Türkiyə üçün dəhşətli ssenari - Məzhəblər ölkəni paramparça edəcək

Hit: 1643
Türkiyə üçün dəhşətli ssenari - Məzhəblər ölkəni paramparça edəcək
Türkiyəyə olan təzyiqləri artırmaq üçün etnik separatizmlə yanaşı, yaxın gələcəyə hesablanmış məzhəbsəl faktorlarla körüklənən münaqişələr üçün də zəmin hazırlamaqdadırlar.
 
Diqqət edin: Bu gün Yaxın Şərqdə baş verən münaqişələr artıq son dərəcə təhlükəli boyut olan – məzhəbsəl qarşıdurma şəklini almağa başlayır. Və bundan yalnız bölgədə marağı olan qüvvələr – Qərb, Rusiya deyil, eyni zamanda bölgədə öz nüfuzunu artırmağa çalışan və bunun üçün də məzhəbsəl vurğuya xüsusi önəm verən ölkələr – İran, ərəb ölkələri də yararlanmağa çalışırlar. Təbii ki, münaqişələrin belə bir boyut alması, hər iki məzhəbə qucaq açmış və onu öz içində barındıran türk coğrafiyası üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər ki, zatən başlıca hədəf də elə budur. 
 
Diqqət etsək, görmək olar ki, bu qarşıdurmalara müəyyən tarixi “əsaslar” yaratmağa çalışan qüvvələr, bununla da gələcək münaqişələr üçün münbit zəmin hazırlamış olurlar. Qərbin və ərəb ölkələrinin bəzi aparıcı media orqanlarının Türkiyəni “müasir Osmanlı”, İranı isə “müasir Səfəvi” kimi təqdim etməklə, yeni “Çaldıranların” Mosulda, Hələbdə, hətta Yeməndə belə təkrarlanacağını qabartmaları, hər iki ölkənin Yaxın Şərq siyasətini məhz belə bir bucaqdan təqdim etmələri düşündürücüdür. 
 
Bölgədə olan türklər arasında birlik və bərabərliyi, qardaşlığı pozmağa çalışan və bunu hər hansı bir şəkildə zədələməyi özü üçün hədəf olaraq götürən qüvvələr tarixi faktları öz maraq və istəklərinə görə interpretasiya edərək ondan yeni bir təfriqə və nifaq toxumu kimi yararlanmaqdadırlar. Necə ki, İraq və Suriyada yaşayan türkmən qardaşlarımızı məhz məzhəbsəl zəmində parçalamağa çalışırlar.
 
Hal-hazırda Türkiyədə bununla əlaqədar olaraq etnik separatizm üzərində vüsət almış terror hərəkatları və təşkilatlarında da məzhəbsəl faktorların qabardılması tendensiyasını müşahidə etməkdəyik. 
 
Halbuki, Anadoluda kürd siyasi hərəkatının ələviliyi sahiblənməsi, bir almanın iki yarısı olan hənəfi və ələvi türkmənlərin bir araya gəlməsini istəməyən, gizli türk düşmənliyi edən güclərin marağına xidmət edir.
 
Vüqar Zifəroğlu // Siyasi şərhçi
 
 








Redaktorun seçimi