Azərbaycanda bir ilk - - Artur Rasizadəni parlamentdə yıxdılar - sürüdülər

Hit: 4911
Azərbaycanda bir ilk - - Artur Rasizadəni parlamentdə yıxdılar - sürüdülər
82 yaşlı baş nazir hesabatını verdi. Son bir ilin kəskin siyasi formasiyalarının dəyişməsi fonunda baş tutan hesabatdan daha çox hesabat verən şəxs diqqətdə idi.
Baş verən ciddi struktur dəyişiklikləri baş nazirin iş fəaliyyəti ilə bağlı suallara da aydınlıq gətirməli idi.
 
Dünənki hesabatdan sonra ətrafında aparılan müzakirələrin kifayət qədər tənqidi ab-havada baş tutması müəyyən ehtimalları doğrultdu.
Qapı bağlandı, baş nazirin səhifəsi örtüldü demək olar.
Faktor.az musavat.com və bizimyol.info saytlarından götürülmüş xülasəni təqdim edir:
****
 
Artur Rəsizadə hökumətin fəaliyyətini təriflədi, deputatlar isə ölkədəki vəziyyəti kəskin tənqid etdilər
Yevda Abramov: «Samir müəllim, Elman müəllim, biz bununla xalqın belini qırırıq»

Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2016-cı il üzrə fəaliyyəti haqqında hesabatın təqdimatı olub. İclası açan spiker Oqtay Əsədov bildirib ki, ötən il dünya iqtisadiyyatında qeyri-müəyyən vəziyyət davam edib. “Azərbaycan prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünya iqtisadiyyatında cərəyan edən mənfi proseslərin ölkə iqtisadiyyatına təsirinin azaldılması mümkün olub. Ötən il ÜDM artımı baş verməsə də, bəzi sahələrdə ÜDM artıb: “ÜDM istehsalında qeyri-neft sektorunun payı 63,4 faiz təşkil edib. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “doing biznes” hesabatında işgüzar mühitin əlverişliliyinə görə Azərbaycan 190 ölkə arasında 65-ci yerdə qərarlaşıb. Dörd göstərici üzrə Azərbaycan ilk pillələrdə yer alıb. Ötən il sosial infrastruktur layihələrinin həyata keçirilməsinə 15 milyard manat vəsait yatırılıb”.

 
Baş nazir “Beynəlxalq Bank”ın sabiq rəhbərliyini hədəf aldı
 
Daha sonra baş nazir Artur Rəsizadə hesabatı təqdim edib. O bildirib ki, dünya iqtisadiyyatında mənfi tendensiyalar Azərbaycanın tədiyyə balansına mənfi təsir edib. Bəzi bankların qeyri-qənaətbəxş fəaliyyətinə diqqət çəkən baş nazir bildirib ki, sistem əhəmiyyətli "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin əvvəlki rəhbərliyinin cinayətkar fəaliyyəti daha pis vəziyyətin yaranmasına səbəb olub. 
 
"Ölkədə bank sektorunda vəziyyəti qiymətləndirmək üçün prezident İlham Əliyevin sərəncamları ilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası yaradılıb. Bank sektorunda vəziyyət araşdırılıb və ölkənin iqtisadi durumu sabitləşib. Prezident İlham Əliyevin məqsədyönlü və düşünülmüş siyasəti nəticəsində qlobal iqtisadiyyatda mənfi təsirlərin ölkə iqtisadiyyatına mənfi təsirləri minimum səviyyəyə endirilib"  - deyə o bildirib. Baş nazir qeyd edib ki, ötən il qeyri-neft sektorunda ÜDM artımı 5% təşkil edib: "Ötən il büdcənin sosialyönümlü olması əmək haqları və pensiyaların artırılmasına imkan verib".
 
“Apreli döyüşləri ölkənin hərb tarixinə zəfər səhifəsi kimi yazılıb”
 
Baş nazir Ali Baş Komandan İlham Əliyev  tərəfindən Silahlı Qüvvələrə göstərilən diqqət və qayğını xüsusi ilə vurğulayaraq qeyd edib ki, bu gün ölkənin Silahlı Qüvvələrinin xaricdə və daxildə istehsal olunan müasir silahlarla təchiz edilməsi taktiki hədəflərə çatmaqla yanaşı, strateji vəzifələri də yerinə yetirilməsini təmin edir. O bildirib ki, 2016-cı ilin aprelində baş verən döyüşlər ölkənin hərb tarixinə zəfər səhifəsi kimi yazılıb. “Təcavüzkar Ermənistanın növbəti təxribatına verilən qəti və tutarlı cavab ordunun yüksək döyüş ruhunu göstərdi. Hərbi əməliyyatlar torpaqların azad edilməsinin uzunmüddətli danışıqlar yolundan başqa, hərb yolunun da mövcud olduğunu və Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirdi”, - deyə baş nazir vurğulayıb.   
 
