İrəvan şokda: Qırıcı yoxdur, Bakı hücum etsə... – Rusiya mesajı

Hit: 213
İrəvan şokda: Qırıcı yoxdur, Bakı hücum etsə... – Rusiya mesajı

Ermənistanın qırıcı təyyarələr alması kifayət qədər problemlidir.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Su-34 bombardmançılarını çıxmaq şərtilə Ermənistanın ümumiyyətlə qırıcı təyyarələrinin olmadığını deyib:

“Adətən hava döyüşlərinin effekti də məhz qırıcılardan asılı olur. Çünki döyüş zamanı qırıcılar öndə gedərək bombardmançı təyyarələri qoruyur. Ermənistanda isə bu tandem yoxdur və olması da kifayət qədər problemli görünür. Çünki müasir qırıcı təyyarələr olduqca bahadır. Müəyyən qədər işlənən dördüncü nəsil qırıcı təyyarələrinin qiyməti 25-30 milyon, beşinci nəsil isə 50 milyon dollardır. Bu səbəbdən də Ermənistan qırıcı təyyarələr almaq üçün Rusiyadan kredit istəyir. Moskva İrəvana 100 milyon dollar kredit ayırsa da, bu vəsaitlə qırıcı təyyarələr almaq mümkün deyil. Düzdür, Ermənistanın Erebuni ərazisində Rusiyanın 50-yə yaxın MiQ-31 tipli təyyarələri var, ancaq onlar Rusiyaya məxsusdur. Hətta erməni-rus birləşmiş qoşunları da bu qırıcıların xidmətindən istifadə edə bilməz. Bu, yalnız Putinin rəsmi göstərişi ilə mümkündür. Bu səbəbdən də Ermənistan çox ciddi panikadadır. İrəvan yaxşı bilir ki, Azərbaycan havada ciddi üstünlüyə malikdir. Bu üstünlük həm PUA, həm də qırıcı və bombardmançı təyyarələrin sayı və keyfiyyəti ilə ölçülür. Odur ki, müharibə başlasa, hava-döyüş əməliyyatları ön plana keçə bilər”.

Politoloq qeyd edib ki, Ermənistan Azərbaycan Ordusunun hücumlarına tab gətirəcək gücündə deyil:

“Ermənistan sülhə razı olmadığından və radikal çağırışlar irəli sürdüyündən danışıqlar prosesində heç bir irəliləyiş yoxdur. Bunu İrəvan da yaxşı bilir. Bu səbəbdən də Ermənistan döyüş texnikasını təkmilləşdirməyə çalışır. Belə olan halda Rusiya sözügedən təyyarələri ya Ermənistana pulsuz verməli, ya da satmalıdır. Birinci mümkünsüz olduğundan İrəvanın yeganə ümidi yalnız ikinciyədir. Bir müddət öncə Fransaya yola düşən qondarma rejimin başçısı Saakyanın da əsas məqsədi erməni diasporunun varlı nümayəndələrindən pul qoparmaq idi. Bunun da baş tutması şübhəlidir, çünki bu qədər böyük məbləğdə ianə toplamaq asan deyil”.

Politoloq bunu çox yaxşı başa düşən İrəvanın çarəsizlikdən gah Rusiya, gah da ABŞ-a yalvardığını bildirib:

“Ermənilər Rusiya kimi ABŞ-ın da Ermənistana silah bağışlamasını arzulayırlar. Bu, çox səfeh və erməni xislətinə xas olan bir yalvarış tərzidir. Bu gün heç bir ölkə Ermənistana o qədər böyük məbləğdə silah verməz. Üstəlik, ABŞ-ın Ermənistana silah satması da kifayət qədər problemlidir. Buna görə də Ermənistan ciddi dilemma qarşısındadır. Belə ki, Ermənistan dekabrda seçkilər başa çatdıqdan sülh danışıqlarına start verməlidir. Əks təqdirdə Azərbaycan Ordusu hərbi əməliyyatları Dağlıq Qarabağda başa çatdıracaq. Fikir verirsinizsə, əksər rus dairələri də bildirirlər ki, müharibə Azərbaycanın işğal edilmiş ərazilərindən və Dağlıq Qarabağdan kənara çıxmayacağı təqdirdə Rusiya neytral qalacaq. İrəvanın da bu mesaj qarşılığında təşvişə düşməsi təbiidir”.









Redaktorun seçimi