Saakaşvilinin tərəfdarları Kiyevdə Oktyabr sarayını ələ keçirdi– YENİLƏNİB

360 dəfə oxunub
Saakaşvilinin tərəfdarları Kiyevdə Oktyabr sarayını ələ keçirdi– YENİLƏNİB

Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvilinin tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayına hücum çəkib.

Faktor.az APA-ya istinadən xəbər verir ki, aksiyaçılar saraya daxil olublar.

Saakaşvilinin tərəfdarları Milli Qvardiyanın hərbçilərinin müqavimətini qırıb, Oktyabr sarayının giriş qapısını sındıraraq saraya daxil olublar. Milli Qvardiya əməkdaşları aksiyaçılara yanğınsöndürmə vasitələri ilə müdaxilə etmək istəsələr də, bu, nəticəsiz qalıb.

***

15:50

Bu gün Kiyevin mərkəzində Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvilinin tərəfdarlarının yürüşü başlayıb.

Faktor.az APA-ya istinadən xəbər verir ki, M. Saakaşvili həyat yoldaşı və oğlu ilə birlikdə aksiyada iştirak edir.

Ukrayna prezidentinin impiçmenti haqqında qanunun qəbul olunmasını tələb edən aksiya iştirakçıları Taras Şevçenko parkından Azadlıq (Maydan) meydanına doğru hərəkət edirlər. Aksiya ilə əlaqədar Kiyevin mərkəzində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Aksiya iştirakçıları "İstefa!", "Cinayətkar dəstə rədd olsun!" və "İmpiçment!" şüarları səsləndirirlər.

Qeyd edək ki, bu gün M. Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkoya barışıq məktubu göndərdiyi barədə xəbərləri də təkzib edib.

Faktor.az



Redaktorun seçimi