Baş nazir çıxışının sonunda qeyd edib ki, dövlət başçısı yanvar ayında Nazirlər Kabinetinin iclasında islahatlarla bağlı tapşırıq verib. "Əminəm ki, Azərbaycan hökuməti bütün qüvvələrini və imkanlarını səfərbər edərək qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nail olacaq".
 
Əli Məsimli: “Ötən il artım əvəzinə 3,1 faiz enmə müşahidə olunub”
 
Hesabat müzakirəsində iştirak edən deputatlar təklif və iradlarını bildirsələr də, ümumilkdə sənədi qənaətbəxş qiymətləndiriblər və səs verəcəklərini deyiblər. Deputat Musa Qasımlı Yardımlı və Masallı rayonlarındakı həllini gözləyən problemləri Baş nazirin diqqətinə çatdıraraq, hokumətdən yardım istəyib. O xüsusən, Yardımlı rayon kəndlərinin qazlaşdırılmasının sürətləndirilməsini, kəndlərarası yol və körpülərin tikintisini, su təchizatının daha da yaxşılaşdırılması ilə bağlı həllini gözləyən problemləri qabardıb.  Deputat qeyd edib ki, Yardımlı-Masallı magistralının yenidən qurulmalıdır.  
 
Deputat Əli Məsimli bildirib ki, 2016- ci ildə yaranmış vəziyyətdən çıxmaq üçün bir sıra tədbirlər görülüb:  “Beynəlxalq Valyuta Fondu ötən il iqtisadiyyatımızda 2,5 faiz artım olacağını proqnozlaşdırmışdı. Ancaq hökumət bu rəqəmin 1,8 faiz olacağını vurğulamışdı. Təəssüf  ki, ötən il artım əvəzinə 3,1 faiz enmə müşahidə olunub. İlk növbədə islahatlar xalqa çatdırılmalı və onlar tərəfindən dəstəklənməlidir”. Deputat İTV-də iqtisadiyyatla bağlı blok yaradılmasını da təklif edib:  “Bunun üçün İTV-də Rusiyada olan biznes kanalı formasında bir blok yaradılsın və əhali iqtisadi proseslərlə bağlı məlumatlandırılsın. Rayonlarda yeni iş yerlərinin açılması istiqamətində işlər görülməlidir”. 
 
Hadı Rəcəbli: “O yola nəinki xarici turistləri, heç daxili turistləri və vətəndaşları buraxmaq olmaz”
 
Deputat  Hadı Rəcəbli isə sahibkarların icra orqanlarında süründürməçiliklə üzləşməsindən narazılığını bildirib və bunun orta-kiçik sahibkarlığa zərər vurduğunu söyləyib. O tələb edib ki, icra orqanları buna son qoysun. H. Rəcəbli icra orqanları ilə Milli Məclisin əməkdaşlığını yüksək qiymətləndirib. Komitə sədri turizm sahəsi ilə bağlı narahat olduğu məqamı da açıqlayıb: “Qarşıdan bayramlar gəlir. Məndə olan məlumata görə, bayram günlərində İrandan 500 avtobus turist gələcək. İran tərəfində 8 saatlıq iş rejimi olduğundan, bu qədər turistin gəlməsi gömrükdə çətinlik yaradacaq. Nədənsə, Azərbaycan gömrük orqanlarının istəyinə baxmayaraq, İran tərəfinin sərhəd-keçid məntəqələrində bu qədər az iş vaxtı müəyyənləşib. Azərbaycan da məcburdur ki, bu vaxta əməl etsin. Belə halda, gəlin təsəvvür edək ki, bayram günlərində o keçid məntəqəsində hansı vəziyyət yaranacaq. 500 avtobusla gələn turistlər günlərlə orada qalacaq. Ciddi gərginlik yaranacaq. Ölkəyə gələn turistlər pis təəssüratla ayrılacaqlar. Ona görə də Azərbaycan hökuməti qonşu dövlətin müvafiq qurumları ilə danışıqlar aparıb, tədbirlər görməlidir”. 
 
