İstefaya gedən “baş nazir” Cəbrayıl və Ağdam torpaqlarını talayırmış

Hit: 551
İstefaya gedən “baş nazir” Cəbrayıl və Ağdam torpaqlarını talayırmış

Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən qanunsuz hərbi-polis rejiminə qarşı ötən həftə başlayan etirazlardan sonra dünən istefaya gedən qondarma "dqr dövlət naziri", yaxud "baş nazir" statusunu daşıyan Araik Arutyunyan Cəbrayıl və Ağdam torpaqlarında talançılıqla məşğul olduğunu etiraf edib.

Faktor.az xəbər verir ki, Arutyunyan mətbuat konfransı zamanı Bako Saakyanla görüşəndən sonra istefa vermək qərarına gəldiyini deyib. Həmçinin Dağlıq Qarabağda digər vəzifəli şəxslər fəaliyyət bucağını dəyişməsə, onların da ictimaiyyətin təzyiqləri ilə istefa verməli olacağını bildirib.

Arutyunyan "baş nazir" olmazdan əvvəl Dağlıq Qarabağın ən iri oliqarxlarından biri idi. "Azadlıq" radiosunun erməni xidmətinin müxbiri ondan biznesi barədə soruşub, xalq arasında dolaşan məlumatları xatırladıb. Araik Arutyunyan deyib ki, "baş nazir" təyin edilənə qədər həqiqətən Dağlıq Qarabağda ən iri biznesmen idi. "K-Telekom", "Artsax qaz", Drımbon mis-qızıl yataqları ona məxsus olub.

"2006-cı ildə işçilərimin sayı 700-dən çox idi. Amma baş nazir təyin olunandan sonra mən bizneslə məşğul olmuram. Kənd təsərrüfatı və torpaq becərilməsi sahəsinə gəldikdə. Mən Cəbrayılda torpaqları əkib-becərməyə başladım, hansı ki, insanlar hələ də ora getməyə qorxur. Mən isə 2000-ci ildən orada torpaqları əkib-becərirəm. İlk dəfə Ağdamda 1997-ci ildə torpaqları becərməyə başlamışam,  o vaxt çoxları Ağdamın yerini heç xəritədə göstərə bilmirdi. Sonra Martuni şərab zavodunun və "Qırmızı bazar"ın özəlləşdirilməsində iştirak etdim", - Araik Arutyunyan deyib.

Arutyunyan həm də Xankəndindəki "Nairi" univermağının sahibi olduğunu və həmin univermağı bu yaxınlarda qızının 16 yaşı tamam olması münasibətilə ona hədiyyə etdiyini qeyd edib.

Arutyunyan Cəbrayıl və Füzuli rayonları ərazisində neçə hektar torpaq zəbt etdiyini açıqlamayıb, lakin bu torpaqları əkib-becərmək istəyənlərə verməyə hazır olduğunu bildirib.

Banu









Redaktorun seçimi