Son anda Ermənistanı ölümün ağzından alan İslam dövlətindən - Azərbaycana arxadan zərbə

Hit: 4552
Son anda Ermənistanı ölümün ağzından alan İslam dövlətindən - Azərbaycana arxadan zərbə

Hesab edirəm ki, 21 dekabr 2016-cı il tarixində Ermənistanda gördüklərimiz və eşitdiklərimiz şəxsən mənim yaddaşımda tarixin ən ağır günlərindən biri kimi qalacaqdır.

Yəqin ki, söhbətin qonşu və özümüzə yaxın saydığımız İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin sərgilədiyi bəzi hərəkətlərdən getdiyini anladınız. Əvvala, onun əli minlərlə müsəlman qanına batan cinayətkar Serj Sarkisyanla az qala qucaqlaşıb görüşməsi, daha sonra oradan daha çox Azərbaycana ünvanlı bəzi fikirləri səsləndirməsi məni sonsuz dərəcədə üzdü. Ən azından İran dövlətinin başçısı bu hərəkətlərə yol verməməli idi.

Mən anlayıram ki, indi iranlı dostlarımız durub deyə bilərlər ki, İran prezidentinin İrəvana səfərinin əsla İsrail baş naziri Benyamin Netanyahunun Bakıya səfəri ilə heç bir əlaqəsi-filanı yoxdur, amma gəlin həqiqəti danmayaq. Məhz Azərbaycanla İsrail arasında son vaxtlar daha da genişlənən iqtisadi, iqtisadi-siyasi, hərbi-texniki münasibətlər fonunda biz açıq-aydın görürük ki, iranlı dostlar bu münasibətlərdən çox narahatdılar və yeri gəldi-gəlmədi bizləri az qala olmazın məsələlərdə ittiham edirlər. Bu böyük haqsızlıqdır.

Nəzərə alsaq ki, İran islam dövlətidir və o daha çox haqqın-ədalətin tərəfində olmağa borcludur, lakin biz tam əksini görürük. 20 ildən artıq müddətdir ki, məhz İran İslam Respublikasının hərtərəfli maddi və mənəvi dəstəyi sayəsində Ermənistan hələ də "fironluq" edir, işğalçılıq siyasətini davam etdirir. 2001-ci ildə ATƏT xətti ilə İrəvana və işğal olunmuş ərazilərimizə səfərim zamanı da öz gözlərimlə iranlı vətəndaşların necə rahat və şad-xürrəm həyat sürdüklərinin canlı şahidi oldum. Mənim sözlərimi mənimlə səfərdə olan jurnalist dostlarım da yəqin ki, təsdiq edərlər. Elə dünən də, İrəvanda "Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur" deyən hörmətli Həsən Ruhani əfəndi nədənsə ən vacib məqamı dilə gətirməyə cürət etmədi. Məhz Ermənistan müsəlman dünyasının müqəddəs saydığı Quranı təhqir etməkdə davam edir, minlərlə məscit və minarələri yerlə yeksan edib və öz düşmənçiliyini daha da genişləndirməkdə israrlıdır.

2013-cü ildə prezident seçildikdən sonra Həsən Ruhani Ermənistana ilk səfər etsə də, hesab edirəm ki, o din adamı olaraq ilk növbədə öz din qardaşları olan Azərbaycanın haqq işini dilə gətirməyə borclu idi. Doğrudur, o etika xatirinə "bizim üçün Azərbaycan və Ermənistan dost ölkələrdir, və əminəm ki, bölgədə sülh və sabitliyin bərpa olunmasının şahidi olarıq. Bu, bütün bölgə üçün zəruridir. Şübhəsiz, bu məsələnin hərbi həlli yoxdur, və biz əminik ki, məsələ beynəlxalq qanunlar çərçivəsində dinc danışıqlar yollu ilə həll olunar" kəlməsini dilə gətirdi. İran prezidenti Yerevanda keçirilən brifinqdə əslində Tanrının bizə ərməğan etdiyi HAQQ SÖZÜ bəyan etməli idi.

Təkrar da olsa bir daha deməyi vacib sayıram ki, 20 ildən artıqdır ki, müsəlman dünyasına həqarət edən, onu təhqir edən, müqəddəs ziyarətgahlarımızı, məbəd və ocaqlarımızı, məscid və minarələrmizi təhqir edən Ermənistana öz sözünü deməyə borclu olan dövlətlərdən bəlkə də birincisi İran İslam Respublikası olmalıdır. Bunu təkcə biz Azərbaycanlılar deyil, Uca Yaradan biz insanlardan tələb edir. Çox təəssüflər olsun ki, "Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur" deyən Həsən Ruhani işğalçı və cinayətkar Serj Sarkisyandan bir dəfə də olsun soruşmayıb ki, sən Azərbaycanın işğal altında olan torpaqlarından öz yaramazlarını nə vaxt yığıb rədd olacaqsan?

Bir sözlə, bu qeydlərimi də əsla kiməsə ağıl vermək və yol göstərmək kimi qəbul edilməsini istəməzdim. Bu sadəcə İran islam Respublikasının siyasi və hərbi rəhbərliyinin Azərbaycan Respublikasına, xalqımıza, millətimizə münasibətdə nə qədər qeyri-səmimi olmalarını, işğalçını dəstəkləməkdə davam etməsini bir daha diqqətə çatdırmaq idi.

Tanrı Azərbaycanımıza kömək olsun. Bizi süni və riyakar "dost və qardaşlıq" edən dövlətlərdən və xalqlardan hifz etsin. Bizim özümüzdən və bir iki dövləti çıxmaqla haqq səsimizi dəstəkləyən dövlətlərdən başqa nə dostumuz, nə də həmkarlarımız olmayıb və yoxdur. Kim nə deyir desin, mənim gördüklərim və reallıq bunu göstərir.

Üzeyir Cəfərov









Redaktorun seçimi