Artur Rasizadə nə zaman vəzifədən çıxarılacaq? - Sözçüsü danışır

Hit: 2719
Artur Rasizadə nə zaman vəzifədən çıxarılacaq? - Sözçüsü danışır

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri, Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif Əli "Report"a müsahibəsində son zamanlar baş nazir Artur Rasizadənin vəzifədən çıxarılacağı ilə bağlı tez-tez yayılan məlumatlara və onun yaşının çoxluğu ilə bağlı səslənən tənqidlərə  da münasibət bidirib.

"Artur Rasi-zadə obyektiv tənqidə kifayət qədər dözümlü şəxsdir. Onun mətbuatda fəaliyyətini daha çox yaş məsələsinə görə tənqid edirlər... "Vətən səsi" qəzetinin Baş redaktoru olduğum vaxtı xatırlayıram. Müxalif mövqedə idik. 1991-ci ildə Müstəqillik aktı qəbul edilsə də, hələ sovet hakimiyyətinin ab-havası yuxarılarda qalırdı. O vaxtı Moskvanın bir ideyasını Azərbaycanda da yaymağa başladılar. Rəsmi mətbuat yaş senzi məsələsini şişirdirdi. Məqsəd qarşıdan gələn prezident seçkilərində Heydər Əliyevin iştirakının qarşısını almaq idi. M.Qorbaçov öz məqsədləri üçün 65 yaş senzini qoymuşdu və ondan götürüb burada təkrar edirdilər. O vaxt mən "Ağıl hardadır?" adlı bir yazı yazdım. Yazdım ki, atalarımız ağılın yaşda deyil, başda olduğunu deyirlər. Amma bizim yuxarıda oturanlar deyir ki, yox, ağıl başda deyil, yaşdadır. İndi, ay camaat, siz deyin, ağıl hardadır?!...

Baxın, eynən indi də qəzetdə yazırlar ki, Artur müəllimin yaşı artıq bu qədərdir və s. Artur müəllimin işinin keyfiyyətinə qiymət vermək lazımdır. O, çox cavan adamdan yüksək intellektli, sağlam şüurlu, ali əqli keyfiyyətlərə malik ziyalı insandır. Həqiqətən də onun işində, fəaliyyətində, qərarlarında, göstərişlərində bir səhv tutan varsa, qeyd etsin. Artur müəllim buna normal yanaşacaq. Ancaq hər dəfə Artur müəllim haqqında tənqidi yazılanlara baxanda görürsən ki, qərəzlə yazılıb, çünki içində fakt yoxdur, mülahizə var. Biz bəzən reaksiya veririk, bəzən də ona görə reaksiya vermirik ki, bunun haradan gəldiyi, niyə yazıldığı, kimin yazdığı, yaxud yazdırdığı məlum olur.

Amma elə yazılar olur ki, Artur müəllim dərhal reaksiya verir. Məsələn, olub ki, çox mötəbər mətbu orqanda istər bizə aid, istərsə də ümumiyyətlə qəzetçilik baxımından, stilistika, terminologiya baxımından səhvlər olub. Artur müəllim səhər-səhər qəzetlərə baxanda onu tutub. Mənə tapşırıb ki, bunun səhv olduğunu redaksiyanın nəzərinə çatdırım. Deyib ki, dövlətçilk baxımından bunu belə vermək olmaz və s. Mən də bunu çatdırmışam və həmin redaksiya A.Rasi-zadəyə öz təşəkkürünü bildirib... Amma Baş naziri işinə görə deyil, yaşına görə tənqid etmək mənasız işdir. Baxın, A.Rasi-zadə 1996-cı ildən Baş nazir işləyir. Həmin ildən bu yana müxtəlif qəzetlər dəfələrlə yazıblar ki, A.Rasi-zadə istefa verir, artıq onu işdən çıxaracaqlar və s. 20 ildən çoxdur ki, bunu yazırlar. Təbii ki, dünyada heç kim vəzifəni tutub durmur.

Nə vaxtsa Artur Rasi-zadə də çıxacaq. Baxarsınız, həmin qəzet o zaman yazacaq ki, gördünüz, mən demişdim ki, çıxaracaqlar... Ancaq Artur Rasi-zadənin işinə vaxtilə ulu öndər Heydər Əliyev, indi isə onun layiqli davamçısı İlham Əliyev yüksək qiymət verir. Konstitusiyaya görə, Nazirlər Kabineti Prezidentin yuxarı icra orqanıdır, o, Prezidentin tapşırıqlarını icra edir. Əgər o tapşırıqlar keyfiyyətlə icra olunmasa, düşünürsünüz ki, Heydər Əliyev və ya İlham Əliyev sadəcə Artur Rasi-zadə ilə işləməyə üstünlük verərdilər? Əlbəttə, yox. Şübhəsiz ki, Artur Rasi-zadənin işinin keyfiyyəti yüksək səviyyədədir. Hər bir nazirlik fəaliyyətində Nazirlər Kabineti, bilavasitə Baş nazirlə razılaşdırma aparır. Və bütün bu idarəçilik də cənab Prezidentin nəzarəti altında gedir. Dövlət quruculuğunda subardinasiya qaydalarına ciddi əməl olunduğuna görə, Azərbaycan dövləti dayanıqlıdır və inkişaf edir. Yadınıza salın, 1991-93-cü illərdə hər nazirlik bir avaz çalırdı, hər nazir bir başbilənlik edirdi, hərəsi bir göstəriş verirdi. Prezident də bilmirdi ki, kimi yığışdırsın. Elə şəraitdə dövlət dayanıqlı olmaz və dağılar. İndi isə elə situasiyalar yoxdur. İndi aşağıdan yuxarıya bütün subardinasiya və ierarxiya qaydalarına əməl olunur. Bu təkcə bizdə deyil, bütün ciddi dövlətlərdə belədir. Dövlət bu cür yaşayır, inkişaf edir".









Redaktorun seçimi