Dünyanın üz-üzə qaldığı - TƏHLÜKƏ

Hit: 476
Dünyanın üz-üzə qaldığı - TƏHLÜKƏ

Dünya ən ağır təhlükə ilə - terrorla üz-üzədir. Kiçiyindən-böyüyünə, dünyada baş verən proseslərə təsir etmək gücündə olan supergüc dövlətlərdən tutmuş, ən geridə qalmış ölkələrə qədər, bu gün heç bir dövlət bu təhlükədən – terror bəlasından sığortalanmayıb.

Ard-arda Qərb, Avropa, Şərq ölkələrini ağuşuna almış terror dalğası azalmır, əksinə, artan istiqamətdə davam edir. Təhlükənin miqyası dəyişdiyi kimi, təsir dairələri də təbii olaraq dəyişir. Terrorun arxasında dayanaraq maraqlarını diktə etməyə çalışan qüvvələr bu bəladan istifadə edərək siyasi, iqtisadi çıxarlarını reallaşdırmağa çalışırlar. Bu isə ciddi faciələr doğuran hadisələrin kütləviləşməsinə gətirib çıxarıb.

Azərbaycan terrora məruz qalan dövlətdir və məlumdur ki, Ermənistanın terror təşkilatları tərəfindən Azərbaycanda müxtəlif terror aktları törədilib. Bu gün də Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında qalan Azərbaycan torpaqlarında Ermənistanın terror təşkilatları fəaliyyət göstərirlər. Gec-tez erməni terror təşkilatlarının işğal edilmiş Azərbaycan torpaqlarındakı fəaliyyətlərinə son qoyulacaq. Bəs Azərbaycan beynəlxalq terrorun qarşısında necə dayana bilər?

Terror hadisələrinin təsir gücü bu gün xəritədə siyasi sərhədləri dəyişəcək həddə gəlib çıxıb. Ölkələri təhdid etmək, iqtisadi, siyasi maraqlarla dövlətləri mövqelərini dəyişməyə məcbur etmək üçün terror bir vasitəyə, alətə çevrilməkdədir. Terrorun baş verməsində bilərəkdən oyunçu olaraq prosesdə çalışanlar da var, bilməyərəkdən bu burulğana düşüb maraqlı dairələrin dəyirmanına su tökənlər də var. Bu barədə bir qədər sonra.

“Baku Network” Ekspert Şurasının rəhbəri Elxan Ələsgərov bildirib ki, bu gün terrora qarşı bir çox dövlətlər tərəfindən mübarizə aparılır:

“Bu onu göstərir ki, terror artıq beynəlxalq problemə çevrilib və terrora qarşı təkbaşına mübarizə aparmaq effektiv nəticələr əldə etməyə imkan vermir. Bəzi dairələr terror aktlarını İslama bağlamağa çalışırlar. Əlbəttə ki, bu, məqsədli şəkildə edilir. Terrora ayrı-ayrı dövlətlər öz maraqları çərçivəsindən baxırlar. Bu hal Suriyada baş verən proseslərdə bir daha özünü göstərdi. Terrora qarşı müharibəni hər dövlət öz bildiyi kimi aparır. Bu gün terror bəzi dövlətlərin əlində siyasi alətə çevrilib. Birbaşa iştirak etməsələr də, bəzi dövlətlər terrora dəstək verirlər. Suriyada 6-7 ildir terror təşkilatları müharibə aparırlar. Bunun üçün ciddi maliyyə lazımdır. Bəs həmin terror təşkilatları maliyyəni haradan alırlar? Halbuki 4 günlük aprel döyüşlərində Ermənistanın Azərbaycanla müharibə aparmağa silah-sursatı çatmırdı”.

Azərbaycanın uzun zaman Ermənistan tərəfindən terrora məruz qaldığını deyən ekspert bildirir ki, Dağlıq Qarabağda olan terrorçular Suriya və Livandan gələn ermənilərdir:

“Azərbaycan terrorun təsirlərini öz üzərində hiss edib. Azərbaycan terrora qarşı mübarizəyə hər zaman dəstək verib və bu fəaliyyət indi də davam etdirilir. Bəzi azərbaycanlıları aldadaraq müxtəlif yollarla İŞİD-ə cəlb edirlər. Sonra da bu şəxslərin terror təşkilatları sıralarında döyüşməsini İslama bağlamağa çalışırlar. Amma aydın məsələdir ki, bu işlərin İslama heç bir aidiyyəti yoxdur. Bununla ölkəmizi terrora bağlamağa cəhd edirlər. Amma dövlətimizin yürütdüyü siyasi kurs bəllidir və rəsmi Bakı hər zaman terrora qarşı mübarizədə öndə dayanır, bu işə öz dəstəyini göstərir”.

