Tarixçi-alim sünni-şiə qarşıdurması məsələsinə aydınlıq gətirdi - "Bu məsələdə xüsusi olaraq İran çox fəaldır" - MÜSAHİBƏ

Hit: 2823
Tarixçi-alim sünni-şiə qarşıdurması məsələsinə aydınlıq gətirdi - "Bu məsələdə xüsusi olaraq İran çox fəaldır" - MÜSAHİBƏ

Bir neçə gündür ki, millət vəkili Fazil Mustafa ilə ADP sədri Sərdar Cəlaloğlu arasında qarşıdurma yaranıb.

ADP sədri F.Mustafanı Azərbaycanda məzhəb qarşıdurması yaratmaqda, millət vəkili isə ADP sədrini "Xomeynin tör-töküntüsü" olmaqda ittiham edib.

Tarixçi-alim Dilavər Əzimli Faktor.az-a müsahibəsində bütün bu ittihamlara, eləcə də Azərbaycanda məzhəb qarşıdurması amilinə aydınlıq gətirib.

- Nəzərə alsaq ki, nə Fazil Mustafa, nə də ki, Sərdar Cəlaloğlu ixtisasca tarixçi deyil, onların bu cür açıqlamalarını necə təhlil edərdiniz?

- Mən onların arasındakı qarşıdurmada iştirak etmək istəmirəm. Amma tarixçi olduğum üçün obyektiv fikir bildirmək istərdim. Tarixi faktlar nə deməkdir? Birincisi, bunu aydınlaşdırmaq lazımdır. Ondan sonra bu faktlarla işləmək mexanizmini bilmək lazımdır. Məsələ ondadır ki, bizə çatdırılan faktlar dərindən tədqiq olunmadan dəqiq fikir söyləmək çətindir. Bunu da yalnız həmin dövrü tədqiq edən tarixçilər edə bilərlər. Başqa sahənin adamları isə məsələyə birtərəfli yanaşırlar. Biz Osmanlı-Səfəvi, sünni-şiə münasibətlərinə Türk-İslam dövlətçiliyi baxımından yanaşmalıyıq. Birincisi, əsl müsəlman başqa müsəlmanı nədəsə günahlandıra bilməz. Qurani-Kərimi dərindən bilən insan buna getməz. Sadəcə, yolunu azanlara, cahillik edənlərə Qurandan çıxış etməklə cavab verilməlidir.

Təhqir başlanmamalıdır. “Şiələr siğədən əmələ gəlib demək”, əslində İslama qarşı yönələn bir iddiadır. Çünki hər bir sünni həm də şiədir. Hər bir şiə həm də sünnidir. Sən sünnilərin tərəfindəsənsə, onu unutma ki, İslamın ən böyük qoruyucusu və Qurani-Kərimi əzbərdən bilən ilk insan həzrəti Əli (ə) olub. O, isə şiələrin söykəndiyi və sevdiyi bir insandır. Onu sünnilər də sevir və dərin sayğı ilə yanaşırlar. Sünnənin tərəfdarı olanlar isə həm Məhəmməd (s.ə.s.) peyğəmbərin, həm də həzrəti Əli(ə)nin tərəfdarları sayılırlar. Bunu elə-belə misal çəkmədim. Bu bir aksiomadır. Amma bütün müsəlmanlar İslam peyğəmbərinə, o cümlədən, bütün peyğəmbərlərə, əhli-beytə (ə), Raşidi (ə) xəlifələrinə, sahabələrə sayğı ilə yanaşmalıdırlar. İslam peyğəmbəri hətta deyərdi ki, səhabələri qınaya bilməzsiniz. Onlar mənlikdir. Raşidi (ə) xəlifələrinin hakimiyyətindən sonra İslamda sülalə hakimiyyəti bərqərar oldu. İslamı siyasiləşdirdilər. Bütün orta əsrlər istər İslam, istərsə də xristian aləmində din hakimiyyətə gəlmək üçün bir vasitəyə çevrildi. Səfəvilər hakimiyyətə gələnə qədər şiəlik sünniliyə qarşı artıq güclü siyasi alətə çevrilmişdi. Çünki iqtidarda olan idarəçilik sünni məzhəbinə söykənirdi. Bu, bir mənzərədir. Amma dərindən analiz etsəniz, görərsiniz ki, əslində o zaman istər sünnilikdən, istərsə də şiəlikdən siyasi alət kimi istifadə edirdilər. İslamda məzhəbçilik sonradan yaradılıb. Hesab edirəm ki, burada xristian dünyasının əvəzsiz rolu olub. Bu istiqamətdə yəhudi və farslardan bəhrələniblər. İslamı qəbul edən yəhudi və farslar qəlbən öz dinlərinə bağlı olub, İslamı parçalamağı qarşılarına məqsəd qoydular. İstər siyasi şiəlik və istərsə də siyasi sünnilik yəhudi-ingilis mətbəxində bişib. Amma bunlara qarşı orta əsrlərdə daha dərin bir sistem işə düşdü. Bu da Türk islamı idi. Çox təəssüf ki, bu sistem bizdə hələ lazımi şəkildə araşdırılmayıb. Əslində, İslam dünyada Türk İslamı hesabına yayıldı. Bu İslam elə Məhəmmədin (s.ə.s) və Əlini (ə) istədiyi İslam idi. İslamı dünyaya Mövlanə Cəlaləddin Rumi, Hacı Bektaçi Vəli, Əhməd Yəsəvi, Nemətulla Vəli, Şah İsmayıl kimi övliyaların əməyi yaydı. Səfəvi və Osmanlı xaqanları bunları özlərinə mürşid sayırdılar. Osmanlı sultanları Səfəvilər kimi özlərinin ən kamil mürşüdü Əlini (ə) görürdülər. Sultan Səlim də “Ya Əli (ə)”, Şah Xətai də “Ya Əli (ə)” deyə qışqırırdı. Onlar bunu həm də elmlə dərk edirdilər. Çünki güclü elm məktəbindən keçmişdilər. Orta əsrlərdə İslam aləmində elmin inkişafı çox yüksək səviyyədə idi. Bu mənada Osmanlı-Səfəvi münasibətlərinə sünni-şiə məzhəbindən baxanlar cahildirlər. Onların məqsədi bütün türk dünyasını bir ərazidə birləşdirmək idi. Bilirsiniz, dünya tarixi iki dövrə bölünür: Çingizə qədərki və ondan sonrakı dövr. Çingiz bütün dünyanı fəth edib bir araya gətirmək istəyirdi, Əmir Teymur isə türk-müsəlman dünyasını. Bunu bütün türk sultanları etmək istəyirdi. Təəssüf ki. düşmən hiylələri güclü çıxdı. Bu mənada Osmanlı-Səfəvi münasibətlərinə sünni-şiə münasibətləri baxımından baxmaq və bugünki Türkiyə və İranda olan dini münasibətlərlə müqayisə etmək cahillikdir.

