Bu, Paşinyanı MƏHV EDƏCƏK - Politoloq detalları AÇDI

143 dəfə oxunub
Bu, Paşinyanı MƏHV EDƏCƏK - Politoloq detalları AÇDI

“Əgər Nikol Paşinyan Qarabağ klanını məhv edə bilməsə, klan Paşinyanı məhv edəcək”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Elman Nəsirli deyib.

9 dekabr tarixində Ermənistanda başa tutacaq parlament seçkiləri haqqında danışan siyasi şərhçi bildirib ki, seçkiqabağı kampaniyaların əsas oyuncağı Dağlıq Qarabağ problemidir:

“Parlament seçkilərinin tarixi yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik pik nöqtəsinə çatmaqdadır. Seçkilərin sürprizli olacağı haqqında hakimiyyətdə olmuş Respublika Partiyasının təmsilçiləri artıq bəyanatlar verməyə başlayıb. Tez-tez xatırladırlar ki, 9 dekabr parlament seçkiləri Ermənistan tarixinə, yaddaşına sürprizlərlə həkk olacaq. Hansı sürprizlərin olacağının adı çəkilmir. Amma hər halda, seçkilərin mürəkkəb keçəcəyinə eyham vururlar.

Təəssüf ki, seçkilərdən öncə təbliğat və təşviqat kampaniyalarında Dağlıq Qarabağ münaqişəsi prioritet kimi götürülüb. Respublika Partiyasının hətta seçkiqabağı şüarına diqqət yetirsək, bu əminlik bizdə hasil olacaq. Onların şüarı belədir ki, kimlər Dağlıq Qarabağın gələcəyindən narahatdırlar, onlar Ermənistanın parlament seçkilərində Respublika Partiyasına səs versinlər. Bu kontekstdə artıq Paşinyanın qüvvələri ilə Qarabağ klanı arasındakı münaqişə diqqət çəkməkdədir. İş o yerə gəlib çatıb ki, Paşinyan burada Bako Saakyanı mühakimə edir. Ki, o, öz əzhabələrini yığışdırsın və onlar gedib öz işləri ilə məşğul olsunlar. Seçkilərə müdaxilə etməsinlər. Paşinyan deyir ki, seçkilərdən sonra onun Bako Saakyanla ciddi danışıqları olacaq”.

Elman Nəsirlinin sözlərinə görə, Paşinyanda belə bir inam hasil olub ki, Dağlıq Qarabağdakı separatçı rejim onu deyil, müxtəlif üsullardan istifadə etməklə Respublika Partiyasını müdafiə edir və Paşinyanın qalib gəlməsinin əleyhinə fəaliyyət göstərir:

“Artıq heç kimə sirr deyil ki, Nikol Paşinyan Dağlıq Qarabağ klanını tamamilə zərərsizləşdirmək yolunu seçib. Əgər o, klanı zərərsizləşdirə bilməsə, klan Paşinyanı zərərsizləşdirəcək. Bu ehtimallar kifayət qədər real dəyərləndirilir. Hətta bu vəziyyəti xarakterizə etmək üçün qəribə misallar da söyləyirlər. Məsələn, deyirlər ki, eyni bankada iki hörümçək yerləşə bilməz. Onların biri digərini mütləq məhv edəcək. Bu gün Ermənistamda seçkiqabağı vəziyyət də məhz buna bənzəyir. Əgər Paşinyan Dağlıq Qarabağ klanını məhv edə bilsə, siyasi oyundan çıxarsa və onları ağ bayraq qaldırmağa məcbur edə bilsə, bu artıq Paşinyanın ikinci inqilabı olacaq. Bu inqilab, doğrudan da, başlansa, artıq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv siyasət həyata keçirməsi üçün Paşinyana münbit şərait yarana bilər. Paşinyan daha ağıllı və müstəqil şəkildə addımlar ata bilər. Çox gözəl də dərk edə bilər ki, əslində Ermənistandakı bütün bəlaların kökündə Dağlıq Qarabağ münaqişəsi, ölkənin işğalçılıq siyasəti durur.

Hesab edirəm ki, parlament seçkilərində Paşinyanın tərəfdarlarının qalib gəlməsi ehtimalı kifayət qədər böyükdür. Həmçinin, Paşinyanın baş nazir seçilməsinin də. Bundan sonra isə Ermənistanın tarixində yeni mərhələ başlayacaq və bu mərhələdə Dağlıq Qarabağ klanının ölkənin siyasi proseslərindən tamamilə uzaqlaşdırılması məsələsinin əsası qoyulacaq. Bütövlükdə regionda sabitliyin, təhlükəsizliyin formalaaşması üçün müsbət rol oynanacaq”.



Redaktorun seçimi