Suriyada daha dəhşətli savaş başlayır - Rusiya ABŞ ordusunu vuracaq - FOTOLAR

Hit: 4798
Suriyada daha dəhşətli savaş başlayır - Rusiya ABŞ ordusunu vuracaq - FOTOLAR

Dünya əsas siyasi güclərinin maraqlarının toqquşduğu münaqişə zonası Suriyada gərginlik hər gün bir az da artır.

Səbəb isə tərəflərin münaqişəni öz maraqlarına uyğun həll etməyə çalışması və heç cür ortaq məxrəcə gələ bilməməsidir.

ABŞ və Rusiya arasındakı anlaşma pozuldu

Rusiyanın Suriyada “S-300” raket kompleksi yerləşdirməsi, ABŞ-ın Rusiyanı öhdəliklərini yerinə yetirməməkdə ittiham edərək atəşkəslə bağlı əməkdaşlığı dayandırması münaqişənin həllində yeni mərhələnin başlayacağından xəbər verir.

Rusiya bu addımın təhlükəsizlik məqsədi daşıdığını və heç kəs üçün təhdid doğurmadığını desə də ABŞ tərəfi “S-300” raket kompleksinin yerləşdirilməsi ilə bağlı qərara cavab tədbirləri görəcəyini bildirib.

Məsələyə münasibət bildirən siyasi şərhçi Vüqar Zifəroğlu Faktor.az-a açıqlamasında Rusiyanın bu addımının gözlənilən olduğunu bildirib:

“Rusiya hər formada Suriyada öz mövcudluğunu qorumağa çalışır. Proses başlanandan Rusiya Əsəd rejiminə istər diplomatik, istərsə də hərbi dəstək göstərməkdədir. Ona görə də Rəsmi Moskvanın belə bir addım atması gözlənilən idi”.

Hələb vacib məqamdır

Keçən ilin fevralında əldə olunun razılaşmanın, Rusiyanın Qərblə Suriya razılaşmasının, rus qırıcılarının Əsəd qüvvələri ilə birgə Hələbi bombalaması səbəbindən pozulduğunu xatırladan siyasi şərhçi Hələbin vacibliyinə diqqət çəkir:

“Burada başqa bir nüans Türkiyənin Fəratın sol sahilində apardığı əməliyyat, Əl-Bab məntəqəsinin hədəf kimi götürülməsi və Hələblə bağlı olan məqamlardır.

Bilirsiniz ki, “Ərəb Baharı”ndan sonra Rusiya Yaxın Şərqdəki bir sıra hərbi məntəqələrdəki mövqelərini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Suriya artıq son nöqtə idi. Bu səbəbdən də şimal qonşumuz Yaxın Şərqdə öz mövcudluğunu qorumaq məqsədi ilə proseslərdə daha aktiv rol almağa məcbur oldu”.

Rusiya və Türkiyə yaxınlaşır

Rusiya ilə Türkiyə arasında Suriya böhranı ilə əlaqədar gərginlik ötən ilin noyabrında Türkiyənin Suriya sərhəddində Rusiyaya məxsus təyyarəni vurması ilə daha da kəskinləşdi.

Tərəflərin bir-birinə qarşı tətbiq etdiyi iqtisadi embarqolar və liderlərin bir-birini terrorizmi dəstəkləməkdə ittiham etməsi vəziyyəti bir qədər də gərginləşdirdi.

Bu məsələ bütün dünyanın müzakirə mövzusu oldu.

Hərbi çevriliş cəhdindən sonra isə bütünlükdə Türkiyə dünya siyasətinin ən aktual mövzularından birinə çevrildi. Rəsmi Ankaranın hansı siyasət yeridəcəyi hər kəsin marağında idi. Və bu hadisədən sonra Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Rusiyaya etməsi siyasi ekspertlərin Türkiyənin bundan sonra daha çox Rusiyaya meyl edəcəyinə dair fikirlər səsləndirməsinə səbəb oldu.

Hazırda Rusiya-Türkiyə münasibətləri normallaşmaqda davam edir.

Bu iki ölkənin yaxınlaşmasının hər ikisinin maraqlı olduğu Suriya məsələsinə hansı təsir göstərəcəyi də sual doğurur.

Rusiya və Türkiyə müttəfiq ola bilməz

V.Zifəroğlunun sözlərinə görə, müəyyən məqamlarda Rusiya və Türkiyə əsasən iqtisadi faktorları nəzərə alaraq hansısa bir şəkildə Suriya məsələsində razılığa gələ bilər. Amma bu, onların tam şəkildə müttəfiq olacağı anlamını ifadə etməz:

“15 iyul çevriliş cəhdindən sonra bir  sıra məqamlara aydınlıq gətirildi və bəzi məsələlər ortaya çıxdı. Məlum oldu ki, Qərb Türkiyənin daxilindəki hərbi və siyasi strukturlarda kök atmış bəzi kolonlar vasitəsilə Türkiyənin digər ölkələr, o cümlədən Rusiya ilə münasibətlərinin pisləşməsində maraqlıdır. Və bu məqsədini həyata keçirmək üçün həmin güclərdən istifadə edilib. Şübhəsiz ki, belə məqamların aydınlaşması Rusiya-Türkiyə münasibətlərinin normal məcraya yönəlməsinə təkan verən çox ciddi amil oldu. Lakin bu yaxınlaşma iki ölkənin Suriya məsələsində müttəfiq olacağı anlamına gəlməz. Çünki Rusiya və Türkiyənin Suriya məsələsində maraqları üst-üstə düşmür və onlar bu ölkənin gələcəyi ilə bağlı tamamən fərqli görüşlərə malikdirlər”.

Ekspert bildirir ki, Rəsmi Ankara Suriya siyasətində müəyyən dəyişikliklər edib və Əsədə daha yumşaq münasibət sərgiləyir. Çünki hazırda Türkiyənin əsas hədəfi İŞİD-ə və kürd separatçı qruplaşmalarına qarşı mübarizə və Suriyanın Şimalında təhlükəsiz bölgə formalaşdırmaqdır.

Bu səbəbdən də Rusiyanın Əsəd rejimini dəstəkləməsi fonunda, Türkiyənin “Əsəd mütləq getməlidir” prinsipi üzərində qurduğu siyasəti bir qədər yumşaltması tərəflər arasında müəyyən razılığa səbəb ola bilər:

“Amma yenə də qeyd etmək istərdim ki, bu müvəqqəti xarakter daşıya bilər. Məsələn, hazırki dönəmdə tərəflər arasında Hələb və bir sıra digər prinsipial məqamlarla bağlı fikir ayrılıqları olduğu üçün Türkiyənin gələcəkdə münasibətlərini Qərblə, yoxsa Rusiya ilə uzlaşdıracağı şübhə altındadır”.

Putinin İstanbulda keçirilən Dünya Enerji Konqresində iştirak etmək üçün Türkiyəyə gedəcəyi və Ərdoğanla görüşəcəyinə diqqət çəkən ekspert bu görüşün də məsələyə təsirsiz ötüşməyəcəyini qeyd edir:

“Putinin Ankara səfərində bir çox ciddi iqtisadi layihələrin müzakirəsi gözlənilir. Düşünürəm ki, müzakirələrin nəticələri də müəyyən mənada öz təsirini göstərə bilər”.

Xəyalə Bünyatova / Faktor.az

 









Redaktorun seçimi