Köhnə qvardiya necə uduzudu? - Məmurlara ağır zərbə

Hit: 13323
Köhnə qvardiya necə uduzudu? - Məmurlara ağır zərbə

Azərbaycan prezidentinin sərəncamı ilə Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi hansı reallıqlar  doğurdu?

Bəs Mehriban Əliyevanın bu vəzifəyə təyin edilməsinin səbəbi nə idi?

Bütün bu suallara aydınlıq gətirməyə çalışacağıq.

Ölkəyə neft gəlirlərinin axını inkişafa təsirini göstərməklə qalmadı, bərabərində güclü oliqarxiya doğurdu.

Üç-dörd il ərzində iqtisadi böyümənin verdiyi üstünlük nəticəsində müəyyən  problemlər gizli inkişaf etməyə başladı.

Lakin İqtisadi inkişafın "səki" üzərində  və neft amilindən asılı olduğu bir dövrdə, gözlə görünəcək böyük layihələr reallaşdırıldı, insanların yaşayış səviyyəsi hiss ediləcək dərəcədə yaxşılaşdı.

Bu gedişat aldadıcı rol oynamaqla yanaşı, inkişafın təməlində dayanan neft amilinin müvəqqəti olmasını da yaddan çıxartdı.

Neft dövründən qeyri-neft sənayesinə keçid və sovetlərdən qalma problemləri islahatlarla ortadan qaldırmaq işində  xeyli zaman itirildi.

Nəhayət, Azərbaycanda  21 fevral 2015-ci ildə baş verən devalvasiyadan sonra xalq acı reallıqlarla tanış oldu.

Neftdən gəlirlər azaldı, iqtisadi inkişaf dayandı, bütün istifadəyə yararlı malların 90%-nin xaricdən gəldiyi ortaya çıxdı və dolların bahalaşması ilə Azərbaycan insanının yığdığı manatlar xaricə axmağa başladı.

Bütün bunlar Prezident tərəfindən böyük islahatlar paketinin elan edilməsinə gətirib çıxartdı.

İqtisadi böhranın zərərlərinin günbəgün artdığı bir məqamda məmurların xalqdan ayrı güzarana sahib olması aydın oldu.

İş o yerə çatdı ki, hətta  prezident kabinet iclaslarında məmurların dövlət idarəetməsinə vurduğu ziyanları dilə gətirərək, onlara xəbərdarlıq etdi.

"Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır – özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır. Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir".

Milyonlarla maliyyə vəsati ayrılaraq islahatlar üçün xərclənməyə başladı.

Prezidentin verdiyi sərəncamlar və onların icrasına cavabdeh olan məmurların fəaliyyəti üst-üstə düşüb, ya düşməyib?

Bunu vətəndaşlarımızdan yaxşı kimsə bilmir.

Pambıq yenə də xaricdən gəlir, banan yenə də möhtəkir əlindədir, sahibkarlara qan uddurulur, əlavə xərclənmələrə məcbur edilir, gömrük islahatlardan sonra keçirilən malların qiymətlərini əndirabadi formada qaldırıb.

İcra hakimiyyətləri qanunsuz torpaq satışı, korrupsiya fəaliyyəti və qeyri-qanuni addımları ilə yaşama davam edir.

Bütövlükdə bu işin məsuliyyəti dövləti idarə edən şəxsin çiyinlərinə düşür.

Məmurlarımız hədlərini aşırlar. İlham Əliyevin apardığı siyasət birdir, məmurların isə apardığı siyasət isə başqadır. Sanki siyasəti baltalamaqdır. Onlar bundan öz mənafeləri hesabına istifadə etmək istəyirlər.

Rasizadə - Mehdiyev tandeminin artıq zamandan geri qaldığı daha aşkar ortaya çıxır.

Qarabağ problemi, iqtisadi böhran və məmur özbaşnalığı.

Bu üçlü problem ölkəmizin dizini yerə gətirməkdədir.

Qısaca müqayisəli rəqəmlərə baxaq: Gürcüstanda 387 dollar, Ermənistanda 386 dollar, Azərbaycanda isə 296 dollar... Bunlar kimin nə qədər maaş aldığının tablosudur.

Bunların səbəbini artıq izah etdik.

İslahat zərurəti ortaya çıxdı.

 Azərbaycanda struktur islahatları mütləq keçirilməlidir.

"Dövlət büdcəsindən maliyyələşən nazirliklərin, komitələrin, şirkətlərin sayı həddən artıq çoxdur. Bunları kəskin azaltmağa ehtiyac var...bilirsiniz, dünyada neftin qiyməti kəskin aşağı düşüb, dövlət büdcəsinə daxilolmalarda problemlər var. Müəyyən qurumlar ya birləşdirilməli, ya da tamamilə ləğv edilməlidir".

