Bu, Ermənistanı acınacaqlı vəziyyətə salacaq

Hit: 1163
Bu, Ermənistanı acınacaqlı vəziyyətə salacaq

“Dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyasını üzərinə götürən Beynəlxalq Frankofoniya Təşkilatının sammitinin Ermənistanda keçirilməsi qərarı cəfəng və olduqca gülünc görünür”.

Publika.az açıqlamasında bu fikirləri siyasi elmlər namizədi, politoloq Elşad Mirbəşiroğlu oktyabrın 11-12-də Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) İrəvanda sammit keçirməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, sammitin digər dövlətin 20 faiz ərazisini otuz ilə yaxın işğal altında saxlayan, Xocalı qətliamını törədən Ermənistanda keçirilməsinin arxasında “sülh və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyası”ndan kənar digər məqsədlərin olması şübhə doğurmur:

“Bu gün Ermənistandakı bütün siyasi prosesin əsas qayəsini Nikol Paşinyanın hakimiyyətdəki mövqelərinin möhkəmləndirilməsi təşkil edir. Beynəlxalq Frankofoniya Təşkilatının sammitinin Ermənistanda keçirilməsi üçün heç bir əsas yoxdur. Fransada çoxsaylı erməninin yaşamasına baxmayaraq, Ermənistanda fransız dili yox dərəcəsindədir. Ermənistan ümumiyyətlə, təşkilatın fəaliyyət və mövcudluq prinsipləri ilə heç cür uzlaşmayan dövlətdir. Ermənistan separatizmi, terrorizmi və işğal siyasətini dəstəkləyən dövlət olmaqla, təbii ki, Beynəlxalq Frankofoniya Təşkilatının kriteriyalarına nəinki uyğundur, ümumiyyətlə, heç yaxın gəlmir. Deməli, burada başqa məqsəd var. Bu, ondan ibarətdir ki, növbədənkənar parlament seçkilərində Paşinyanın qələbəsi təmin olunsun. Bu tədbirin işğalçı ölkədə keçirilməsi bir daha ona işarə edir ki, Paşinyan heç də xalq rəğbəti sayəsində hakimiyyətə gəlməyib, o, kənar güclərin təsiri və dəstəyi ilə hakimiyyətə gəlib. Əsas məqsəd ondan ibarətdir ki, Paşinyanın hakimiyyəti dövründə Qərb dövlətləri bu ölkədə öz mövqelərini gücləndirsinlər. Hesab edirəm ki, Ermənistan Cənubi Qafqazda Rusiyaya qarşı açılacaq cəbhənin mühüm elementini təşkil edəcək. Burada erməni xalqının mənafeyindən, sosial vəziyyətinin düzəldilməsindən, ümumiyyətlə, Ermənistanın dövlət maraqlarının təmin olunmasından söhbət gedə bilməz. Ermənistan sadəcə olaraq, Qərbin alətinə çevrilməkdədir. Təbii ki, bu, Ermənistan üçün komfortlu bir vəziyyət yaratmayacaq. Nəzərə alaq ki, postsovet ölkələri içində Rusiyanın ən ciddi dayağı məhz Ermənistan idi. Təssəvvür edin ki, Ermənistan kimi bir dövlət Rusiyaya qarşı fitnəyə məcbur ediləcək. Bu, Ermənistanı acınacaqlı vəziyyətə salacaq. Paşinyan kənardan idarə olunacaq, Bu tədbirin keçirilməsi də məhz buna bir işarədir”.

 

Təşkilatın baş katibi Mişel Janın saamitin keçirildiyi gün bu təşkilatın ölü halda olduğu barəsində rəsmi twitter hesabından açıqlama verməsinə toxunan politoloq qeyd edib ki, bəyanatın böyük həqiqət payı var:

“Bildiyimiz kimi, təşkilatın rəhbərliyində ziddiyyətli məqamlar çoxdur. Son zamanlar Kanadanın baş naziri Justin Tridö ilə Fransa prezidenti Emmanuel Makron arasındakı ziddiyyətlər, ambisiyalarının toqquşması onu göstərir ki, təşkilatda ciddi strukturlaşma və fəaliyyət prinsipləri mövcud deyil. Təşkilat səmərəsiz bir təşkilatdır. Təsəvvür edin ki, təşkilatın heç bir kriteriyasına uyğun gəlməyən Ermənistanda sammit keçirilir. Bu nədən xəbər verir? Bu ondan xəbər verir ki, təşkilat Qərbin ayrı-ayrı dairələrinin marginal maraqlarına xidmət edir. Yəni onun qlobal bir missiyası yoxdur, ümumi qəbul olunan prinsipləri mövcud deyil. Bu baxımdan da hesab edirəm ki, təşkilat formal, zaman-zaman öz mövcudluğunu göstərən, məsələn, Paşinyana siyasi dividend qazandırmaq kimi cılız missiyalar yerinə yetirən təşklatdır”.









Redaktorun seçimi