İlham Əliyevin böyük uğuru - Brüssel bəyan etdi: “Qarabağ yalnız Azərbaycanın tərkibində ola bilər”

Hit: 419
İlham Əliyevin böyük uğuru - Brüssel bəyan etdi: “Qarabağ yalnız Azərbaycanın tərkibində ola bilər”

Strasburqda Avropa Parlamentinin plenar sessiyasında qurumun xarici əlaqələr komitəsinin hazırladığı “Xarici fəaliyyət və təhlükəsizlik siyasəti” üzrə qətnamə müzakirə edilib.

Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin müəllifi olduğu qətnamədə Avropa İttifaqı və ona üzv olan dövlətlərin regional münaqişələrə ikili standartlarla yanaşmasını qadağan edən maddələr yer alıb. Yeni qətnamə Azərbaycanın maraqlarına tam cavab verir. Qətnamədə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrindəki dondurulmuş münaqişələrə vahid mövqedən yanaşma tələb olunur. Sənəddə digər vacib müddəa qaçqın və məcburi köçkünlərlə bağlıdır. Qətnamə Şərq Tərəfdaşlığı regionundakı münaqişələr zamanı yurd-yuvasından didərgin düşmüş insanlara Avropa İttifaqı tərəfindən yardım edilməsini nəzərdə tutur.

Xarici fəaliyyət və təhlükəsizlik siyasətinə dair yekun qətnamənin müzakirəsi zamanı erməni lobbisinin təsiri altında olan bəzi deputatların cəhdləri nəticəsiz qalıb. Onlar qətnaməyə xalqların öz müqəddəratını təyin etməsi ilə bağlı maddənin daxil edilməsini təklif etsələr də, bu təklif böyük səs çoxluğu ilə rədd edilib. Qeyd edək ki, sözügedən yekun qətnamə Avropa İttifaqının xarici siyasət istiqamətlərini müəyyən edən əsas sənəddir.

Erməni lobbisinin maraqlarına xidmət edən bəzi avropalı deputatların cəhdlərinə baxmayaraq, qətnamə böyük səs çoxluğu ilə təsdiqlənib.

Avropa Parlamentinin yeni bəyannaməsi bu məsələ üzrə erməni tərəfinin hər hansı yeni manipulyasiyalarını qeyri-mümkün edir. Sənəd Avropa İttifaqının öz tərəfdaşlarının suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edir, bütün dondurulmuş münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməsini nəzərdə tutur.

Eyni zamanda, Brüssel ən azı üç yeni siyasi tendensiya nümayiş etdirib.

Birincisi, bu Avropa İttifaqının bütün institutlarının beynəlxalq hüququn prinsiplərinin aliliyinə aşkar yanaşmasıdır. 2017-ci ilin “Şərq tərəfdaşlığı” sammitindən başlayaraq, Aİ-nin bütün institutlarının bütün sənədlərində tərəfdaş ölkələrin suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün dəstəklənməsi Aİ ilə “Şərq tərəfdaşlığı” ölkələri arasında əlaqələrin əsası və münaqişələrin tənzimlənməsinin başlıca prinsipləri kimi tanınır.

Ermənistan hakimiyyətinin “millətlərin öz müqəddəratını həll etmək hüququ”nu Aİ üçün dörd əsas prinsipə bərabərhüquqlu olmasını nümayiş etdirmək cəhdləri Brüsselin birmənalı inkarı ilə qarşılaşıb. Son belə cəhd Avroparlamentin hazırkı bəyannaməsinin müzakirəsi zamanı edilib. Avrodeputat, faşistyönlü “Almaniya üçün alternativ” partiyasının lideri Yorq Moytenin sənədə “millətlərin öz müqəddəratını təyin etməsinə hörmətlə yanaşılması” bəndinin sənədə daxil edilməsi təklifi Ermənistan üçün acınacaqlı nəticə ilə bitib – 522 deputat “əleyhinə” və cəmi 88 erməni təəssübkeşi deputat isə “lehinə” səs verib.

