Alınmadı, Putin Ərdoğanı Moskvadan əliboş yola saldı - Kürd kartındakı itki və Ankaranın üzgünlüyü - ŞƏRH

Hit: 8551
Alınmadı, Putin Ərdoğanı Moskvadan əliboş yola saldı - Kürd kartındakı itki və Ankaranın üzgünlüyü - ŞƏRH

Razılığa gəlməyəcəkləri bəli idi...

Bunu 5 ildir deyirəm: Türkiyə və Rusiyanın prinsipial məsələlərdə razılığa gəlməsi mümkün deyil! Çünki hər iki ölkə regionda - Yaxın Şərqdən tutmuş, Qafqazlara, Balkanlara qədər oturuşmuş ənənəvi siyasi baxışları olan iki böyük imperiyanın varisləridir. Hər ikisi iddialıdır. Hər iki dövlətin maraqları, hədəfləri var. 

Ankaranın ruslarla YPG/PYD qüvvələri ilə bağlı razılaşmaya ümid etməsinin nəticəsi(zliyi) əvvəldən bəlli idi. Son günlərdə kürd qruplaşmalarının, sırf türk birləşmələrinin və onların dəstəklədikləri qüvvələrin nəzarətinə keçməsin deyə, Menbiç istiqamətində bir neçə məntəqəni qəsdən Əsəd rejimi qüvvələrinin nəzarətinə tərk etmələri, əslində çox mətləbdən xəbər verirdi. Kürd qruplaşmaları ilə Əsəd arasında əldə edilən razılaşmada Moskva önəmli halqadır və bunu Ankara bildiyindən, Rusiya ilə anlaşmağa cəhd göstərirdi. Lakin...

Lakin Rusiyanın kürdlərlə bağlı bir əsrlik oturuşmuş siyasi keçmişi var. Bu zaman ərzində ruslar, həmişə kürdlərlə və kürd siyasi hərəkatları ilə maraqlanıblar, dəstək veriblər. 19-cu əsrdən indiyədək kürd və erməni kartlarından türk faktoruna qarşı istifadə edən qüvvələr yalnız Qərb deyil, eyni zamanda da Rusiya olub. Bunun səbəbi isə, heç şübhəsiz ki, kürdlərin məskunlaşdığı coğrafiyanın rus xarici siyasəti baxımından ciddi əhəmiyyət daşımasıdır. Unutmayaq: Kürdlərin yaşadığı torpaqlar, Rusiyanın Yaxın Şərqə açılan qapısıdır! 

İqtisadi əməkdaşlıq məsələlərinin ön plana çəkilməsi, "Türk axını" layihəsinin vaxtaşırı gündəmə daşınması isə, sadəcə olaraq Qərbə təzyiq elementi kimi qiymətləndirilməlidir.

Mövcud Türkiyə-Rusiya münasibətləri, xarici faktorlara qarşılıq vermək məqsədi ilə formalaşmış zəruri yaxınlıqdır.
Amma mənə ən təccüblü gələn, bizim "politoloq və şərhçilərimizin" hər dəfə ingilis küləyi kimi gah nala, gah mıxa vurmalarıdır. Bir neçə gün əvvəl az qala Rusiya-Türkiyə-Azərbaycan üçlü ittifaqının anonsunu verirdilər. Bu qədər də olmaz axı...

Vüqar Zifəroğlu Siyasi şərhçi // Faktor.az

 









Redaktorun seçimi