- Sünni-şiə məsələsinin qızışdırılması Azərbaycana təhlükə yarada bilərmi?

- Sünni-şiə qarşıdurmasının Azərbaycan üçün heç bir təhlükəsi olmayıb və olmayacaq. Zaman-zaman buna cəhd edilib,  ancaq heç vaxt nəticə verməyib. Bu baxımdan belə bir təhlükə türk dünyasında heç vaxt baş tutmayacaq. Çünki Türk dünyası sufiliyə meyllidir. Sufilik isə belə şeyləri qəbul etmir. Məsələnin ikinci tərəfi, türk dünyasının ərəb dünyasından dini məzhəb baxımından fərqi olmasıdır. Bütün Türk dünyasında müsəlmanlar cəfəri, hənəfi və şafedirlər. Bunların üçü də Əhli-beyt (ə) aşiqdirlər. Bu isə balaca məsələ deyil. Bir baxın, zaman-zaman istər Türkiyədə, istərsə də Azərbaycanda illərlə bu cür dava salmaq istəyənlər olub. Bu mənada bəzi qrupları maliyyələşdiriblər. İndi də maliyyələşdirirlər. Bu məsələdə xüsusi olaraq İran çox fəaldır. Amma gördüyünüz kimi, İran bunu heç Azərbaycanın Güneyində də edə bilmir. Yəni, məzhəb qarşıdurmasından doğan problem və təhlükələrin  Azərbaycanda kökləri yoxdur.

- Ölkənin türkçü və irançılara bölünməsi nədən xəbər verir?

- İran ötən əsrin XX yarısından Azərbaycana siyasi şiəliklə təsir göstərirdi. Amma dərindən girə bilmirdi. Çünki sərhədlər qapalı idi. Hətta İran İslam inqilabı baş verəndə Azərbaycanda bu barədə kifayət qədər məlumat yox idi. Amma sərhədlər açıldıqdan sonra İran Azərbaycana siyasi şiəliyi yeritməyə başladı, amma ciddi nəticələr əldə edə bilmədi. Azərbaycan müsəlmanlarının 90 faizi İranı Ermənistana köməyə görə bağışlaya bilmirlər. Mən İranın dini mərkəzlərində təhsilini yarımçıq qoyub qayıdan insanlarla söhbət etmişəm. Onlar siyasi şiəliyə görə oranı tərk ediblər. Bu gün Azərbaycanda nurçuları da çox şişirdirlər. Düzdür, onların da burada bazası yoxdur. Amma onların maliyyə imkanları çoxdur və yazılan məlumatlara görə, onlar daha çox dövlət aparatında çalışanları və millət vəkillərini ələ alır, özləri üçün işlədirlər. İşləməsələr şantaj edirlər. Bir də Azərbaycanda vəhabi və sələfilər vardır ki, ölkə üçün təhlükə təşkil edə bilməzlər. Burada bir başqa məqam da Azərbaycanın düzgün dini siyasət apara bilməsidir. Bu yaxınlarda ölkəmizdə “İslam həmrəyliyi" ili elan edildi. Buna görə də kim şiə-sünni məzhəbçiliyi edərsə, o., həm də dövlət siyasətinin əleyhinə getmiş olacaq. Bu mənada düşünürəm ki, Azərbaycan üçün təhlükə yoxdur.

Vüsalə Qəzənfərqızı // Faktor.az









Redaktorun seçimi