Naxçıvanda Böyük Turan layihəsi müzakirə edilir

Hit: 1162
Naxçıvanda Böyük Turan layihəsi müzakirə edilir

"Fəaliyyətimiz Türk Şurası platformasının memarlarından olan cənab prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xəttə əsaslanır". 

Modern.az xəbər verir ki, bunu Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud bildirib. 

Noyabrın 26-da Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu işinə başlayacaq. Məlum olduğu kimi Türk Şurası 2009-cu ilin oktyabrın 3-də Naxçıvanda yaradılan, Türk ölkələrini birləşdirən beynəlxalq təşkilatdır. Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinə xüsusi önəm verən, ortaq dil, mədəniyyət və tarixə malik dövlətlərlə münasibətlərin inkişafı və resurların ümumi milli məqsədlər ətrafında səfərbər olunması istiqamətində ardıcıl və prinsipal fəaliyyət göstərən ölkədir. Bakı həm də, Türk Konseyinin üç mərkəzindən (İstanbul, Bakı və Astana) biridir. 

Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu çərçivəsində gələcək planlar müzakirə ediləcək və platformanın birgə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi ilə bağlı qərarlar qəbul olunacaq. Forum çərçivəsində Naxçıvanın tarixi-mədəni abidələri, turizm obyektlərinə ekskursiyalar da təşkil ediləcək. Həmçinin, bir sıra mədəniyyət və idman tədbirlərinin keçirilməsi də nəzərdə tutulub. 



“Cənab prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 11 sentyabr 2015-ci ildə Qazağıstanda keçirilən V Sammitindəki çıxışında vurğuladığı tezislər hesab edirəm ki, Türk Dünyası gənclərinə verilmiş çox önəmli mesajdır. Ölkə başçısı çıxışında qeyd etmişdi ki, "Bizim əsas birləşdirici amilimiz birliyimizdir, etnik köklərdir, ortaq tarixdir, mədəniyyətdir. Budur bu gün bizi birlikdə gücləndirən amillər. Əminəm ki, gələcək nəsillər də bu amallarla yaşayacaq və bizim birliyimiz daimi olacaqdır". Əlbəttə ki, Türk dünyasının birliyi istiqamətində çalışan Azərbaycan gəncləri olaraq fəaliyyətimiz Turan coğrafiyasının vahid güc kimi formalaşması üçün Türk Şurası platformasının və bu çərçivədə atılan mühüm addımların memarlarından olan cənab prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xəttə əsaslanır. Ortaq gələcəyi birlikdə qurmaq, tarixi, mədəni dəyərlərə söykənərək bütün sahələrdə həmrəyliyi daha da gücləndirmək baxımından bu Forum mühüm əhəmiyyətə malikdir”,-Elməddin Behbud bildirib.

 








Redaktorun seçimi