Terror təhlükəsi bu gün bütün dünyada var və təəssüf ki, Azərbaycan da bu problemdən sığortalanmayıb. Bir müddət əvvəl xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən terrorçuların zərərsizləşdirilməsi deyilənləri izah edir.

Terror təhlükəsi ilə bağlı E.Ələsgərov bildirir ki, bu gün dövlətin güc strukturları terrora qarşı lazımi səviyyədə mübarizə aparırlar:

“Amma bu işdə cəmiyyətin də dəstəyi lazımdır. Bu gün terror təhlükəsi var. Terrorçular ölkəmizə müxtəlif yollarla, o cümlədən qonaq və yaxud turist kimi gələ bilərlər. Bəzi maraqlı qüvvələr terroru İslama bağlamağa çalışsalar da, terror təşkilatlarının İslama heç bir aidiyyəti yoxdur. Suriyada 8 yaşlı qızdan istifadə edərək bomba partladılıb. Bunun nə İslama, nə də müsəlmanlığa aidiyyəti yoxdur. Bu məsələlərə din adamları daha ciddi yanaşmalıdırlar. İnternetdə terrorçu olduğu iddia edilən şəxslərin kimisə öldürməsi ilə bağlı yayılan foto və videolar xüsusi olaraq məqsədli şəkildə qurulmuş “tamaşalardır”. Terrorun arxasında dayanan qüvvələr bunları İslamı gözdən salmaq və öz maraqlarını reallaşdırmaq üçün edirlər. Məhz bu baxımdan vətəndaşlarımız, cəmiyyətimiz ayıq-sayıq olmalıdır və belə şəxslərin toruna düşməməlidirlər".

E.Ələsgərov hesab edir ki, bu təhlükənin qarşısını almaq üçün bir çox məsələlərə diqqətlə yanaşılmalıdır:

“Vətəndaşlarımız ölkədəki sabitliyin qədrini bilməlidirlər. Hər kəs sabitliyin qorunmasında fəal olmalıdır. Hərc-mərclik dövründə biz erməni terrorunun qurbanı olduq. Cahilliyin qarşısının alınması üçün cəmiyyətin intellektual təbəqəsi daha fəal olmalıdır. Təbii ki, bu məsələdə əsas iş dövlətin üzərinə düşür. Fakt odur ki, bəzi azərbaycanlılar terror təşkilatlarında döyüşmək üçün getmişdilər. Cahillik, nadanlıq Azərbaycana qayıtmamalıdır. Gələcək nəsillər bu bəlalardan qorunmalıdır. Bu məsələdə hər kəs üzərinə düşən məsuliyyəti dərk etməlidir”.

İnformasiya dövründə yaşayırıq. İndi aparılan bütün müharibələrdə informasiya müharibəsi öndə gəlir. Törədilən terror olaylarında oyunçu olan fiqurlardan başqa, bəzən bilməyərəkdən terrorun təbliğində iştirak edilir. Terror hadisələri, cinayət əməlləri ilə əlaqədar məlumatlar mediada (bir çox hallarda da sosial şəbəkələrdə) rəsmi mənbələrin məlumatlarına əsaslanmadan yayılır. Ucuz, sensasiya axtarışı ilə, qeyri-peşəkarcasına yayılan məlumatlar isə bir çox istiqamətlərdə əks təsirlərini göstərir. Medianın gücünü bilən, terrora dəstək verən qüvvələr isə bunlardan faydalanmağa çalışırlar. Bütün bu mətləbləri nəzərə alaraq, öncəliyi şəxsi deyil, ümumi maraqlara dayanaraq addımlar atılmalıdır. Özümüz, ətrafımız, cəmiyyətimiz, vətənimiz Azərbaycan üçün bu edilməlidir. //Trend//









Redaktorun seçimi