Azərbaycanda infrastruktur layihələr uğurla içra edilir - ŞƏRH

Hit: 287
Azərbaycanda infrastruktur layihələr uğurla içra edilir - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib.

Dövlət başçısı bildirib: “Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq. Bütün ölkəmiz yeni, müasir yollarla əhatə olunur”.
 
2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni iqtisadi siyasət strategiyası həyata keçirilməyə başladı. Dövlət başçısının prezidentlik fəaliyyətində verdiyi ilk fərmanlar da məhz sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri və regionların sosial-iqtisadi inkişafı haqqında olmuşdur. Təsadüfi deyil ki, Prezidentlik fəaliyyətinin ilk dövründə İlham Əliyev “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərman vermişdir.
 
Regionların inkişafına dair uğurla icra edilən Dövlət Proqramları Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi. 
 Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasət Azərbaycanı regionun davamlı inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətinə çevirib. Dövlət başçısının rəhbərliyi altında son illər ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi aparılan işlərin uğurlarından xəbər verir. Bu kontekstdə ölkəmizdə regional inkişafa xidmət edən proqramların həyata keçirilməsi, sənayeləşmə prosesinin sürətləndirilməsi də diqqət mərkəzindədir.
 
Xarici investisiyaların daha çox qeyri-neft sektoruna, regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və münbit biznes mühitinin təmin edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasının əsas xətti kimi diqqəti çəkir.
 
Azərbaycanda infrastruktura qoyulan dövlət sərmayələrinin həcmi yüz milyardlarla manatla ölçülür. Son 20 ildən yuxarı dövrdə iqtisadiyyatın inkişafının mühüm şərti olan avtomobil, dəmiryolu, elektrik enerjisi, qaz, su təminatı, hava və dəniz limanları və sair istiqamətlərdə yüzlərlə böyük layihələr həyata keçirilib. Bu layihələrin icrası Azərbaycanı bir sıra infrastruktur sahələrinin vəziyyətinə görə dünyada ön yerlərə çatdırıb.
 
Azərbaycanın regionlarında son illər yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi diqqət Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib.
 
Qeyri-neft sektorunun tərkibində kənd təsərrüfatının çəkisinin artırılması istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər, davamlı islahatlar artıq öz bəhrəsini verməkdədir. Bütün bu uğurların qazanılmasında,  dayanıqlı iqtisadi inkişafın təmin edilməsində infrastruktur layihələrinin  uğurla reallaşdırlmasının mühüm rolu danılmazdır.
 
Qarabağ və Şərqi Zəngəzurun mövcud su ehtiyatları alternativ, təmiz elektrik enerjisinin istehsalı üçün də zəmin yaradır. Ötən illərdə bu ərazilərdə ümumi gücü 53,6 meqavat təşkil edən 11 su elektrik stansiyası yenidən qurularaq istifadəyə verilib. Kəlbəcər, Laçın və Zəngilan rayonlarında daha 7 SES-in tikintisinin qısa müddətdə yekunlaşacağı proqnozlaşdırılır. Bu yaxınlarda isə Kəlbəcər və Laçında daha 9 SES-in qurulmasına başlanılıb. Beləliklə, yaxın gələcəkdə isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində 237,55 meqavat gücündə çoxsaylı yeni su elektrik stansiyasının tikintisi ilə bağlı layihələrin işlənib hazırlanması planlaşdırılır.
 
Azərbaycanda böyük sosial və infrastruktur layihələri icra edilir. Bu, iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Bu layihələrin icrası nəticəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olub. İnfrastruktur layihələri arasında prioritetlər hələ 20 il əvvəl müəyyən edilib və 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı qəbul olunanda açıq şəkildə ortaya qoyulub. Bundan sonra ölkədə infrastruktur təminatının yaxşılaşdırılması məqsədi ilə  yol-nəqliyyat infrastrukturunun, elektrik, qaz və ən əsası su təchizatının yenilənməsi işlərinə başlanılıb.

Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri








Redaktorun seçimi