Ekspert: Prezidentin bu sərəncamı aprel qələbəsinin davamıdır

Hit: 948
Ekspert: Prezidentin bu sərəncamı aprel qələbəsinin davamıdır

Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi qərar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan biridir.

Faktor.az xəbər verir ki, bunu Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, bu, aprel qələbəsinin davamı kimi qeyd edilməlidir və qələbəmiz sona qədər davam edəcək.

Ekspert vurğulayıb ki, aprel döyüşlərində 2 min hektardan artıq ərazimiz erməni işğalından azad edildi:

“Azərbaycanın əsas məqsədlərindən biri işğal edilmiş ərazilər azad edildikdən sonra soydaşlarımızın öz doğma torpaqlarına qaytarılmasıdır. Məhz buna görə də, bu gün Azərbaycanın bir neçə ərazilərində, eyni zamanda Cocuq Mərcanlı kəndində tikinti işlərinə start verilib. İlk növbədə Cocuq Mərcanlı kəndində 50 ev, eyni zamanda məktəb binası tikiləcək. Bundan başqa, Tərtər rayonunda da aprel döyüşlərində azad edilmiş ərazilərdə binalar inşa olunur, tikinti işləri aparılır. Düşünürəm ki, tikinti işləri yaxın zamanlarda başa çatdırılacaq və həmvətənlərimiz doğma torpaqlarına qayıda biləcəklər”.

Ekspert əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Azərbaycan üçün prioritet olaraq qalır:

“Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün bütün mümkün imkanlardan istifadə etməyə, eyni zamanda hərbi əməliyyatlar keçirməyə hazırdır. Sonuncu terrorçunun da Azərbaycan ərazilərindən çıxarılmasına nail olacağıq və soydaşlarımızın doğma torpaqlarına qaytarılması prosesi davam edəcək”.

Xatırladaq ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.

Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılır.









Redaktorun seçimi