Dağlıq Qarabağ və Suriya probleminin açarı Bakıda

Hit: 1369
Dağlıq Qarabağ və Suriya probleminin açarı Bakıda

Bakı Ankara ilə Moskva arasında vasitəçi ola bilər

Son günlər Azərbaycan ilə Türkiyə arasındakı danışıqların fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr gündəmə gəlib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda keçirilən brifinq zamanı D.Qarabağ münaqişəsinin nizamlanması məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu deyib.

Bir neçə gün əvvəl rusiyalı həmkarı Sergey Lavrovla Qarabağ məsələsini müzakirə etdiyini bildirən M.Çavuşoğlu bu sahədə Rusiyanın səylərini dəstəklədiyini də bildirib.

Dağlıq Qarabağ məsələsində müsbət yöndə əldə ediləcək kiçik nəticə belə Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişə bilər.

Davam edən danışıqlar bunu deməyə əsas verir.

Dağlıq Qarabağ və Suriya probleminin açarı Bakıdan keçir

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində rəsmi Moskvanın atacağı hər hansı addım Ankaranın Suriya məsələsində güzəştə getməsinə səbəb ola bilər. Belə olacağı halda görünən odur ki, Suriya məsələsinin gedişatı Dağlıq Qarabağ məsələsindən asılıdır.

Rusiya və Türkiyə Dağlıq Qarabağla bağlı müzakirələrdə qarşılıqlı güzəştlərə gedərsə, Suriya...

Suriyada baş verənlərə gəlincə, bu ölkədə Rusiya ilə Türkiyə arasında iki ciddi problem var.

Bəşər Əsəd ələvi (Şiə) elitasının lideri hesab olunur. Ələvilərin liderinin hakimiyyətdən kənarlaşdırılması və onun yerinə sünni çoxluğun hakimiyyətə gətirilməsi Türkiyənin xarici siyasətində əsas məqamlardan biridir. Əsədin hakimiyyətdən salınması Misirdəki məğlubiyyətin əvəzini Suriyada çıxmaq məqsədi daşıyır.

Digər bir problem isə kürd məsələsi ilə bağlıdır. Rusiya Suriya böhranı ilə bağlı danışıqlarda kürd icmasının müstəqil tərəf kimi iştirakının tərəfdarıdır. Ərdoğan isə yeni bir kürd dövlətinin yaranacağından çəkinərək bunun əleyhinə çıxır. Məlum məsələdir ki, ələvi azlığını İran da dəstəkləyir və Bəşər Əsədə dəstək məqsədilə açıq hərbi əməliyyatlarda fəal iştirak edir. Bu, Rusiyanın razılaşdırılmış siyasətidir. Ona görə də ələvi azlığın liderinin hakimiyyətdən uzaqlaşdırılmasına Rusiya razılıq versə, bu İranla münasibətlərə mənfi təsir edəcək. Bu iki təməl məsələdə Rusiyanın güzəştə getməsi ciddi problemlərlə bağlıdır. Ona görə ki, Rusiya ənənəvi olaraq kürd hərəkatlarını dəstəkləyir.

Bir sözlə, qarşılıqlı güzəştə gedilmədiyi halda Dağlıq Qarabağ məsələsinin həllində ciddi uğurların əldə olunacağını gözləmək olmaz. 

Vüsalə Qəzənfərqızı //Faktor.az









Redaktorun seçimi