ABŞ Cənubi Qafqaz uğrunda savaşa başlayır - Regionu nə gözləyir - MÜSAHİBƏ - VİDEO

Hit: 3018
ABŞ Cənubi Qafqaz uğrunda savaşa başlayır - Regionu nə gözləyir -  MÜSAHİBƏ - VİDEO

Regionumuzda yeni siyasi reallıqlar yaranmağa başlayıb. Faktor.az bildirir ki, Cənubi Qafqaz növbəti dəfə dünya güclərinin diqqət mərkəzinə düşüb və müəyyən detallar aktuallaşmaqdadır.

Faktor.az bu suallarla bağlı politoloq Nəzakət Məmmədovaya müraciət edib:

- Bu il Cənubi Qafqaz sanki beynəlxalq güclərin hesablaşmaq istədiyi daha bir bölgə rolunu oynamağa başlayıb. Hadisələr necə başladı?

- Cənubi Qafqazda beynəlxalq güclərin qarşıdurmasını biz bu il daha açıq şəkildə müşahidə etdik. Buna səbəb Ermənistanda inqilab və ya çevriliş deyilən Paşinyanın hakimiyyətə gətirilməsi prosesi oldu. Paşinyanın hakimiyyətə gətirilməsi, Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması üçün erməni diasporu, ABŞ və Fransadakı ermənilərin bu ölkələrin bir sıra güc mərkəzləri ilə sövdələşdiyi ehtimal olunur. Həm diaspora, həm də ABŞ və Fransada bəzi dairələr Sarkisyan rejiminin Rusiyanın əlaltısı olduğu üçün Ermənistanı tənəzzülə doğru apardığını, Qərbə inteqrasiyasının qarşısını aldığını, eyni zamanda Qərbin Cənubi Qafqazda möhkəmlənməsinə mane olduğunu düşünürdü. Hadisələrin məhz bu ilə təsadüf etməsinin də Ermənistanda baş verən daxili səbəblər, habelə ABŞ-ın Yaxın Şərq və Cənubi Qafqaz planları ilə bağlı olduğunu qeyd etmək olar.

- Paşinyan faktoru qərbə hansı rıçaq imkanı yaradır?

- Belə ki, Ermənistanda prezidentlik müddətini başa çatdıran Sarkisyan rejimi bu dəfə hakimiyyəti əlindən verməmək əsas səlahiyyətləri baş nazir postuna ötürməklə bu vəzifəni tutmaq üçün konstitusiya islahatları keçirdi. Lakin bu, Rusiyanın Ermənistanda hakimiyyətinin uzanması demək idi və ABŞ buna imkan verə bilməzdi. Digər tərəfdən demək olar Paşinyanın hakimiyyətə gəlməsi ilə eyni günlərə təsadüf edən ABŞ-ın İranla nüvə sazişindən çıxmasından sonra İrana şimaldan nəzarət ediləcək bir zona lazım idi ki, bu da Ermənistan ərazisi ola bilərdi. Habelə, Türkiyə ilə münasibətləri kəskinləşən ABŞ Ermənistanı ələ keçirməklə onun Orta Şərq planlarına mane olan 3 dövlətlə - İran, Rusiya, Türkiyənin arasında yerləşən bu forpost ölkə ərazisindən Orta Şərq, Kiçik Asiya, Cənubi Qafqaz, Rusiyanın cənub sərhədlərinə nəzarəti ələ keçirdi.

- ABŞ-a Qarabağ niyə lazımdır?

- Belə bir şəraitdə Rusiyanı Ermənistan üzərində təsir və təzyiq vasitələrindən məhrum etmək lazımdır ki, bunlardan da əsası Rusiya imperiyasının regionda yaratdığı münaqişə ocaqlarıdır. Qarabağ kartını Rusiyanın əlindən almağa çalışan ABŞ bu münaqişəni istədiyi kimi həll etməklə bir sıra üstünlük əldə etmiş olur: dünyada və region ölkələri arasında sülhpərvər missiyanı uğurla hryata keçirən dövlət imici formalaşır. Bunu biz Balkanlarda Deyton sazişində müşahidə etdik. Rusiyanı Balkanlardan sıxışdırıb çıxaran ABŞ orada münaqişəni öz planı üzrə həll etdi. Kosovoda müstəqil dövlət yaradan ABŞ müsəlmanların himayəçisi obrazı yaratmağı bacardı.

- Bəs, ABŞ-ın regiona nəzərən yürütdüyü siyasətin kəskin dəyişməsini nə ilə izah etmək olar?

- Eynilə, son dövrlərdə Orta Şərq planları iflasa uğrayan ABŞ Suriyada, İraqda münaqişəni qızışdırmaqda, İŞİD kimi terror təşkilatlarını yaratmaqda və maliyyələşdirməkdə ittiham olunur. ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması, bu hadisəyə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, habelə ayrı-ayrı müsəlman ölkələrin kəskin reaksiyası, məsələnin BMT-də müzakirəsi və Amerikanın siyasətinin qınanması onun islam aləmindəki nüfuzuna ciddi zərbə vurub. Lakin Qüdsün İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin ora köçürülməsi, Suriyada və İraqda kürd dövlətinin yaradılması, "ərəb NATO"su deyilən sünni ordusunun Səudiyyənin başçılığı ilə formalaşması, onun İran və Türkiyəyə qarşı vuruşmağa hazırlanması və s. Yeni dünya nizamı planlarının bir hissəsidir və ABŞ üçün həyati əhəmiyyət daşıyır. Belə bir şəraitdə Cənubi Qafqaz ABŞ üçün onun Orta Şərq planlarına mane olan 3 dövlətə - İran, Rusiya və Türkiyəyə ikinci cəbhə açmaq üçün əlverişli geosiyasi plasdarmdır. Məhz buradan, Ermənistsn ərazisindən, çünki Azərbaycan buna imkan vermir, ABŞ bu ölkələrə qarşı təzyiq göstərmək üçün manevr edib onları Orta Şərqdə, Şərqi Avropada güzəştlərə məcbur edə bilər.

- Azərbaycan ABŞ baxışının hansı bucağında yer alır?

- Qarabağ məsələsinin həllində ABŞ-ın fəallığı, strateji tərəfdaş hesab etdiyi Azərbaycanın maraqlarının nəzərə alınması onun islam aləmində itirdiyi nüfuzunu bərpa etməyə kömək edər, sülh tərəfdarı olan demokratik ölkə obrazını formalaşdırar. Bununla Rusiyanın bölgəyə təsir imkanları azalar, siyasi, hərbi təzyiqləri xeyli zəifləyər. Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılması, Rusiyanın Ermənistana və Azərbaycana silah satışı kimi amillər aradan qalxar. Zatən Bolton bunu regiona səfəri zamanı açıq şəkildə vurğulamışdı. Bütün bunlar regionda yeni energetik və geopolitik konfiqurasiya formalaşdıra bilər. Bununla ABŞ Rusiyanı həm də Avropada enerji bazarında sıxışdıra, Türkmənistan qazının Transxəzər qaz kəməri çəkilməklə TANAP-a qoşulmasına şərait yaratmaqla Avropanın enerji bazarında "Qazprom"un monopoliyasını aradsn qaldıra bilər.  Gürcüstanda olan seçkilər də ABŞ və Rusiyanın region uğrunda mübarizəsinin şiddətləndiyini göstərdi. Odur ki, biz regionda yaxın zamanlarda böyük dəyişikliklərin şahidi ola bilərik.

Faktor.az









Redaktorun seçimi