Ermənilər Əliyevi ona görə diqqətlə dinləməlidirlər ki... - Ekspert

Hit: 487
Ermənilər Əliyevi ona görə diqqətlə dinləməlidirlər ki... - Ekspert

Hadisələrin gedişi Ermənistandakı indiki hakimiyyətin də davranışlarının bir çox hallarda Sərkisyanın münaqişə ilə bağlı siyasətinin davamı olması təsirini bağışlayır.

Faktor.az xəbər verir ki, bu sözləri Axar.az-a İlham Əliyevin iftar mərasimindəki nitqini şərh edən millət vəkili, politoloq Elman Nəsirov deyib. O bildirib ki, ilk növbədə erməni xalqı özü bu gün Ermənistanda cinayətkar rejimin girovuna çevrildiyini etiraf edir:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə xüsusi diqqət ayırır. Prezidentin illərlə Ermənistandakı vəziyyətlə, hərbi diktatura, xunta rejimi tərəfindən cəmiyyətin orta əsr feodal düşüncəsi ilə idarə olunması ilə bağlı söylədiklərini bu gün erməni xalqı da deyir. Prezident İlham Əliyev hər zaman söyləyirdi ki, Ermənistanda iqtisadi, demoqrafik böhran dərinləşməkdədir. Bu gün ölkəni onminlərlə erməni tərk edir, erməni xalqı devirdiyi hakimiyyəti qaniçən adlandırır. Bu fikirləri Prezident İlham Əliyev ən yüksək kürsülərdən, eyni zamanda, keçən il sentyabr ayının 20-də BMT Baş Məclisinin 72-ci sessiyasında da açıq şəkildə dünyaya çatdırmışdı”.

Millət vəkili vurğulayıb ki, məsələyə bu məntiqlə yanaşdıqda artıq erməni xalqı Prezident İlham Əliyevin Ermənistanla bağlı söylədiyi istənilən fikrə 10 qat diqqətlə qulaq asmalıdır:

“Çünki bir müddətdən sonra bu cəmiyyətlə bağlı İlham Əliyevin söylədiklərinin tam reallığı əks etdirdiyini özləri təsdiqləyirlər. Ona görə də ermənilər öz gələcəkləri üçün Azərbaycan prezidentinin çıxışlarına, onun səsləndirdiyi bəyanatlara daha çox diqqət verməyə başlamalıdır”.

Millət vəkilinin sözlərinə görə, bu gün əslində Paşinyana hava-su kimi “pauza” lazımdır:

“İlham Əliyevin çıxışında təkcə münaqişə ilə bağlı Sərkisyan rejimi dövründəki vəziyyətə qiymət verilməyib, eyni zamanda, ümid də ifadə olunub ki, Ermənistanda yeni hakimiyyət əvvəlki səhvləri buraxmayacaq. Bu gün Ermənistan sistemli böhran yaşayır, inqilabdan çıxdıqdan sonra lap ağır vəziyyətə düşüb. Eyni zamanda, yaratdığı qondarma rejimdə də çox dərin siyasi kataklizmlər yaşanmaqdadır. Bundan əvvəl İrəvanda olan inqilabın artıq Xankəndidə də real mənzərəsi görünməkdədir. Belə olan vəziyyətdə yeni baş nazir çalışır ki, “pauza” versin. Bunu da danışıqlar prosesinə mane olmaqla əldə etmək istəyir. Ona görə də o, danışıqlar prosesində qondarma rejimin tərəf kimi iştirak etməsi ilə bağlı mövqe ortaya qoyur. Paşinyan çox gözəl bilir ki, Azərbaycan bunu heç vaxt qəbul etməyəcək. Bu məsələ ilə bağlı Rusiya XİN-in departament rəisi Artyom Kojin də öz mövqeyini bildirib və Paşinyanın bu cür bəyanatlarını “qeyri-konstruktiv və səs-küylü bəyanat” adlandırıb. Eyni zamanda, Rusiya Xarici İşlər naziri Sergey Lavrov da Paşinyana ümid yeri qoymayıb. Lavrovun sözlərindən çıxan nəticə budur ki, Azərbaycan etiraz edirsə, Qarabağ təmsilçilərinin danışıqlarda iştirakı mümkün olmayacaq. İstənilən halda, bu məsələlərdə Azərbaycanın mövqeyi bəllidir, dəyişməzdir. Prezident İlham Əliyev də bunu dəfələrlə qeyd edib ki, münaqişədə heç bir zaman Azərbaycanın ərazi bütövlüyü məsələsi danışıqların predmeti olmayıb və bundan sonra da olmayacaq”.









Redaktorun seçimi