proses davamlı və ardıcıl xarakter daşıyacaq.

Dövlət idarəçilik sisteminin dövrün standartlarına uyğunlaşdırılması ölkə rəhbərliyinin hər zaman diqqət mərkəzində olub. Bundan əvvəl dövlət orqanlarının fəaliyyətinin “ASAN Xidmət” indeksi üzrə qiymətləndirilməsi barədə müvafiq fərman imzalanıb. Artıq bu qərarın bəhrəsini görməkdəyik. Dövlət orqanlarınız “ASAN Xidmət” modelinə sürətli inteqrasiyası prosesi gedir. Bu, çox vacib məqamdır. Əgər “ASAN Xidmət”ə 100 faiz əmsalına yaxın vətəndaş məmnunluğu varsa, niyə də başqa qurumlarda olmasın?”

“Növbədənkənar parlament seçkiləri keçirilə bilər”

Siyasi şərhçi növbədənkənar parlament seçkilərinin gözlənilən olduğunu bildirir:

“Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərarın verilməsi ölkə başçısının müstəsna səlahiyyətlərinə daxildir. Ehtimallar var ki, sonrakı prezident və parlament seçkilərinin üst-üstə düşməməsi üçün cari il ərzində növbədənkənar parlament seçkiləri keçirilə bilər. Çünki parlament seçkiləri 2020-ci ildə öz vaxtında keçirilsə, 2025-ci ildə həm parlament, həm də prezident seçkiləri eyni vaxta təsadüf edəcək. Bu barədə millət vəkilləri də fikirlər səsləndiriblər. Yəni ehtimal var.  Lakin bu məsələdə son qərarı ölkə başçısı verəcək”.

Şəfanə Əfqan qızı

 

 









Redaktorun seçimi