Ərdoğanın Bakı səfəri - elə bir saziş gözlənilir ki...

178 dəfə oxunub
Ərdoğanın Bakı səfəri - elə bir saziş gözlənilir ki...

Ərdoğanın bu səfəri tarixi xarakter daşıyacaq. Burada imzalanacaq sənədlər isə bu səfərin əhəmiyyətini bir az da artıracaq.

Faktor.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Ərdoğan prezident seçildikdən sonra ilk səfərini Azərbaycana edəcək:

“Çünki Şimali Kipr Türk Cümhuriyyəti dünya tərəfindən tanınmamış bir bölgədir. Buna görə də Ərdoğanın ilk rəsmi səfərini Azərbaycana etdiyini demək olar. Bu isə qardaş respublikanın uzun illərdir tətbiq etdiyi, həyata keçirdiyi diplomatik praktikadır. Yəni bununla Türkiyə Azərbaycana olan hörmətini, ehtiramını bir daha sübut edir və Azərbaycanın Türkiyə üçün geostrateji əhəmiyyətini ön plana çəkir. Bu eyni zamanda o deməkdir ki, bütün məsələlərdə Türkiyə Azərbaycanın yanındadır. Azərbaycanın problemi Türkiyənin problemi, Azərbaycanın uğuru isə Türkiyənin uğuru kimi qarşılanır”.

Politoloq qeyd edib ki, Ərdoğanın indiki səfəri Türkiyədə baş verən ciddi dəyişikliklərlə birgə həyata keçiriləcək:

“Türkiyə artıq yeni bir siyasi sistemə keçir. Bu siyasi sistem prezident üsul-idarəsidir. Yəni prezident hakimiyyəti formasıdır. Hətta başqa prezident üsul-idarələrindən fərqli olaraq, Türkiyədə baş nazirlik postu da ləğv edilir. Bu bir növ ABŞ variantına daha çox bənzəyir. Yəni Türkiyədə Nazirlər Kabinetinin başçısı da prezident olacaq, icra hakimiyyətinin bütün səlahiyyətləri prezidentin əlində cəmləşəcək. Qanunvericiliyin mərkəzi kimi isə parlament öz funksiyasını yerinə yetirməyə davam edəcək. İcra hakimiyyəti isə bütövlükdə Prezident Aparatına və Prezidentə aid olacaq”.

Politoloq vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri çox rəvan inkişaf edir:

“Bu gün Azərbaycanla Türkiyə arasındakı ticarətin ümumi dövriyyəsi təxminən 10 milyard dollara yaxınlaşır. Azərbaycan Türkiyə iqtisadiyyatına ən böyük sərmayə yatıran ölkələrdən biridir. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 30 milyard dollardan çox sərmayə yatırıb. Həmçinin iki ölkə arasındakı ticarət dövriyyəsi də ilbəil artır. Bu gün Azərbaycanla Türkiyə arasında hədəf kimi nəzərdə tutulan ən mühüm məsələlərdən biri iki ölkə arasında hərbi-siyasi ittifaqın həyata keçirilməsidir. Azərbaycan uzun müddətdir ki, Türkiyə ilə hərbi-siyasi sazişin bağlanmasına, iki ölkə arasında hərbi ittifaqın mövcudluğunu həyata keçirməyə can atır. İndiyə qədər Türkiyədə parlamentdə belə bir ittifaqın yaradılması üçün razılıq əldə etmək bir qədər çətin idi. Amma indi Cümhur İttifaqı parlamentdə yerlərin əksəriyyətini əldə edib. Prezident üsul-idarəsinə keçid isə Ərdoğanın hakimiyyətini xeyli gücləndirib. Zənnimcə, bu səfər zamanı iki ölkə arasında hərbi-siyasi münasibətləri daha yüksək səviyyəyə qaldıra biləcək saziş imzalana bilər. Bunun ittifaq dövləti kimi başa düşülməsi isə yanlış olardı. Çünki ittifaq dövləti konfederativ birlik deməkdir ki, buna isə iki ölkə hələ hazır deyil. Amma hərbi-siyasi saziş hərbi, siyasi sahədə iki dövlətin səylərini birləşdirən və iki dövlətin siyasi, hərbi qüdrətini ortaq dəyərə çevirən sazişin imzalanması deməkdir”.

Politoloqun sözlərinə görə, bu sazişin imzalanması həm ölkədə qanunvericilik səviyyəsində, həm də NATO ilə razılaşdırılmış şəkildə həyata keçirilə bilər:

“Çünki Ərdoğan kifayət qədər müstəqil siyasət aparır. Bu siyasət nəticəsində Azərbaycan üçün çox önəmli olan belə bir sazişin imzalanmasına nail ola bilərik. Bu saziş imzalanarsa, artıq Dağlıq Qarabağ sırf Azərbaycanın problemi olmaqdan çıxar və Türkiyənin problemi kimi də qəbul edilə bilər. Bu, imzalanacaq sazişin müddəalarından asılı olacaq. Güman edirəm ki, Türkiyə artıq Azərbaycanın ərazi bütövlüyü məsələsində daha qətiyyətli addımlar atmaq üçün belə bir sazişin imzalanmasına gedəcək”.

Politoloq qeyd edib ki, Ərdoğan Qarabağ problemini seçki platformasına da daxil etmişdi:

“Bu da gələcək danışıqlar prosesinin əvvəlcədən xəbərdaredici notları kimi qəbul edilməlidir”.

Qeyd edək ki, iyulun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Quzey Kıprısa edəcəyi, elə həmin gün Kıprısdan Azərbaycana gələcəyi gözlənilir.


loading...
loading...

Redaktorun seçimi