Əkbər Qoşalı: “Avropa bundan bəxtiyarmı olacaq?” - AÇIQLAMA

Hit: 876
Əkbər Qoşalı: “Avropa bundan bəxtiyarmı olacaq?” - AÇIQLAMA

“İlk növbədə onu deyək ki, biz qardaş Türkiyənin uğurunu da, Tanrı etməsin – uğursuzluğunu da bölüşən bir respublikanın vətəndaşıyıq. Ona görə də, qardaş ölkə nazirinin Niderlandda sayğısızlığa uğraması, diplomatik nəzakətə, uluslararası hüquq prinsipləri və dövlətlərarası münasibətlərə sığmayan şəkildə “qarşılanma”sı – sınırdan çıxarılması bizi üzmüşüdür. Bilirsiz, Niderland hökumətinin kimdənsə xoşu gəlməyə bilər, öz ölkəsinin ərazisində nəyisə uyğun görməyə bilər; lakin bunu bildirmənin də bir yolu-yordamı, ərəb demiş, uhulət və suhuləti vardır; yoxsa, sən qos-qoca ölkənin xarici işlər nazirinə giriş icazəsi vermə, digər nazirinə də ən adi Türkiyəliyə belə edilməməli şəkildə davran – bu bağışlanmazdır”.

Faktor.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzi İctimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, niderlandlılar bunun bədəlini ödəyəcəklər: “Əgər hesab edirlərsə ki, başqa Avropa ölkələri də zəncirvari reaksiya ilə onların hərəkətini təkrar edəcək – yanılırlar (Deyə bilərik ki, Niderland özü bu məsələdə başqa Avropa ölkəsinin “forpost”u rolunda çıxış edib). Hətta, bu belə olsa belə, itirən yalnız Türkiyə olmayacaq. Bir təsəvvür edin: Türkiyə tək elə “ərəb baharı”nın “rus qışı”ndan qaçan milyonlarla Suriyalını Avropaya yönləndirsə, habelə türk-rus ilişkiləri (zorunlu şəkildə də olsa) dərinləşsə, daxili istehsalı artırıb, yabançılarla bəzi ikitərəfli, çoxtərəfli münasivətlərə dair qanunvericilik aktlarını sərtləşdirsə... Avropa bundan bəxtiyarmı olacaq? – Belə bir hal baş verərsə, Türk düşmənçiliyi yeridən bəzi Avropa ölkələri öz düşdükləri hala “güləcəklər”...

Hesab edirəm, Türkiyəli qardaşlarımız istər bu uluslararası məsələdə, istərsə də daxili məsələlərdə özünün qədim dövlətçilik təcrübəsinə, Cümhuriyyət prinsiplərinə, Atatürkçülüyə layiq şəkildə davranma əzminə sahibdir”.









Redaktorun seçimi