Bu proses artıq başlanıb və davam edir:

Və bu çərçivədə atılan ən vacib addım dünən reallaşdırıldı.

1-ci vitse-prezidentin təyinatı ilə ölkə yeni tarixi mərhələyə qədəm qoydu. 

Bir fikirdən iqtibas:

"1993-cü ildən bəri siyasi-inzibati, iqtisadi-maliyə resurslar uğrunda amansız daxili mübarizələrdə yaranmış və bərkimiş oliqarxiyanın sonu çatdı. 
Əyalətdən çıxmış, kolxoz sədri hökmlü tipaj, yerini müasir tipli menecer - "şampunçikə" verəcək. Dövlət hakimiyyəti möhkəm olsa, qorxaq şampunçiklərlə daha çox iş görmək olar, nəinki bic, məkrli, hər an sahibinə xəyanət etməyə hazır olan müstəqil feodallarla. Buna görə mövcud vəziyətdə İ.Əliyevin sözügedən qərarını müsbət qiymətləndiririk".

I vitse-prezident Mehriban xanım kimdir?

Bu təyinat nə vəd edir?

Bu baş verənlər İlham Əliyevi ənənəvi komandadan imtina etməyə həvəsləndirdi.

Ən əsası qocalardan ibarət, on illiklər boyu idarəetmədə pas atmış enerjidən, kreativlikdən uzaq məmur korpusundan qurtulmaq üçün yeni çevik və cəld quruma ehtiyac yarandı.

İslahatların tərkib hissəsi kimi ümumxalq referendumu keçirildi və Azərbaycanda icra strukturunun başına gələn vitse-prezidentlik institutu təsis edildi.

Bu təyinat özünü çox gözlətmədi, Mehriban xanım çevik, gənc və enerjili, yeni düşüncə tərzi, müasir idarəetmə metodlarından xəbərdar komandası ilə hakimiyətdə təmsil olunmağa başlayacaq.

Mehriban Əliyeva Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafı sahəsində böyük  işlər görüb, ölkəmizi beynəlxalq aləmdə yüksək səviyyədə təmsil edir  və xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.

O, Azərbaycanda hər zaman maarifçilik və xeyriyyəçilik ideyaları, milli mənəvi dəyərlər əsasında fəaliyyət göstərən, örnək kimi qəbul etdiyimiz qadınlardan biri olaraq, həm də  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı ictimai-siyasi, həm xeyriyyəçilik fəaliyyəti, həm də elmi yaradıcılığı ilə müasir dövrdə Azərbaycan qadınlarına nümunədir.


Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu milli mənəvi dəyərlərin qorunması, qadın və uşaq hüquqlarının müdafiəsi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və s. sahələrdə layihələr həyata keçirir.

Dağlıq Qarabağ münaqişəsi, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində rəhbəri olduğu Fond tərəfindən görülmüş işləri bütün ictimaiyyət bilir.

 Azərbaycanın birinci xanımının səyləri nəticəsində bu gün Avropanın müxtəlif ölkələrinin mədəniyyət mərkəzlərində, ən böyük teatr, konsert salonlarında incəsənət ustalarımızın ifaları səslənir, rəssamlarımızın əsərləri sərgilənir, mədəni irsimizin qədim və müasir nümunələri nümayiş etdirilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun xidmətləri xüsusi qeyd edilir.

Heydər Əliyev Fondunun müxtəlif sahələrdə həyata keçirdiyi layihələr beynəlxalq nüfuz qazanıb. Azərbaycanın dünya birliyində zəngin mədəniyyətə, qədim tarixə, tolerantlıq ənənələrinə malik bir dövlət kimi özünəməxsus yer tutması baxımından bu nüfuz böyük rol oynayır.


Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində işlər görür, çoxlu sayda məktəb binaları və uşaq bağçalarının tikilir.

Xoşməramlı səfir kimi bəşəriyyəti dialoqa və qarşılıqlı anlaşmaya çağırır. Dinlərarası və sivilizasiyalararası dialoqa töhfələri, milli mənəvi dəyərlərə ehtiramı ilə birinci xanım həm də yeni minillikdə qədim dəyərlərin hamisidir. Sivilizasiyalararası dialoqda gənclərin, elm və mədəniyyət xadimlərinin roluna hər zaman önəm verən Heydər Əliyev Fondunun prezidenti Azərbaycanda bu mövzularda beynəlxalq konfranslar, forumlar, sammitlər, simpozium və festivallar təşkil edir.

Beləliklə, prezident İlham Əliyevin də dediyi kimi,  Bu gün Mehriban Əliyevanın həyatında yeni bir dövr başlayır, ölkəmizin inkişafında bundan sonra da öz dəyərli töhfəsini verəcək.

Faktor.az









Redaktorun seçimi