Rusiya ilə münasibətdən sonra xaraba qalan ölkələr - Növbədə Türkiyədirmi?

Hit: 4008
Rusiya ilə münasibətdən sonra xaraba qalan ölkələr - Növbədə Türkiyədirmi?

Dünyanı bölmək uğrunda savaşın əsas və daimi oyunçusu olan Rusiya keçdiyi yerlərdən sonra tank tırtılarının izini qoyur.

O izdə, sonra milyonlarla əl bombaları partlayır. O çuxurlar isə əbədi insan qanı ilə dolub-daşır.

Bu yazımızda Rusiya (Başqa mənada SSRİ-müə.) ilə münasibətlərin bədəlini ödəyən dövlətlər haqda araşdırma aparmışıq.

Faktor.az sözügedən yazını təqdim edir:

Əfqanıstan - Rusiya

19-cu əsrdə Əfqanıstan “Böyük oyun” dövründə Çarlıq Rusiyası ilə Britaniya imperiyası arasında strateji bufer ölkə funksiyasını yerinə yetirmişdir. (Böyük oyun dedikdə 19-cu yüzillikdən başlayaraq strateji cəhətdən əhəmiyyətli bölgələrin böyük gücə malik ölkələr tərəfindən ələ keçirilməsi uğrunda mübarizə nəzərdə tutulur. Mübarizə Çarlıq Rusiyası, Böyük Britaniya, Almaniya və Fransa arasında Osmanlı İmperatorluğu, Orta Asiya və Uzaq Şərq ölkələrinin torpaqlarını əldə etmək məqsədilə edilmişdir.) Əfqanıstanın Moskva ilə əlaqələri 1917-ci ildə baş vermiş Bolşevik inqilabından sonra daha da yaxşılaşmışdır. Üçüncü ingilis-əfqan müharibəsindən sonra 1919-cu ildə Sovet İttifaqı Əfqanıstanla diplomatik əlaqələr quran ilk ölkə olur. 1921-ci ildə isə Əfqanıstanla Sovet İttifaqı arasında təcavüz etməmə barədə pakt imzalanır ki,bu paktda həmçinin Sovet İttifaqında əfqan tranzit hüquqları da təsdiqlənir. Həmçinin, Sovet İttifaqı Əfqanıstana maliyyə yardımları, təyyarə yardımı, texniki heyətin müşayiət olunması və teleqraf operatorları ilə təmin olunma kimi köməklərini göstərir.

Sovet İttifaqının Əfqanıstanda əsas iqtisadi yardım proqramına başlaması isə 20-ci əsrin 50-ci illərinə təsadüf edir. 1954-1978-ci illərdə Əfqanıstan əhəmiyyətli hərbi yardımlar da daxil olmaqla Sovet İttifaqından 1 milyard dollar dəyərində kömək almışdır. 1973-cü ildə iki ölkə arasında imzalanan müqavilə 200 milyon dollar dəyərində yardımı nəzərdə tuturdu. Yardım neft-qaz sənayesinin inkişafı, ticarət, nəqliyyat, irriqasiya və zavod tikintisi sahələrini əhatə edirdi.1979-cu il işğalından sonra Sovet İttifaqı Əfqanıstana olan geniş yardım paketini daha da artırdı və əfqan iqtisadiyyatına dəstək oldu, o cümlədən əfqan ordusunu yenidən qurdu. Onlar Karmal rejimini 800 milyon dollar pul yardımı ilə təmin edirlər. Sovet İttifaqı hətta 1989-cu ilin fevralında Sovet qoşunlarının ölkədən çəkilməsindən sonra Nəcibullah rejimini dəstəkləmişdi. Lakin, bu gün də Rusiya və Əfqanıstan arasında bir sıra mübahisəli suallar qalır. Bunlar arasında Sovet qoşunlarından Əfqanıstana gedən və vəziyyəti hələ də məlum olmayan əsgərlər problemi və müharibə əsirlərinin olması problemləridir.