Bu qərar ilk belə presedent olsaydı, həmin siyasi qiyməti Ermənistan hakimiyyətinin müvəqqəti uğursuzluğu kimi qiymətləndirmək olardı. Lakin bir müddəa kifayət qədər uzun müddət ərzində sistemli şəkildə istifadə edilirsə, bu artıq hamı tərəfindən qəbul edilmiş standarta çevrilir ki, münaqişələr bu standartlar əsasında tənzimlənməlidir.

İkincisi, Aİ birmənalı və yekun olaraq ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsi məsələsində tərəfdaşların “bizimkilər”ə və “yadlar”a ayrılması təcrübəsindən əl çəkib. Bu prinsiplərin yalnız Ukrayna, Gürcüstan və Moldova üçün keçərli sayıldığı 2015-ci ilin Riqa sammitinə qayıdış artıq ola bilməz. Aİ-nin münaqişələrə münasibəti tam, vahid və dayanıqlı xarakter daşıyır.

Üçüncüsü, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammitinin bəyannaməsində, Avroparlamentin iki doktrina qüvvəli bəyannaməsi və Azərbaycanla Aİ arasında ikitərəfli sənəddə ifadə olunmuş bu cür aşkar mövqeyi faktiki olaraq erməni lobbi təşkilatlarının Brüsseldəki bir vaxtlar güclü və nəticə verən fəaliyyətini heçə endirib. Bunu erməni mətbuatı da etiraf edir. Belə ki, “1in.am” mediaportalı 17 noyabr tarixli məqaləsində birbaşa olaraq göstərir ki, “Ermənistanın Avropa dostları” (EuFoA) adlanan əsas lobbi təşkilatında ciddi böhran yaşanır. Bu və Aİ-də akkreditasiya olunmuş iki digər erməni lobbi təşkilatının uğurlarının olmamasını maliyyə və kadr çatışmazlığı ilə izah etməyə çalışırlar.

Lobbiçilik fəaliyyətinin əvvəlki metodologiyası artıq işləmir. Son sənədlərdə əksini tapmış müddəalar prezident İlham Əliyevin xarici siyasi strategiyasının mütləq qələbəsidir. Bir vaxtlar rəsmi Yerevanın avropalı marionetlərinin az qala “bütün Avropanı pulla satın almaqda” suçladığı Azərbaycan son bir il ərzində lobbiçilik fəaliyyətinə bir sent belə xərcləmədən özünün milli maraqlarının gerçəkləşdirilməsində keyfiyyətcə yeni səviyyəyə nail olub. Bu isə o vaxt baş verir ki, Karampetyan kimi erməni lobbiçiləri milyonlarla vəsait xərcləsələr də, Brüsseldə hər hansı nəzərə çarpan nailiyyətə sahib ola bilmirlər. Lobbiçilər əvvəllər kifayət qədər uğurlu olduqları meydanlarda belə heç nə əldə etmək iqtidarında deyillər. Misal üçün, nəhəng səylərə baxmayaraq, onlar “Şərq tərəfdaşlığı”nın dekabrın 12-də qəbul etdiyi “2018-ci ildə dünyada insan haqları ilə bağlı” illik bəyannaməsinə Azərbaycanı “azad olmayan” dövlətlərin siyahısına daxil edə bilmədilər. Baxmayaraq ki, bu bəyannamənin əsas məruzəçisi və bəyannamənin layihəsinin müəllifi Avropa Parlamentinin Azərbaycana qarşı ən qatı qərəzli mövqedə olan deputatlarından biri Petras Austreviçus idi.

Xatırladaq ki, Ermənistanla Azərbaycan arasında münaqişənin tənzimlənməsi məsələsi üzrə irqçi anti-Azərbaycan bəyanatlarına görə Litvanın Macarıstandakı səfiri vəzifəsindən geri çağırılmış Renatas Yuska məhz bu deputatın müşaviridir.

Nəhayət, taleyüklü diplomatik mübarizənin uzun zamandan bəri gözlənilən nəticəsi əldə edildi. Brüssel bəyan edir: Qarabağ məsələsinin tənzimlənməsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.









Redaktorun seçimi