İlham Əliyev Şahin Mustafayevi baş nazir təyin edir - İDDİA

11561 dəfə oxunub
İlham Əliyev Şahin Mustafayevi baş nazir təyin edir - İDDİA

Böyük ehtimalla Artur Rəsi-zadəni iqtisadiyyat naziri Şahin Mustafayev əvəzləyəcək, amma daha bir namizəd də var; xarici işlər naziri Elmar Məmmədyarovun yerinə Vaşinqtondan kadr gəlir; daha iki nazir postu boşaldılır...

Aprelin 18-də İlham Əliyev rəsmən dördüncü müddətə prezidentlik səlahiyyətlərinin icrasına başladı. Xatırladaq ki, 2013-cü ilin oktyabrın 23-də Milli Məclisdə and içərək prezident səlahiyyətlərinin icrasına başlayan İ.Əliyev dərhal Nazirlər Kabinetinin yeni tərkibini elan etmişdi. Gözlənilirdi ki, bu dəfə də andiçmə mərasimi başa çatdıqdan sonra yeni kabinetin tərkibi elan olunacaq. Amma İ.Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərini yeni hökumət formalaşanadək icra etmələri haqda sərəncam imzaladı. 

Yada salaq ki, 2013-cü ildə seçkilərdən sonra açıqlanan yeni kabinetdə müdafiə naziri Səfər Əbiyevin, əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun və kənd təsərrüfatı naziri İsmət Abbasovun adları yox idi. Müdafiə naziri postu Zakir Həsənova, əmək və əhalinin sosial müdafiəsi naziri postu isə Səlim Müslümova həvalə olundu. Heydər Əsədov isə kənd təsərrüfatı naziri vəzifəsinə təyinatı aldı.

“Yeni Müsavat”a daxil olan məlumata görə, hökumətin yaxın günlərdə elan olunacaq tərkibində bəzi sensasion təyinatlar gözlənilir.

Məlumdur ki, neçə illərdir medianın əsas diqqəti baş nazir Artur Rəsi-zadəni əvəzləyəcək namizədə dikilib. İndiyədək bu posta ən müxtəlif şəxslərin adı hallanıb. O nazirlərin bəziləri artıq hökumətdən uzaqlaşdırılıb, bəziləri isə əvvəlki qüdrətdə deyil. İkinci bir tərəfdən, 2016-cı il konstitusiya düzəlişlərindən sonra baş nazir artıq ölkənin ikinci səlahiyyətli şəxsi sayılmır. Amma bütün bunlar “Rəsi-zadə gedərsə, kim gələcək” sualı ətrafında müzakirələri səngitməyib. Həm seçki ərəfəsi, həm seçkidən ötən qısa müddətdə baş nazirlə bağlı “informasiya axını” güclənib.

“Yeni Müsavat”ın məlumatına görə, baş nazirin gedəcəyi dəqiqdir. Mənbəmiz onun ilin sonuna kimi yenidən vəzifəsinə təsdiqlənəcəyi ilə bağlı xəbərləri inandırıcı saymır. Bildirilir ki, prezident böyük ehtimalla iqtisadiyyat naziri Şahin Mustafayevin namizədliyini Milli Məclisə göndərəcək.

Şahin Mustafayev 1965-ci ildə Ermənistanın Barana (Noyemberyan) rayonunda anadan olub. M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.

2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin, 2005-2006-cı illərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti, 2006-2008-ci illərdə vergilər nazirinin birinci müavini vəzifələrində işləyib. 2008-ci ildən hökumətdə nazir portfelinə sahibdir. Adı korrupsiya və rüşvət qalmaqallarında hallanmayan nazir xüsusilə ölkənin qeyr-neft sektoruna keçidi dövründə hökumətdə əsas fiqurlardan birinə çevrilib. Prezident yanında güvənilən “iqtisadi komanda”ya daxildir.    

Şahin Mustafayev ile ilgili görsel sonucu

Ş.Mustafayevin baş nazir təyinatı kifayət qədər uğurlu seçim ola bilər. Çünki iqtidar neçə illərdir ki, ölkənin iqtisadiyyatını neft asılılığından qismən də olsa qurtarmağa çalışır və buna müəyyən dərəcədə nail də olub. Yaxın illərdə də bu strategiya davam edəcək və bu baxımdan “işin içində olan” Ş.Mustafayev kimi kadrın baş nazir təyinatı mümkün görünür.

