Ramin Quluzadə “ROSATOM”un rəhbərliyi ilə görüşdü

36 dəfə oxunub
Ramin Quluzadə “ROSATOM”un rəhbərliyi ilə görüşdü

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdədir. Səfər çərçivəsində nazir Moskva şəhərində "ROSATOM" Dövlət Korporasiyasının rəhbərliyi ilə görüşüb.

Nazirlikdən  verilən məlumata görə, görüş zamanı respublikamızda nüvə elmləri, bu sahədə maddi-texniki bazaların yaxşılaşdırılması və yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi müzakirə olunub.

R.Quluzadə Azərbaycanda 2014-cü ildən etibarən nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə istifadəsi, həmçinin nüvə texnologiyaları sahəsində yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi və tədqiqatların genişləndirilməsi istiqamətində “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin fəaliyyət göstərdiyini bildirib.

O, hazırda ölkəmizdə yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasına və tədqiqatların genişləndirilməsinə xüsusi diqqət ayrıldığını, aparıcı ali təhsil müəssisələrində bu sahə üzrə kadrların hazırlanmasına başlanıldığını qeyd edib.

Nazir Müstəqil Dövlətlər Birliyinin Atom Enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə dövlətlərarası komissiyada Azərbaycan Respublikasının da təmsil olunduğunu xatırladıb.
Eyni zamanda nazir bildirib ki, bu gün milli kadrlar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi, Avropa Nüvə Tədqiqatları Mərkəzi və digər beynəlxalq elmi mərkəzlər tərəfindən həyata keçirilən qlobal elmi-texniki proqramlar üzrə təcrübə mübadiləsi aparır və birgə tədqiqatlarda iştirak edir.

Görüşdə inkişaf etmiş nüvə ölkələrinin təcrübələrinin öyrənilməsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məlumat üçün bildirək ki, “ROSATOM” Rusiya Federasiyasının atom energetikası, Atom Elektrik stansiyalarının tikintisi, layihələndirmə, həmçinin müxtəlif innovativ nüvə məhsulları, superkompüterlərin istehsalı, eləcə də, proqram təminatı sahəsində elmi araşdırmalar üzrə ən nəhəng qurumudur. Korporasiya 2017-ci ilin yekunlarına üzrə, uran ehtiyatlarına görə dünyada 2-ci yeri, hasilatın həcminə görə isə 4-cü yeri tutur. Dünyada nüvə yanacağı bazarının 17%-ni təmin edir.



Redaktorun seçimi