Əfqanıstanda bazası qoyulmuş tacik üsyançıları 1993-cü ilin iyul ayında Tacikistanda yerləşən Rusiya sərhəd keçid məntəqəsinə hücum etmiş və 25 rusiyalını öldürmüşdülər. Bu,Rusiya tərəfini də cavab zərbəsi verməyə məcbur etmişdi. Hadisələr şimali Əfqanıstanda xeyli dağıntılara səbəb olmuşdu. Əfqanıstanın tacik üsyançıları dəstəkləməsi barədə məlumatların yayılması isə iki ölkə arasındakı əlaqələrin soyuqlaşmasına gətirib çıxarmışdır.

Sonra nələr baş vermədi ki?

Əfqan savaşı iki qütb arasında əzələ yoxlama üçün ideal məkan yaratdı. Sonrasını oxucularımız da yaxşı bilir: Əfqanıstanda bir daha savaş ara vermədi, SSRİ isə canını tapşırdı.

İraq - Rusiya

Rusiya Orta Şərqdə ola bilmək üçün yüz ildən çoxdur ki, istifadə etdiyi bir kart var: Ərəb coğrafiyasının içindəki kürdlər.

19-cu əsrdə Osmanlıya qarşı istifadə edilən kürdləri ingilislər iş bitən kimi kənara itələdilər. Bu dışlanmış kəsim hazır formada SRRİ-nin piyonuna döndü. İraq kürdləri aparıcı qüvvə olaraq mina funksiyasını daşımağa başladı.

Çar Rusiyası İraq kürdlərini hədəfləyərk, Rusiya EA-da Kürdologiya bölümü açdırdı və məqsəd olaraq bu toplumun xalq olaraq kimliyini ortaya qoyan prosesi başlatdı. Ardınca proses Anadoluya daşındı. İlk dəfə iki kürd əşirəti Osmanlıyı sataraq 1828-29 müharibəsində Rusiyanın yanında yer aldı. Amma bütün bu xidmətlər rusları çox da maraqlandırmadı və həlledici ana çatanda kürdlərin yerini xristian ermənilər aldı. İlk dəfə kürdlərin xəyalı suya düşdü. O zamanlar İraq da Osmanlının ərazisi olduğu üçün coğrafi fərqlnəmə aparmırıq. 

1878-ci  il rus-türk müqaviləsindən sonra kürdlər bir daha qurban edildi. 

SSRİ İrana daxil olaraq, 1940-cı ildə mərkəzi Mahabad olan kürd muxtariyyəti elan etdi. Trumenin basqısından sonra Stalin onların da taleyinə göz yumdu. Çünki əks halda ABŞ ordusu Avropada almanlara qarşı cəbhə açmayacaqdı. 

Kürd muxtariyyətinin süqutundan sonra İraqdan gələn Molla Mustafa Bərzani də geri döndü. İraq dövləti müharibədən az sonra iraqlı kürdlərin lideri Şeyx Əhməd Bərzaniyi həbs etdi,qardaşı Molla Mustafa Bərzani SSRİ-yə sığındı. 12 illik qardaşların sürgündə və həbsdə keçən illəri ortaya acı bir gerçəyi qoydu: SSRİ- onlardan lazımi qədər istifadə etmiş, geridə kürdlərə xəyalqırıqlığı qalmışdı.

Kürdlərin ümumi lideri olan Bərzaninin nüfuzundan yararlanan SSRİ- tək İraq yox, Türkiyə və İrana da təziq yolu tapa bildi.

1958-ci ildə imzalanan Bağdad Paktı SSRİ-nin İraqa baxış bucağını dəyişdirdi.

Kral Faysalı gətirərək, İraqa hakim olan ingilislər sonra da ərəb birliyi ideyasını ortaya atdılar ki,  digər ölkələri Suriya, Livan və İordaniyanı da ələ alaraq, fransızları burdan qovsunlar.

Bağdad Paktında cəmləşən İsrailin müstəqilliyini tanıyan dövlətlərdən biri İraq idi ki, 1958-ci ildə general Qasiminin üsyanıyla hakimiyyət dəyişdi.

SSRİ- artıq sözünü demiş, solçuları hakimiyyətə gətirə bilmişdi, ardınca bənzər hadisələr Suriyada da yaşandı.

