Rus siyasətinin ən vacib siması Cocuq Mərcanlıda - Paşinyan qorxuda

295 dəfə oxunub
Rus siyasətinin ən vacib siması Cocuq Mərcanlıda - Paşinyan qorxuda

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı-Moskva - geosiyasi ox. Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə tərəfdaşıdır” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin iştirak etdiyi konfransın əsas məqsədi Azərbaycan-Rusiya əlaqələrinə, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməkdən ibarət olub.

Konfransın təşkilatçıları Beynəlxalq Avrasiya Hərəkatı, Azərbaycanın Qarabağ icması, Azərbaycanın Rus icması və İzbor Klubu olub.

Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli konfrans iştirakçılarını Cocuq Mərcanlıda salamlayaraq, vaxtilə bu ərazinin ermənilər tərəfindən işğal olunduğunu xatırladıb. Vurğulayıb ki, ötən ilin aprelində Cocuq Mərcanlının təhlükəsizliyi möhkəmləndirilib. O, Prezident İlham Əliyevin Sərəncamı ilə bu ərazinin inkişafı üçün vəsaitin ayrıldığını, burada yaşayış üçün bütün şəraitin yaradıldığını bildirib. Qeyd edib ki, konfrans bu miqyasda burada keçirilən ilk tədbirdir. Əli Hüseynli əsas məqsədin Azərbaycan-Rusiya əlaqələrinə, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməkdən ibarət olduğunu deyib.

Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin cəbhə xəttində konfransın keçirilməsi ideyasının yaranmasından danışıb. O, Rusiya və Azərbaycan prezidentlərinin iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlərin daha da yaxınlaşdığını diqqətə çatdırıb. “Rusiya-Azərbaycan münasibətləri təkcə bizim liderlərimizin dostluğu deyil, bu, əsrlərboyu qorunub saxlanılan münasibətlərdir”, - deyən Beynəlxalq Avrasiya Hərəkatının lideri bildirib ki, konfrans iştirakçıları Moskva-Bakı oxuna daha da güclü təkan verməyi planlaşdırır. Rusiya-Azərbaycan birliyinin ölkələrimizin, xalqlarımızın birliyi olduğunu qeyd edən Aleksandr Duqin bu gün dövlətlər arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu, Azərbaycanın Cənubi Qafqazda Rusiyanın yeganə tərəfdaşı olduğunu vurğulayıb.

Rusiya Dövlət Dumasının deputatı Aleksey Yezubov Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını qeyd edib. Bildirib ki, Rusiya-Azərbaycan dostluğu, qardaşlığı dəyişməzdir. O əlavə edib ki, tədbirə toplaşanlar dövlətlərimizin başçılarının qərarlarının həyata keçirilməsini təmin etməlidirlər.

Azərbaycanın Rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycanda 120 min rusun yaşadığını deyib. O, məmnunluqla qeyd edib ki, Rusiya ilə Azərbaycanın bir-birinə tərəf yönələn hərəkatı məmnunluqla qarşılanır. Ulu öndər Heydər Əliyevin, Prezident ilham Əliyevin və Prezident Vladimir Putinin bu hərəkatın təşəbbüskarları olduqlarını diqqətə çatdıran Mixail Zabelin xalqlarımızın da bu təşəbbüsü dəstəklədiyini bildirib. Deputat Azərbaycandakı və Rusiyadakı multikulturalizmdən danışıb, hər iki ölkədə müxtəlif millətlərin, dinlərin nümayəndələrinin yaşadıqlarını söyləyib. Azərbaycanda bu gün rus dilinin, rus dilində təhsilin, kitabların saxlanıldığını, verilişlərin yayımlandığını deyən M.Zabelin Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işləri xüsusi vurğulayıb. Mixail Zabelin Azərbaycanda yaşayan rusların və azərbaycanlıların münasibətlərimizin daha da dərinləşməsini dəstəklədiklərini qeyd edib.

