Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib

Hit: 407
Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İstanbulda “Türkiyədə yaşayan azərbaycanlılarla görüş: planlar və perspektivlər” mövzusunda görüş keçirilib. 

Görüşdə Türkiyədə yaşayan azərbaycanlılar, Türkiyənin rəsmi şəxsləri, bu ölkənin universitetlərindən məzun olmuş və hazırda təhsil alan azərbaycanlı gənclər, Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri, fəalları, nüfuzlu azərbaycanlı iş adamları, KİV-nin nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və kitablardan ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev 2019-cu və növbəti illər üçün nəzərdə tutulmuş tədbirlərlə bağlı məlumat verib. O, dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyədə yaşayan soydaşlarımızın sosial müdaifəsinin təmin edilməsi, hüquq və azadlıqlarının qorunması, onların yerli cəmiyyətə inteqrasiyasının Dövlət Komitəsinin prioritetlərini təşkil etməklə yanaşı, bu istiqamətdə müasir dövrün çağırışlarına uyğun fəaliyyətinin təşkil edildiyi diqqətə çatdırıb. Azərbaycan və türk diaspor təşkilatlarının fəaliyyətinin vahid konsepsiya əsasında əlaqələndirilməsi və onların təşkilatlanma prosesinin sürətləndirilməsi, beynəlxalq müstəvidə vahid mövqedən çıxış etmələrinin vacibliyi bildirilib. Bu görüşün də soydaşlarımız arasında birlik və həmrəliyin, diaspor təşkilatlarının birgə fəaliyyətinin təmin olunması, Türkiyədə Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə keçirildiyini diqqətə çatdırıb.

Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli 2018-cu ilin yekunları barədə, Dövlət Komitəsi tərəfindən son dövrlər görülmüş işlər, eləcə də, dünya azərbaycanlılarının virtual birliyinə nail olmaq məqsədi ilə İKT vasitəsi ilə icra edilmiş layihələr haqqında danışıb. Eyni zamanda, həyata keçirilmiş digər layihələrlə bağlı videoçarxlar nümayiş etdirilib. 

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin şöbə müdiri Murat Kazancı çıxışında Dövlət Komitəsi ilə təmsil etdiyi qurum arasında qarşlıqlı əməkdaşlıq əlaqələrinin qurulduğunu, iki qurum arasında diaspor siyasətinə dair anlaşma memerandumunun imzalanması xatırladıb. M.Kazancı Türk Şurası ilə əməkdaşlıq çərçivəsində 2019-cu ildə bir çox iri layihələrin icra ediləcəyini bildirib.

Görüşdə Avropa Azərbaycanlıları Konqresinin fəxri sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Başar Kömür və Bilkənt Universitetinin Nanotexnologiya Araşdırma Mərkəzi - NANOTAM-da Baş məsləhətçi, professor, Dövlət mükafatı laureatı Əmrulla Məmmədov diaspor hərakatının inkişaf etdirilməsi üçün müasir dövrün elmi nailiyyətlərinin, İKT imkanlarından geniş istifadə etməyin, ziyalıların, alimlərin bu sahədə fəaliyyət göstərən ekspertlərin cəlb olunmasının və Azərbaycan diasporunu akademik səviyyədə fəaliyyətinin vacibliyini qeyd edib. 

Milliyətçi Hərəkat Partiyasının İğdır Bələdiyyəsinə namizədi, əslən azərbaycanlı İsa Yaşar Təzəl 2019-cu ildə Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində iştirak etdiyini və gələcək ictimai-siyasi fəaliyyətində daim Azərbaycan və Türkiyə münasibətlərini, Türkiyədə yaşayan azərbaycanlıların problemlərini diqqətdə saxlayacağını bildirib.

Daha sonra diaspor təşkilatlarının rəhbərləri və digər iştirakçılar müxtəlif təkliflərlə çıxış ediblər. Təkliflərdən biri də Türkiyədəki diaspor təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi, birgə fəaliyyəin təmin edilməsi məqsədilə Koordinasiya Şurasının yaradılması ilə bağlı olub. Bununla bağlı işçi qrupu yaradılıb və Şuranın fəaliyyətini tənzimləyəcək sənədləşmə işlərinin həyata keçirilməsi qrupa həvalə olunub. Görüş sual-cavab formatında müzakirələrlə yekunlaşıb.









Redaktorun seçimi