Bütün Qərb, xüsusilə ingilislər əl-ayağa düşdülər. 1968-ci ilə qədər BAAS gələn kimi ölkədə kommunist ovu başladı.

Aaradakı üç ildə SSRİ-nin yağlı vədlərinə görə, kommunist təşkilatlara və kürdlərlə məkdaşlıq oldusa da, sonra yenə də durum kəskinləşdi.

Səddamın gəlişiylə İraq- İran savaşı başladı.

Soyuq savaşın bitməsi və SSRİ-nin dağılması ilə bağlı Ruslar bir sıra silahları Səddama satdı. 

Sonra da başlayan Kuveyt işğalı, OPEC üzvünün neft qiymətlərini artırmaq üçün addımları, Səhrada Tufan əməliyyatı, nəhayət İraqın işğalı.

Hələ də davam edən qan-qada. SSRİ-dən qalan silahlar ya kürdlərdədir, ya da İraq boyu savaşan terror təşkilatlarının əlində.

Misir, Liviya, Tunis, Yəmən kimi ölkələrdəki rus siyasətinin qısaca xülasəsi belədir ki, SSRİ dönəmində sahib olduqları avantajı uğursuz bir formada xərclədilər.

Qəddafi, Mübarək, Bin Əli, Salihi Qərblə üzbəüz qalanda hakimiyyətlərini itirdilər, ölkələri xaosa büründü.

Bu qədər uğursuzluğun fonunda Rusiya son gücünü Suriya məsələsinə saxlamağı bacardı.

Bütün enerjisini İranla birləşərək Əsədə kömək üçün xərcləyən Rusiyanın burdakı fəaliyyətinə xüsusi baxmaq lazımdır.

Rusiya - Suriya

 

1946-cı ilə başlayan diplomatik münasibətlər 1971 -ci ildə Hafiz Əsədin Tartusda SSRİ-nin əsgəri bazasını açmaq qərarı ilə yeni müstəviyə daşındı.

O baza bu günə qədər də mövcuddur. SSRİ-nin Orta Şərqə, neft və isti dənizlərə çıxmaq naminə aradığı müttəfiqi Hafizin simasında tapa bildi. Burada ABŞ və ingilis hərbi üstünlüyünə qarşı yeni bir balans əmələ gətirməyə başladılar.

Tartus dəniz bazasıdır. SSRİ torpaqlarından kənarda qalan tək baza kim tarixə keçib.

Rusiya Suriyanın 9 milyard borcunu silərək əvəzində Tartusa xeyli sayda əsgər yığdı. Rusiya bununla da Aralıq dənizində əsgəri gücünü əhəməiyyətli dərəcədə artıra bildi.

Rusiya Palmirada hava bazası (2013), Lazkiyədə isə gizli dinləmə-casus bazası qurub. 2015-ci ildə son müttəfiqini qorumaq məqsədilə, İŞİD-ə qarşı savaş adı aıtında Suriyaya qoşunj soxan Putin ÖSÖ, əL-qAİDƏ, İŞİD-lə savaşa girdi.

Suriyaya 4 milyardlıq silah satan Rusiya külli miqdarda yeni növ hərbi vasitələri də depolamaqda davam edir.

Suryanın bütün neft sektoruna rus şirkətləri nəzarət edirdi, ümumi dəyəri 12 milyard dollar olan layihənin reallaşmasını Stroytrasnqaz həyata keçirməli idi.

Amma olmadı, Rusiyanın daha bir müttəfqinin aqibəti digərlərindən daha dəhşətli oldu. Ölkə parça-parça oldu. Əsəd rejimini saxlamaq naminə hər şeyə qol qoyan Rusiyanın burda da uğur qazanmasını demək nə qədər düzgündür, anlamaq olmur.

Rusiya imperiyadır, son 300 ildir ki, dünyadakı 5 güclü ölkə arasında yer alır. İmperialist maaraqları naminə istədiyi müttəfiqini qurban edəcək qədər sadə və mürəkkəb oyunçudur.

Yetər ki, bu siyahıda son günlərin qardaşı Türkiyə olmasın.

Tarix də, Pyotr da bu haqda mesajlarını verib...

Əziz Əlibəyli //Faktor.az









Redaktorun seçimi