Ordumuz Xankəndi-İrəvan yolunda nəzarəti ələ keçirdi - Ermənilər panikada

Hit: 839
Ordumuz Xankəndi-İrəvan yolunda nəzarəti ələ keçirdi - Ermənilər panikada

Naxçıvanda işğaldan azad olan torpaqlarımız bəlkə də böyük qayıdışın, böyük proseslərin başlanğıcıdır.

Bu sözləri Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Şair Ramaldanov Şərur rayonunun Günnüt kəndinin 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçməsinə münasibət bildirərkən deyib. O bildirib ki, bu gün Azərbaycan ordusunun üstünlüyünü nəinki biz, hətta beynəlxalq statistik qurumlar da təsdiq edir:

“Şərur rayonunun Günnüt kəndindən əhali düşmən işğalı zamanı köçməyə məcbur olmuşdu və buradakı infrastruktur dağılmışdı. Hazırda orada azad olunmuş torpaqlar Ermənistanla dövlət sərhədinə qədər olan böyük bir ərazini əhatə edir”.

Polkovnikin sözlərinə görə, Cocuq Mərcanlıda olduğu kimi, azad olunan bu kəndimizdə də tezliklə bərpa işləri gedəcək və sakinlər öz yurd-yuvalarına qayıdacaq:

“Bu torpaqların işğaldan azad olunmasının həm hərbi, həm strateji əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan artıq Xankəndidən İrəvana gedən yolu nəzarətdə saxlaya biləcək. Azərbaycan öz torpaqlarını qaytarıb, ordumuz Ermənistan sərhədini keçməyib. Azərbaycanın heç vaxt işğalçı niyyəti olmayıb”.

Azərbaycan Ordusunun Naxçıvanda mövqelərimizi irəliyə daşıması və ümum hərbi yüksəkliyə nəzarət etməklə iki kəndin üzərində suveren haqlarımızı bərpa etməsi çox mühüm tarixi hadisədir.

Bunu Azərbaycan Ordusunun 26 ildir işğal altında olan Şərur rayonunun Günnüt kəndinə nəzarəti tam əlinə alması və bir sıra yüksəklikləri azad etməsi ilə bağlı danışan millət vəkili Zahid Oruc deyib. O bildirib ki, 90-cı illərdə ermənilər bütün cəbhəboyu hücuma keçmişdilər və bu da bir taktiki məqsəd daşıyırdı:

“Yəni Azərbaycanın qüvvələrini parçalamaqla Gədəbəy, Tovuz, Qazaxdan ta Naxçıvana qədər əsas gücün Qarabağa yönəlməsinə imkan verməmək və bu parçalanmanın üzərində müxtəlif siyasi oyunları hesablamaq, hakimiyyəti toparlanmaq imkanından məhrum etmək niyyətində idilər. Çox təəssüf ki, o strategiya həmin dövrdə ermənilər üçün bəhrə verdi. Ulu öndər Heydər Əliyev Naxçıvana gəlməzdən öncə ermənilər orada müəyyən ərazilərdə möhkəmlənə bildilər. Bu, nəinki həmin ərazinin təhlükəsizliyini, eyni zamanda, bütöv Naxçıvan camaatının həyatını sual qarşısında qoyurdu. O biri yandan həmin ərazilərin itirilməsi fonunda ümumən Türkiyə və Azərbaycan arasında əlaqələr tamamilə qapana bilərdi. Baxmayaraq ki, həmin illərdə kimsə Qars müqaviləsindən bəhs edə və onun gücündən faydalanmağa ümid bəsləyə bilərdi. Reallıq elə idi ki, SSRİ-nin dağılmasından sonrakı dövrdə də Türkiyə Qafqazlara doğru siyasətini tam formalaşdıra bilməmişdi və bu təkcə bir bölgəyə münasibətdə deyil, ümumən regionda sonrakı illər ərzində qərarlaşmaqda çox ciddi çətinliklər törətdi. Yalnız Prezident İlham Əliyevin liderliyi altında qardaş ölkə ilə hərbi, siyasi, iqtisadi münasibətlərimizi ən yüksək səviyyəyə qaldırmağa nail olduq. Bu, 2009-cu ildən sonra məlum strateji tərəfdaşlıqla bağlı imzalanan sənəd və keçirilən görüşlərdə ifadə olunmaqdadır. Bunu ayrıca vurğulamağımın səbəbi var. Çünki bir çoxlarında belə bir illüziya mövcud idi ki, o dövrdə bu qorunma tədbirləri həyata keçirilmədən türk əsgəri gəlib Naxçıvanı xilas edəcəkdi. İstəklərimizə rəğmən belə bir düşüncənin olması təbii idi. Ancaq reallıq tamamilə fərqli idi. Heydər Əliyevin liderliyi, gücü, istedadı ilk növbədə Naxçıvanda öz bəhrəsini verdi və Ali Məclisin rəhbəri seçilməyi ilə bir neçə kəndin itirilməsi, yaxud da hərbi mövqelərə ermənilərin nəzarət imkanlarının qarşısı alındı. Paralel şəkildə rus ordusunun hərbi dəstələri və zastavaları da o ərazilərdən dinc qaydada çıxarıldı və mahiyyət etibarilə həmin ərazilərdə “ikinci Qarabağ” törədə bilmədilər. Lakin Heydər Əliyevin xilaskarlığı bir ərazi miqyasında deyil, bütövlükdə millətimizin həyatında nümayiş olundu. Təəssüf ki, o dövrdə Naxçıvan təkcə ermənilərin təxribat və hücumlarına cavab vermirdi, eləcə də Bakıdan müxtəlif xəyallar quran, Heydər Əliyevi arzuolunmaz şəxs kimi görən, onun hakimiyyətə gələcəyi ehtimalı əsasında bəziləri hər cür hücum və təxribatları ora yönəltməkdəydi. Doğurdan da həddindən artıq yardıma ehtiyacı olan əraziyə qarşı partiya istəklərindən yanaşıb, ora hücumlar təşkil etmək tarixin son dərəcə böyük bir qara səhifəsidir. Əvəzində Heydər Əliyev bütün o mübarizənin qalibi oldu və həmin adamlar siyasi səhnəni tərk etdilər”.