Deputat qeyd edib ki, Lənkəran-Astara yoluna nəinki xarici turusti, heç yerli turisti də buraxmaq olmaz. Çünki o yolda vəziyyət həddən artıq dəhşətli vəziyyətdədir. Onun sözlərinə görə, Ələt-Astara yolunun tikintisi getdiyindən bu istiqamətdəki mövcud yol bərbad vəziyyətdədir. O əlavə edib ki, 2017-ci ilin ikinci yarısında bu yolun hazır olan hissəsinin istifadəyə verilməsi gözlənilir. Əgər bu yol istifadəyə verilərsə, bu bölgənin turizm potensialının inkiaşfına öz müsbət təsirini göstərə bilər”.
 
Elmira Axundova: “Vətəndaşlar banklarla üz-üzə tək qaldı, bunun nəticəsində intihar edənlər oldu”
 
Deputat Elmira Axundova bir sıra təkliflərlə çıxış edib. O bildirib ki, keçən illərdə bank sistemində xoşagəlməz proseslər getdiyi üçün banklara əhali tərəfindən inam xeyli dərəcədə azalıb. “Qiymətli mütəxəssislər, yəni bağlanan bankların işçiləri işsiz qaldılar, kreditlər məsələsində əhali çox əziyyət çəkdi, insanlar öz problemləri və banklarla üz-üzə tək qaldı, bunun nəticəsində intihar edənlər də oldu. Əhali banklarda topladığı vəsaitləri banklardan kütləvi şəkildə geri götürdü. Son məlumatlara görə daha bir neçə bankın ləğv edilməsi və ya birləşdirilməsi prosesi gözlənilir. Mənə elə gəlir ki, bu çıxış yolu deyil. Bankların özündə hal-hazırda mövcud olan ən böyük neqativ hal kreditlərinin faizlərini 29-30 faizə qalxmasıdır. Təklif tələbi üstələyir, lakin heç bir sahibkar risk edib banklardan kredit götürmür. Buna görə təklif edərdim ki, banklarda kredit faizləri aşağı salınsın. Kredit borcların qaytarılmasında əhəliyə əməli köməklik göstərilsin. Çünki bu sahədə böyük bədbinlik var.İndi ən əsası Mərkəzi Bankın rəhbərliyi tərəfindən bu və digər neqativ halları aradan qaldırmaq üçün çox ciddi və düşünülmüş siyasətin aparılması, əhalinin banklara olan etimadının bərpa edilməsidir. Prezidentimiz də öz çıxışında deyib ki, keçən il bizim iqtisadiyyatımıza ən çox ziyan gətirən bank sistemi olub. Ona görə bu sistemi düzəltmək kimi ağır məsuliyyət yenə də Mərkəzi Bankın rəhbərliyinə düşür. İndiki zamanda bu bəlkə də ən zəif yerimizdir". 
 
Deputat İcra hakimiyyətlərində, dövlət qulluğunda işləyənlərin əməkhaqqının artırılmasını da təklif edib. O bildirib ki, bir sıra dövlət qulluqçularının, əsasən aşağı pillələrdə işləyənlərin, həmçinin rayon ərazi nümayəndəliklərində və rayon  icra hakimiyyətlərində çalışanların maaşları çox aşağır - 190-300 manat arasındadır. “Əlbəttə, bu məbləğ bir tərəfdən onların gündəlik tələbatını ödəmək iqtidarında deyil, digər tərəfdən də korrupsiyaya yol açır. Çünki həmin işçilər insanlarla birbaşa ünsiyyətdə olan şəxslərdir. Bilirəm ki, maliyyə çətinliklərimiz çoxdur, lakin xahiş edirəm bəzi infrastruktur layihələrinin dayandırılması hesabına olsa da, bu dəyərli və dövlətçiliyə sadiq insanlar layiqli həyata imkan verən maaşlarla təmin edilsinlər ki, dövlət qulluğuna maraq artsın.”
 
Dəm qazı faciələri müzakirəyə səbəb oldu
 
E.Axundova son günlər dəm qazından ölənlərin sayının artdığını deyərək, bu məsələ ilə bağlı da təklif verib. “Təklif edərdim ki, Azəriqaz İstehsalat Birliyi qaz xətləri yeni qurulan zaman evlərdə sayğacla yanaşı dəm qazını hiss edən avtomatik təhlükəsizlik qurğusunu da yerləşdirsin. Artıq mövcud olan abonentlərin mənzillərində isə bu qurğular məcburi qaydada quraşdırılsın. Yoxsa yeni-yeni dəhşətli ölümlərin şahidi olacağıq”.
 