“Biz Azərbaycanı sevirik və əlaqələrimiz hər zaman olub, var və olacaq”.

Bu sözlərin müəllifi isə “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenkodır. Onun sözlərinə görə, bu gün yeni dünya reallığı bizi bir-birimizə daha da yaxınlaşmağa sövq edir və bu vəziyyət hər hansı bir dövlətə qarşı yönəlməyib. Rusiya və Azərbaycanın öz müstəqil iradəsini həyata keçirdiyini, ölkələrimizin, regionumuzun güclənməsinə çalışdığını deyən hərbi ekspert beynəlxalq terrorizmlə mübarizə üçün birləşməyin vacibliyinə toxunub. İqor Korotçenko Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin vacibliyini qeyd edib, kibertəhlükənin qarşısının alınması üçün mühüm addımlardan danışıb. Rusiya-Azərbaycan əlaqələrinə toxunan “Milli müdafiə” jurnalının baş redaktoru Azərbaycan Prezidentinin həm ölkənin iqtisadi inkişafı, həm də müstəqilliyi üçün çox işlər gördüyünü deyib. Hərbi ekspert Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar bildirib ki, Rusiya münaqişənin dinc yolla həllinə tərəfdardır. O vurğulayıb ki, Rusiya Azərbaycanın müstəqilliyini hər zaman dəstəkləyib və dəstəkləyəcək.

“Cənubi Qafqaz Rusiyanın Asiyaya çıxışıdır və ən qısa yol Azərbaycandan keçir”.

Bu fikri isə jurnalist, ictimai xadim Maksim Şevçenko səsləndirib. O bildirib ki, Rusiya-Azərbaycan münasibətlərinin böyük perspektivi var. Maksim Şevçenko sovet hakimiyyəti dağılandan sonra respublikalar arasında siyasi, iqtisadi və mədəni əlaqələrin qorunub saxlanıldığını qeyd edərək, bu əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini bildirib. “Azərbaycan mədəniyyəti dərin, qədim və böyük məna daşıyır”, - deyən qonaq zəngin Azərbaycan mədəniyyətinin Rusiyada daha geniş təbliği üçün əlavə tədbirlərin, o cümlədən festivalların, Azərbaycan mədəniyyət günlərinin keçirilməsinin vacibliyini vurğulayıb. Maksim Şevçenko işğaldan azad edilən ərazidə olmasından fəxr hissi duyduğunu da dilə gətirib.

Milli Məclisin Qarabağ bölgəsindən olan deputatı Elman Məmmədov konfrans iştirakçılarının Azərbaycanın qədim və gözəl ərazisi olan Qarabağda toplaşdıqlarını deyib. Qarabağın Xocalı şəhərindən olduğunu deyən deputat Xocalı soyqırımı barədə danışıb. Elman Məmmədov bu soyqırımı zamanı 613 sakinin, o cümlədən qohumlarının qətlə yetirildiyini bildirib. Deputat Rusiyadan Cocuq Mərcanlıda keçirilən konfransa gələn qonaqların səfərinin sülhsevər ideyaya xidmət etdiyini deyib. O diqqətə çatdırıb ki, bu konfransın məqsədi təkcə Ermənistanla Azərbaycan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqazda dayanıqlı sülhün yaradılmasıdır.

Erməni hüquq müdafiəçisi Syüzan Caqinyan Dağlıq Qarabağ münaqişəsinin həllinin çoxdan yetişdiyini bildirərək, bu günə qədər heç bir nəticənin əldə olunmadığını təəssüflə qeyd edib. Hazırda münaqişədə gərginliyin ən yüksək həddə çatdığını söyləyən S.Caqinyan Ermənistanda yaşayanların hamısının bu müharibədən bezdiyini, onların münaqişənin acısını hiss etdiklərini bildirib. Onun sözlərinə görə, bütün vasitələrdən istifadə edib mümkün həll yolları tapılmalıdır.

Konfransın ikinci hissəsi “Ermənistandakı hazırkı vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri” mövzusuna həsr olunub.

