“Mərkəzi Asiya ölkələrinin Parlament Assambleyası yaradılsın” - Azay Quliyev Bişkekdə təklif verdi

331 dəfə oxunub
“Mərkəzi Asiya ölkələrinin Parlament Assambleyası yaradılsın” - Azay Quliyev Bişkekdə təklif verdi

“Mərkəzi Asiya ölkələrinin Parlament Assambleyası yaradılsın” - Azay Quliyev Bişkekdə təklif verdi

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Mərkəzi Asiya ölkələrinin Parlament Assambleyasının yaradılması təklifiylə çıxış edib.

Cebhe.info xəbər verir ki,  Bişkekdə keçirilən 17-ci payız sessiyası çərçivəsində “Mərkəzi Asiya və ondan kənarda təhlükəsizlik sahəsində qarşılıqlı dialoq” mövzusunda konfrans təşkil olunub. 

Qurumun vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev deyib ki, payız sessiyası region və bütövlükdə ATƏT-in əhatə etdiyi ərazi üçün mühüm olan məsələlərə həsr olunub:

“Bu günkü müzakirələr ortaq tarixə, coğrafi xüsusiyyətlərə və mədəniyyətə malik olan Mərkəzi Asiya dövlətləri arasında dialoqun gücləndirilməsi və etimadın möhkəmləndirilməsi prosesinə töhfə verir. Eləcə də regional əməkdaşlığın tam gücü ilə inkişaf etməsinə dəstək göstərmək üçün parlamentarilərə mövcud mexanizmlərdən yararlanmağa imkan yaradır”. 

Son 4 həftə ərzində Mərkəzi Asiya regionuna ikinci səfərinin olduğunu qeyd edən Azay Quliyev sentyabrın 12-də Özbəkistanın paytaxtı Daşkənddə BMT-nin Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin təşkil etdiyi preventiv diplomatiyada parlamentlərin rolu ilə bağlı seminarda Assambleyanın prezidenti cənab Tseretelinin adından ATƏT PA-nı təmsil etdiyini deyib. Həmçinin, parlamentarilərin regional əməkdaşlıq və etimadın möhkəmləndirilməsi proseslərində daha da yaxından iştirak etmələri ilə bağlı razılığa gəlinib. Azay Quliyev bildirib ki, ATƏT Parlament Assambleyası müxtəlif fəaliyyət sahələrində dialoqun dərinləşdirilməsi üçün unikal çoxölçülü platformadır. ATƏT PA təhlükəsizlik və əməkdaşlıq sahələrini əhatə edən, üzv ölkələrdə və əhatə etdiyi dövlətlərdən kənarda regional inteqrasiya prosesinə dəstək vermək, təhlükəsizliyi və qarşılıqlı etimadı gücləndirmək üçün müxtəlif vasitələr və mexanizmlər təklif edən təşkilatdır. Azay Quliyevin sözlərinə görə bu qurumda iştirakını tam şəkildə bərpa etmək barədə qərar qəbul edən Özbəkistan parlamentinin siyasi iradəsini yüksək qiymətləndirir. Bu addım tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi üçün yeni imkanlar yaradır. O, Mərkəzi Asiya ölkələrinin sərhədlərində mövcud olan problemlər, təhdidləri aradan qaldırmaq və onlara qarşı mübarizə yolları axtarmağın vacibliyini də bildirib:

“Çıxışımda sərhədlərdəki problemlərin detallarına enmək istəməsəm də, məlumdur ki, bu problemlərin arasında ən çox narahatlıq doğuranları narkotik və silah alveri, qeyri-qanuni miqrasiya, dini ekstremizm və terrorizmin yayılmasıdır. Bunlar yalnız Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütün ATƏT regionunda sülh və təhlükəsizliyə birbaşa təhdiddir. Bu səbəbdən də, bütün bu məsələlərin qarşılıqlı əməkdaşlıq şəraitində və vaxtında həlli ümumi maraq obyekti olmalıdır. Hər birimizin səylərimizi birləşdirdiyi təqdirdə böyük nəticələr əldə edə bilərik”. 

ATƏT PA-nın vitse-prezidenti parlamentarilərin diqqətini Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasına da çəkib: 

“Uğurlu nümunələrdən biri də Qazaxıstanda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasıdır. Bildiyiniz kimi, Azərbaycan Respublikası və Rusiya Federasiyası da daxil olmaqla, sənədi imzalayan 5 Xəzəryanı dövlətdən 2-si (Qazaxıstan və Türkmənistan) Mərkəzi Asiya ölkəsidir. Bu saziş Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ətrafında 25 il müddətinə uzanan mübahisələrə son qoydu. Həqiqətən də, bu hadisə qarşılıqlı inam və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün yeni üfüqlar açır. Ümid edirəm ki, bütün Mərkəzi Asiya ölkələri aralarında olan anlaşılmazlıqların və mübahisələrin həllində bu nümunədən xoşməramlı mühitin yaradılması üçün istifadə edəcəklər”. 

O, bildirib ki, Assambleya üzvləri buraya mövcud olan problemlərin effektiv həllində parlamentarilərin rolunu müzakirə etməyə, eləcə də dialoqun və əməkdaşlığın möhkəmlənməsi üçün bütün potensialdan istifadə etməyə yardım edəcək mövcud alətləri müəyyən etmək üçün toplaşıb. Vurğulayıb ki, Mərkəzi Asiya ölkələri üçün regional parlamentlərarası dialoq və əməkdaşlıq üçün yeni bir platformanın yaradılmasına ehtiyac duyulur:

“Bu zərurəti nəzərə alaraq Mərkəzi Asiya ölkələrinin Parlament Assambleyasının yaradılması təklifini irəli sürmək istərdim. Belə bir platforma regional əməkdaşlığı əhəmiyyətli dərəcədə möhkəmləndirəcək, eləcə də istənilən potensial problemin vaxtında qarşısının alınması və ən önəmlisi də, qarşılıqlı maraq və anlaşma əsasında mövcud problemlərin həll edilməsi istiqamətlərində parlament diplomatiyası üçün birləşdirici amil olacaq. Hesab edirəm ki, prezident Tsereteli və Assambleyamızın bütün dəyərli üzvləri mənimlə razılaşacaq ki, ATƏT Parlament Assambleyası belə bir ideyanın həyata keçirilməsində dəstək verə və Parlament Assambleyasının işinə lazımi köməklik göstərə bilər”. 

Azay Quliyev ATƏT Parlament Assambleyasının regionda fəaliyyətini intensivləşdirməsi və digər tərəfdaşlarla, xüsusən də BMT-nin Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzi ilə əməkdaşlığı genişləndirməsinin vacibliyini də vurğulayıb. Vitse-prezident ATƏT PA-nın Əfqanıstanın regional proseslərdə daha yaxından iştirakına dəstək göstərmək üçün BMT ilə birlikdə Mərkəzi Asiya regionunda təhlükəsizliyin və etimadın möhkəmləndirilməsi üzrə birgə tədbirlər keçirməsinin faydalı ola biləcəyini bildirib. Qeyd edək ki, oktyabrın 5-də Azay Quliyevin sədri olduğu ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun da iclası keçiriləcək. 



Redaktorun seçimi