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov isə bildirib ki, dəm qazı zəhərlənmələrinin bir çox hallarda səbəbi evlərdə sobaların düzgün quraşdırılmamasıdır. “Dədə-babadan evlərdə odun da yandıralanda, orada baca olurdu. Çünki baca vasitəsi ilə zəhərli qaz çıxır. Zəhərlənma halları ona görə baş verir ki, yaşayış evlərində belə bir yer yoxdur”. 
 
 
Valeh Ələsgərov isə bildirib ki, kim istəyir evində dəm qazını müəyyən edən indiqator, termometr qoya bilər. “Amma bu, “Azəriqaz”ın işi deyil. Kimlərsə bu cihazları qoyandan sonra rahat yatır, arxayın olur. “Azəriqaz” bunu etməli deyil. Birinci növbədə, əhali evində baxsın ki, qaz yanan zaman əmələ gələn maddələr evdən çıxır ya yox?”.
 
Siyavuş Novruzov: “Postsovet ölkələri arasında ən yüksək kredit faizi Azərbaycandadır”
 
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov  bildirib ki, Azərbaycan hökumətinin 2016-cı ildəki nailiyyəti qənaətbəxşdir və ötən ildə ölkə başçısı tərəfindən çoxplanlı şəkildə addımlar atılıb, işlər görülüb, islahatlar həyata keçirilib. O qeyd edib ki, dünyada baş verən hadisələrin içərisində ötən il Azərbaycanda islahatlar aparılıb, beynəlxalq münasibətlər genişləndirilib.  
 
“Təkcə ötən il Milli Məclisdə həm iqtisadiyyatımız, həm bank kredit, həm vergi, həm də digər sistamlərlə bağlı qanunlar qəbul olunub. Azərbaycan prerzidentinin təşəbbüsü ilə hazırlanan “Strateji yol xəritəsi”nin mərhələli şəkildə həyata keçirilməsi, regionların sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq işlərini və digərlərini nəzərə alsaq, ötən il hökumətin gərgin dövrdə yüksək fəaliyyət göatırdiyini deyə bilərik. Hesab edirəm ki, bu fəaliyyət gələcək də davam edəcək. Bəzən müəyyən məsələləri başqa-başqa ölkələrlə müqayisə edirlər. İstər nefti olan və istərsə də olmayan ölkələrə nəzər salsaq, orada da qiymət artımının olduğunu, eləcə də valyuta dəyişməsindəki fərqlərin olduğunu görərik. Çin, Rusiya, Türkiyədə də belə hallar var”.
 
Deputat söyləyib ki, qiymətlərin süni şəkildə aratırılmasının qarşısı alınmalıdır. Siyavuş Novruzov bank kreditlərinin faizlərinin yüksək olması ilə bağlı narazılığını bildirib. O  qeyd edib ki, postsovet ölkələri arasında ən yüksək kredit faizi Azərbaycandadır: “Belə olan halda, kredit alan hər hansı bir sahibkar heç bir bizneslə məşğul ola bilməz. Dollarla depoziti vətəndaşdan 3 faizə götürürsə, krediti digər vətəndaşa 24 faizə verir. Belə olan halda, bir vətəndaşdan 21 faiz gəlir götürülür. Bu faizə kredit götürən vətəndaş onu qaytara bilmir. Məlumdur ki, o, həmin krediti qaytara bilməyəcək və bunu etmək mümkün də deyil. Bu baxımdan Mərkəzi Bank bu məsələlərə ciddi şəkildə nəzarət etməli və hesablanmalıdır ki, hansı əsasa görə vətəndaşlara belə yüksək faizələ kredit verilir. 
Banklar vətəndaşları soyur, onları hüquq mühafizə orqanları qarşısında asılı vəziyyətə salırlar.  Bu məsələlər ölçülüb- biçilməlidir. Dünya praktikasından istifadə olunmalıdır. Yoxsa kimin ağlına nə faiz gəlirsə, onu təqdim etməsi düzgün deyil. Biz ilk növbədə Prezidentin qeyd etdiyi kimi, vətəndaşlarımızı qorumalıyıq”. 
 