Digər bir ehtiyat namizəd kimi Yaqub Eyyubovun da adı çəkilir. Yaqub Eyyubov 1999-2003-cü illərdə baş nazirin müavini, 2003-cü ildən baş nazirin birinci müavinidir. Yəni Nazirlər Kabinetində işlədiyi müddətin davamlılığını nəzərə alsaq, onun baş nazir postuna gətirilməsində problem yoxdur. Ən azından uzun illərdir ki, ayrı-ayrı zamanlarda Artur Rəsi-zadəni əvəzləyib.

Yaqub  Eyyubov 1945-ci ildə Mingəçevir şəhərində anadan olub. İxtisası inşaat mühəndisidir, texnika elmləri doktoru, professordur.

Yaqub  Eyyubov ile ilgili görsel sonucu

Hökumət tərkibində gözlənilən daha bir sensasion dəyişiklik xarici işlər naziri Elmar Məmmədyarovun istefaya göndəriləcəyidir. E.Məmmədyarovun istefaya gedə biləcəyi ilə bağlı xəbərlər yeni deyil. Təcrübəli diplomat olan E.Məmmədyarov, təəssüf ki, illərdi XİN-i “hücum diplomatiyası”na kökləyə bilməyib. Son illər “DQR”ə qanunsuz səfərlərin artması, qondarma qurum rəhbərliyinin xarici ölkələrə dəvəti də XİN-in xarici siyasət kursunda “dişsiz siyasətinin” nəticəsi hesab olunur. Azərbaycan iqtidarına Qərb dairələrindən hücumlarda da E.Məmmədyarovun fəaliyyətsizliyinin müəyyən rolu olduğu da deyilir. Xüsusən siyasət və informasiya texnoloqları belə hesab edirlər ki, nazir diplomatların seçimində də peşəkar deyil. Bu səbəbdən də son illər səfirliklərlə bağlı korrupsiya faktları hallarına rast gəlinir. Bu da idarəetmədə ciddi nöqsanlar olduğu barədə rəyləri möhkəmləndirir.

Hökumətə yaxın mənbələrdən əldə etdiyimiz bilgiyə görə, E.Məmmədyarovla bağlı qərar verilib. Məlumatlı mənbə iddia edir ki, 2004-cü ildən nazir işləyən Məmmədyarov müəyyən müddət istirahət arzusundadır, bundan sonra o, BMT-də Azərbaycanın daimi nümayəndəsi təyin edilə bilər.

E.Məmmədyarovu əvəzləyəcək diplomat isə Vaşinqtondan gələcək. Mənbənin iddiasına görə, Azərbaycanın xarici siyasət nazirliyinə başçılıq ABŞ-dakı səfirimiz Elin Süleymanova həvalə oluna bilər. 

Elin Süleymanov ile ilgili görsel sonucu

Elin Süleymanov uzun illər Azərbaycanın Los-Ancelesdəki konsulu işləyib. 2011-ci ilin oktyabrından isə ölkəmizin ABŞ-da fövqəladə və səlahiyyətli səfiridir. 

Qeyd edək ki, mediada müdafiə sənayesi naziri Yavər Camalovun da yeni hökumətdə təmsil olunmayacağı ilə bağlı iddialar var. Onun səhhətində problemlər olduğu deyilir. Kənd təsərrüfatı naziri Heydər Əsədov da hökumətdən uzaqlaşdırıla bilər. Bu məsələdə qudası Ziya Məmmədov faktorunun olduğu da istisna edilmir, amma iddialar var ki, iqtidar onun 5 illik fəaliyyətindən razı deyil.   

Təhsil nazirinin kim olacağı ilə bağlı hətta ən ağlagəlməz versiyalar var. Ekspertlər bu məsələdə “baş sındırmağı” heç kimə məsləhət görmür. Çünki prezident İlham Əliyev 15 illik hakimiyyəti dönəmində işdən çıxardığı hansısa nazirin yerinə kimin təyin ediləcəyi məsələsində mediaya hər zaman “qalib gəlib”. 

Bu dəfə  yanılıb-yanılmayacağımızı çox gözləmək lazım gəlməyəcək...

“Yeni Müsavat”



Redaktorun seçimi