İzbor Klubunun üzvü Valeri Korovin Azərbaycanda bir neçə dəfə olduğunu deyib. O, hər səfərində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sürətli inkişafın şahidi olduğunu bildirib. Əlavə edib ki, bu, dövlət başçısı İlham Əliyevin vətəndaşların rifahı naminə çalışmasının göstəricisidir. Valeri Korovin vurğulayıb ki, strateji əlaqələr quran Rusiya və Azərbaycan Qafqazda yeganə etibarlı tərəfdaşlardır.

Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev isə Cocuq Mərcanlıda evlərin tikildiyini, müasir infrastrukturun yaradıldığını məmnunluqla qeyd edib, kəndə yenidən həyatın qayıtdığını deyib. O, əminliklə vurğulayıb ki, işğaldan azad ediləcək rayonlarda da Azərbaycan belə şərait yaradacaq. Dağlıq Qarabağ və ətraf rayonların qeyd-sərtsiz Azərbaycana qaytarılmasının vacibliyindən danışan Dmitri Savelyev Rusiyanın Ermənistana inamının itdiyini, Azərbaycanın isə Rusiyanın Qafqazda yeganə daimi tərəfdaş olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Ermənistan SSRİ dağılandan sonra heç bir inkişaf əldə etməyib, hazırda acınacaqlı vəziyyətdədir, ermənilər kütləvi şəkildə ölkəni tərk edirlər. Azərbaycan isə sürətlə inkişaf edir. Ermənistanın bu ağır vəziyyətə düşməsində səbəb münaqişənin həll edilməməsidir. O, Rusiyanın münaqişənin həllində daha fəal olmasının vacibliyini vurğulayıb.

Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov da konfransın mövzusu ilə bağlı fikirlərini bölüşüb, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixindən danışıb. O, ötən il Bakıda olduğunu, Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan məmnunluğunu bildirib, Azərbaycanda Heydər Əliyev irsinin öyrənilməsinin əhəmiyyətinə toxunub.

Ölkəmizdəki Rus icmasının, Azərbaycanın Rus Gəncləri Assosiasiyasının üzvü, Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Reqina Kovalyova isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi başlayanda Azərbaycanda yaşayan çox sayda rus müharibəyə yollandı. Azərbaycanın milli qəhrəmanları arasında rusların da olduğunu deyən Reqina Kovalyova xatırladıb ki, atası da bu qəhrəmanların sırasındadır. O, Dağlıq Qarabağ münaqişəsini təhlükəsizlik üçün təhdid adlandırıb, Rusiyanı münaqişənin həllində daha fəal olmağa çağırıb.

İrs İnstitutunun direktoru vəzifəsini icra edən, politoloq Yevgeni Baxrevski Dağlıq Qarabağ münaqişəsi nəticəsində evlərindən didərgin düşən məcburi köçkünlərin bu gün Cocuq Mərcanlıya qayıtdıqlarını, bu kənddə həyatın bərpa edildiyini söyləyib. “Bu göstərir ki, proses artıq başlayıb”, - deyən Yevgeni Baxrevski məcburi köçkünlərin dədə-baba torpaqlarına qayıtmalarının zəruriliyinə toxunub.

Ekspert Dmitri Kruqlıx isə Azərbaycan mədəniyyətinin zənginliyindən danışıb, mədəniyyətimizin Rusiyada təbliğatının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Sonda çıxış edən Mixail Zabelin bir daha diqqəti konfransın vacibliyinə yönəldib. Qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi başlayanda Ermənistanın işğalçılıq siyasətinə qarşı çıxanlar Daşnaksutyun terror təşkilatının hədəfinə çevrilirdi. Mixail Zabelin Ermənistanın Rusiyaya qarşı qeyri-səmimi və qeyri-sağlam münasibətindən faktlarla danışıb.

Sonda üçüncü belə tədbirin keçirilməsi barədə qərar qəbul olunub.

Faktor.az



Redaktorun seçimi