“Kim hansı rayonu istəyirsə, özünə regional mərkəz seçir”
 
Siyavuş Novruzov vurğulayıb ki, Azərbaycanda struktur islahatları aparılmalıdır: “Azərbaycanda 18-19 nazirlik, şirkət və komitə var. Bir ölkənin nazirliyi həmin ölkənin sturkturudur. Bəzi nazirliklərinin regional idarələri də mövcuddur. Əgər lazımdırsa, nazirliklərin hamısının regional idarələri yaradılsın. Kimsə axşam yatıb səhər durub deyir ki, mən öz struktrumun regional idarələrini yaratdım. Bunu hansı əsasla edirlər? Bunun effektivliyi öyrənilibmi? 
 
Bəzi hallarda görürsən ki, həmin strukturlar 2 aydan sonra ləğv olunur, əvvəlki sistemə qayıdılır və yaxud kim hansı rayonu istəyirsə, özünə regional mərkəz seçir. Bu, nəyə əsasən seçilir? İnsanlar başa düşməlidir ki, bu, nə üçün həyata keçirilir. Mərkəzlər digər rayonlardan ora gələnlər üçün rahat olmalıdır. Lakin bəzən baxırsan ki, tam əksinədir. Kim harada istəyir mərkəzi strukturunu orada edir. Bunların hamısı mərkəzləşdirilmiş qaydada ciddi şəkildə qurulmalıdır. Biz bilirik ki, yerli icra hakimiyyətləri cənab prezidentin təyin etdiyi səlahiyyətli nümayəndədir. Belə olan halda, biz onların səlahiyyətlərini alıb mərkəzləşdiririk və vətəndaşlar icra hakimiyyətinə müraciət edir. Düzdür, prezidentin tapşırığı ilə nazirlər ayr-ayrı yerlərdə görüşlər keçirir, şikayətləri dinləyirlər. Lakin kimin nə işi varsa, haqlı olaraq birbaşa icra hakimiyyətinə müraciət edir. Çünki vətəndaşlar bilir ki, hökümətin yerlərdə nümayəndəsi rayon icra hakimiyyətidir. Dövlətin təmsilçisi onlardır. Lakin biz onlardan bütün səlahiyyətləri alırıq. Mərkəzləşdirilmiş qaydada müəyyənləşdirdikdən sonra yerli icra hakimiyyətlərində heç bir səlahiyyət qalmır. Onlar sadəcə olaraq küçə süpürmək və digər işləri həyata keçirirlər. Amma müvafiq işləri onladan tələb edirik”.
 
Deputat özəl sektorlarda insanların işdən çıxmasını də təndiq edib: “Özəl sektorlarda insanlar yerli-yersiz işdən çıxarılır və ya əmək haqlarının yarısı kəsilir. Bunun da qarşısı alınmalıdır. Azərbaycanda azad bazar iqtisadiyyatıdır. Lakin biz özəl sektorlardan vətəndaşların hüquqlarının qorunmasını tələb etməliyik. Özəl sektorlar oz ciblərinə deyil. Vətəndaşların cibinə toxunur. Buna nəzarət olunmalıdır” - deyə, S. Novruzov əlavə edib.
 
“Bazarlar od tutub yanır”
 
Deputat Fəzail Ağamalı bazarda qiymətlərin bahalığından danışaraq, hökumət üzvlərini problemin həlli üçün təcili tədbirlər görməyə çağırıb. “Bazarlar od tutub yanır. Ətin, tərəvəz məhsullarının, digər ərzaq mallarının qiyməti durmadan qalxır. Unutmayaq ki, sahibkarlıq “qızıl təbəqə” adlandırılır. Bəzi möhtəkirlər vəziyyətdən sui-istifadə edirlər. Bunlar barədə sərt tədbirlər görülməlidir. Ölkədə maliyyə çətinlikləri var”.  
 
Deputat Arif Rəhimzadə bildirib ki, Tarif Şurasının ötən ilin noyabr ayında verdiyi qərar - hüquqi şəxslər üşün qazın qiymətinin qalxması seçildiyi Neftçala rayonundakı yod-brom zavodunun fəaliyyətini iflic edib. “Artıq zavod fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzədir. Vəziyyətdən çıxış yolu kimi rəhbərlik kollektivin müəyyən bir qismini öz hesabına məzuniyyətə göndərib. Belə davam edərsə, zavod fəaliyyətini dayandıra bilər”.  
 