Millət vəkilinin sözlərinə görə, hazırkı dövrdə Azərbaycan Ordusunun hərbi uğurunu ilk növbədə tarixi kontekstdən qiymətləndirilməlidir:

“Açıq deməliyik ki, bu gün bir kəndin deyil, bir evin, bəzən bir vətəndaşımızın burnunun qanaması, erməni tərəfindən olan hücumların hansısa nöqtədə nəticə verməsi dərhal ümumxalq düşüncəsində şok doğurur. Ancaq əksinə, qazanılan uğur bəzən istənilən reaksiyanı tapmır. Bu çox təəssüf doğurur və bu fenomeni araşdırmaq lazımdır. Analtik, siyasətçi və politoloqlarımız bu məsələnin üzərində çox ciddi şəkildə işləməlidirlər. Məsələnin başqa bir tərəfi odur ki, Naxçıvan çox strateji bir bölgədir və orada əldə olunmuş uğur yalnız lokal bir miqyasda qalmır, bu, Qarabağ uğrunda müharibəmizin tərkib hissəsidir. Naxçıvanda bir addım irəli getmək Qarabağda on və ya yüz addıma bərabərdir. Bu, Cocuq Mərcanlı hadisəsindən sonra ərazicə kiçik, lakin hərbi və siyasi əhəmiyyətinə görə çox böyük hadisədir. Hesab edirəm ki, bu hadisələrin yaxşı mənada uğur zənciri yaranır. Sizi əmin edirəm ki, bu, informasiya məkanında, xüsusilə də virtual seqmentdə ermənilər tərəfindən çox ciddi psixoloji ağrılar kimi yaşanmaqdadır. Reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyevin bütün - transmilli, iqtisadi, siyasi, regional, benəlxalq siyasəti Qarabağın azad edilməsinə xidmət edir. O cümlədən Naxçıvanda Ümumqoşun ordu birləşmələrinin bu addımı yalnız bir strateji yüksəkliyi qazanılması fonunda bir-iki kəndin üzərindən erməni buludunun dağılması deyil, eləcə də Xankəndinin işğaldan azad edilməsi uğrunda apardığımız savaşın tərkib hissəsidir. Naxçıvan nə qədər güclü və möhkəm olacaqsa, bu 90-cı illərdə əleyhimizə olan siyasəti onların ziyanına döndərməyə şərait yaradacaq. Bizim qabağımızı Qarabağla alırdılar, indi Naxçıvan vasitəsilə bu təhlükəni onlara qarşı törətməliyik”.

Dünən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidməti 26 ildir işğal altında olan Şərur rayonunun Günnüt kəndinin və bir sıra yüksəkliklərin azad edildiyini təsdiqləyən rəsmi məlumat yayıb.









Redaktorun seçimi