 
A.Rəhimzadə hökumətə təklif edib ki, elektrik enerjisi sərfiyyatı ay ərzində 5 milyon kv/saatdan çox olan müəssisələrə şamil edilən güzəştlər Yod-Brom zavoduna da şamil olunmalıdır.
 
Deputat Tahir Kərimli deyib ki, Quba-Şamaxı yolunun açılması hələ də ləng gedir. “Bu, turist itkisidir. Təsəvür edin, kimsə Qubadan Şamaxıya, ya da Şamaxıdan Qubaya getmək üçün, xeyli məsafə qət edir. Birbaşa yol isə hələ də açılmayıb”-deyə Tahir Kərimli bildirib. 
 
Tahir Kərimli problemli kreditlərlə bağlı da təklif verib: “Kreditlərin ən azı hissəyə bölünməsini təklif edirəm: bir hissəsi dövlətin, bir hissəsi kredit götürənin, üçüncü hissəsi də bankların üzərinə düşsün”. 
 
Deputat orta məktəblərdə kişi müəllimlərin az olduğuna da diqqət çəkib: “Hazırda orta məktəblərdə kişi müəllimlər azdır. Kişi müəllimlərlə bağlı stimullaşdırıcı addımlar atılmalıdır ki, onlarda bu sahəyə meyl yaransın. İndi orta məktəblərdə olan kişi müəllimlər də yaşlılardır”.
 
Yevda Abramov: “Xalqın belini qırırıq”
 
Deputat Yevda Abramov mətbuatda “Baş nazirin sonuncu hesabatıdır və o istefaya gedəcək” tipli xəbərlərin yayılmasına münasibət bildirib və bunu ürəkbulandırıcı adlandırıb. “Bu bizə yaraşmır. Bilirsiniz, niyə yaraşmır? O xalq, o millət ki, prezidentini, baş nazirini, spikerini sevir, o xalq xoşbəxt xalqdır, o ölkə güclü ölkədir. Belə ölkə balacalığından, ərazinin kiçikliyindən, xalqının sayından asılı olmayaraq böyük dövlətlərdən də güclüdür. Mən kiməsə yaltaqlanmaq fikrində deyiləm. Amma elə vəzifə, elə sahələr var ki, o vəzifələri yaşlı insanlara etibar etmək böyük xoşbəxtlikdir. İsraildə bir baş nazirə “buldozer” (Ariel Şaron - red) ləqəbi vermişdilər. Allah qəni-qəni rəhmət eləsin, Artur müəllim onun torpağı sanı yaşasın, bizim baş nazir nəinki buldozer, dünyanın ən müasir tanklarından da güclüdür. Ramiz Mehdiyev, Artur Rəsizadə və Səfa Mirzəyevlə qürür duyuram, bütün xalq qürur duyur. Ona görə o insanların arzuları gözündə qaldı. Bu gün mən xalqın öz baş nazirinin ətrafında cəmləşdiyini, hesabatın necə obyektiv müzakirə edildiyini görüb sevinirəm. Bu sevincdən belə çıxış edirəm. Əlbəttə iş olan yerdə səhvlər də var. Amma bizim ölkəmiz dünyada baş verən çətinliklərə baxmayaraq özünü mərdanə aparıb. Bundan başqa, bizdən soruşurlar neçə vitse-prezident olacaq? Yazırlar ki, Azərbaycanın 6 vitse-prezidenti olacaq. Adlar hallandırırlar, özü də bunu məqsədli şəkildə edirlər. Axı biz onu bilə bilmərik. Bu, prezidentin səlahiyyətində olan məsələdir".
 
 
Hökumətin 2016-cı ilin fəaliyyətinə dair hesabatına toxunan deputat deyib ki, sənəd daha yaxşı hazırlana bilərdi. “Mən yenə də başıbatmış xarici valyuta ilə bağlı danışacağam. Bu yaxınlarda Qubaya getmişdim. Orada dollar alveri edənlər var idi. Yalandan dedim ki, 1000 dollarım var, dedi ki, 1 manat 70 qəpikdən ala bilər. Amma satışı çox baha idi. Görün nə qədər fərq var? Samir müəllim, Elman müəllim, biz başa düşməliyik ki, maliyyə problemləri var. Alışla satış arasında kəskin fərq var. Biz bununla xalqın belini qırırıq. Bütün bunlara son qoymaq lazımdır. Bir qədər əvvəl hüquq-mühafizə orqanları dollar satanları tutdular. Nə dəyişdi? Heç nə! Mən bunları deməliyəm, problemlər həll olunmasa, gələcək hesabatlar daha da pis olar!” - deyə Y.Abramov bildirib. 
 
Yevda Abramov rayonlarda da infrastrukturun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb:  “Bakıda “Sovetski” sökülür, yerində nəsə tikilir. Bəs rayonlarda kim tikəcək?”. 
 
Yevda Abramov bəzi həmkarlarını da tənqid edib. “Durub bəzi deputatlar mətbuata deyir ki, Azərbaycanda 6 vitse-prezident olacaq. Bəziləri də deyir ki, vitse-prezidentlərin sayı 2 olacaq. Haradan bilirsiniz? Bununla bizim kadrları vurmaq istəyirsiniz?”.  Parlament üzvü xatırladıb ki, Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin Rusiya mediasında çıxışlar edir. “Amma mən görmədim ki, bizdə maliyyə “tri-o”larından kimsə çıxıb çıxış etsin”. 
 
Milli Məclis sədri Oqtay Əsədov Yevda Abramovun deputatlarla bağlı fikrinə münasibətində bildirib ki, bəzi deputatlar az qala münəccəmlik edir.
 
Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabatı müzakirələrdən sonra səsverməyə qoyulub və qəbul edilib. 
 

 

****

Mart ayında Artur Rasi-Zadənin baş nazir kimi qalıb-qalmaması, ümumiyyətlə, Nazirlər Kabinetinin tərkibi ilə bağlı məsələlərə birdəfəlik aydınlıq gələcək.

Faktor.az xəbər verir ki, bu barədə  iki gün əvvəl  "Yeni Müsavat” qəzeti yazıb. Xəbərdə deyilir ki, böyük ehtimalla mart ayında Artur Rasi-Zadə baş nazir kimi Milli Məclisdəki son hesabatını verəcək.

Məlumata görə, fevralın 26-da 83 yaşı olacaq Rasi-Zadənin yaşı və səhhəti ilə əlaqədar baş nazir vəzifəsindən getməsinə razılıq verilməsi üçün indiyə qədər iki dəfə ölkə rəhbərliyinə müraciət etdiyi bildirilir. Ölkə rəhbərliyinin isə ona bir qədər də gözləməyi tövsiyə elədiyi, başlanan struktur islahatlarının mərhələli şəkildə davam etdiyi və prosesin gedişində baş nazir məsələsinin də aydınlaşacağının çatdırıldığı qeyd edilir.

Xəbərdə vurğulanır ki, vitse-prezidentlərin təyinatından sonra baş nazir postunun və ümumiyyətlə, Nazirlər Kabinetinin hazırkı şəkildə saxlanmasının əhəmiyyəti qalmaya bilər. Hətta mümkündür ki, baş nazir vəzifəsi ləğv edilsin. Belə olduğu halda Artur Rasi-Zadə Azərbaycanın həm vəzifəcə (23 ilə yaxın), həm yaşca ən uzun ömürlü baş naziri olmaqla yanaşı, sonuncu baş naziri kimi də tarixə düşəcək. Bu həm də o demək olacaq ki, Artur müəllimin baş nazir vəzifəsindən azad edilməsi barədə prezident fərmanı olmaya bilər. İslahatlar dalğasında baş nazir vəzifəsi də, nəqliyyat naziri vəzifəsi kimi sıradan çıxacaq.

Məlumat üçün bildirək ki, 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumda konstitusiyaya dəyişikliklər edildikdən sonra onsuz da baş nazir postu ölkənin ikinci şəxsi statusunu itirib. İkinci şəxs bundan sonra birinci-vitse prezidentdir.

Vitse-prezident təyinatlarından sonra isə Nazirlər Kabinetinin də yenidən təşkil ediləcəyi bildirilir. Bu qurumun funksiyalarının vitse-prezidentlərə ötürüləcəyi yayılan xəbərlər sırasındadır. Nazirlər Kabinetindən fərqli olaraq vitse-prezidentlik təsisatının işlək institut olacağı və cari idarəetmə ilə məşğul olacağı da bildirilir. Bundan başqa, bir neçə nazirlik və dövlət komitəsinin yenidən təşkili və birləşdirilməsi nəzərdə tutulur ki, bu məsələlər iqtisadi islahatların davamı olaraq həyata keçiriləcək.

Faktor.az









Redaktorun seçimi