Strateji əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur

Hit: 589
Strateji əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur
"Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar  çərçivəsində əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində atılan addımların, əldə edilən nəticələrin miqyası olduqca genişdir. Dövlət başçısı İlham Əliyev son 20 ildə Azərbaycanın qazandığı uğurlardan bəhs edərkən bildirir ki, siyasi müstəvidə ölkəmizin dünyada  mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artdı. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərarlar, qətnamələr qəbul etdilər. Bu, münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratdı. İqtisadi inkişafa, iqtisadi müstəqilliyə nail olduq. Bu gün heç kimdən iqtisadi və siyasi  cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır. Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə rəsmi səfəri çərçivəsində Prezidentlərin keçirilən təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında da Azərbaycanın xarici siyasət uğurlarından, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün imkanların mövcudluğundan bəhs edildi. Dövlət başçısı İlham Əliyev ilk dəfədir Konqo Prezidentinin ölkəmizə səfər etdiyini önə çəkərək böyük əminliklə bildirdi ki, səfərin çox gözəl nəticələri olacaq. Qarşılıqlı səfərlərin əlaqələrin inkişafında mühüm faktor olduğu xüsusi qeyd edildi. Konqo Prezidenti cənab İlham Əliyevi Konqoya dostluq səfərinə dəvət etdi və bundan böyük şərəf hissi keçirəcəklərini vurğuladı.”
 
Faktor.az xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
 
Malik Həsənov qeyd edib ki, dövlət başçısı İlham Əliyevin bu və ya digər ölkələrə, həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin hər biri  beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyimizə, ölkə Prezidenti İlham Əliyevin nüfuzuna işıq salır: “Konqo Prezidenti böyük sevinc hissi ilə vurğuladı ki, biz Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq. Həmçinin, o da qeyd edildi ki, Prezident İlham Əliyev Konqo ilə Azərbaycan arasında bütün sahələrdə gözəl əməkdaşlıq səhifəsini yaratmaq imkanını verdi.”
 
Millət vəkili ölkələr arasında əlaqələrin inkişafında hüquqi baza olan sənədlərin imzalanmasından da danışıb: “Sözügedən səfər çərçivəsində mühüm sənədlər imzalandı ki, onlardan biri iki ölkə arasında əməkdaşlıq haqqında Bəyannamədir. Cənab İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, imzalanan Bəyannamə çox önəmli və sanballı bir sənəddir. Bu sənəd ölkələr arasındakı əməkdaşlığın perspektivlərini müəyyən edəcək. Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq. Siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir.”
 
Malik Həsənov vurğulayıb ki, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin əlaqələrindən bəhs edərkən ilk olaraq BMT-də və Qoşulmama Hərəkatında qarşılıqlı dəstəklərini xüsusi qeyd etməliyik: “Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə qurumun beynəlxalq nüfuzunun artması istiqamətində atdığı addımlar hər zaman Konqo tərəfindən böyük dəstək qazanıb. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması qurumun hər bir üzvünün marağındadır.”
 
Millət vəkili qeyd edib ki, tərəflər əlaqələrin gələcək inkişafına böyük əminliklə yanaşıblar: “Konqo Prezidenti belə bir inamı ifadə edib ki, danışıqlarımızın nəticələrindən çox məmnunuq. Burada bizə göstərilən səmimi və dostcasına qəbula görə çox xoşbəxtik. Əlaqələrin inkişafında iqtisadi amil xüsusi qeyd edilib. Hazırkı dövrün əsas çağırışının bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması olduğunu nəzərə alsaq Konqo Prezidenti Azərbaycanla bu sahədə əlaqələrin böyük perspektivi olduğunu, ölkəmizin zəngin təcrübəsindən istifadə etməkdə qərarlı olduqlarını diqqətə çatdırdı. Azərbaycanın bu il mötəbər tədbirə - COP29-a ev sahibliyi edəcəyi təqdir olundu və cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır, burada Konqo ilə ikitərəfli, eyni zamanda, çoxtərəfli formatda əməkdaşlıq etmək məqsədəmüvafiq ola bilər.”
 
Malik Həsənov Azərbaycanın söz sahibliyindən, Prezident İlham Əliyevin nüfuzundan bəhs edərkən diqqəti aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinkenin  Prezident İlham Əliyevə zənginə yönəldib: “Antoni Blinken bu gün Brüsseldə keçiriləcək ABŞ, Avropa İttifaqı və Ermənistan arasında üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini bildirdi. Blinkenin zəngi və vəziyyəti izah etməyə çalışması Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir. Azərbaycanın hər bir məsələyə ədalət və beynəlxalq hüquq çərçivəsində yanaşması sözünün imzası qədər dəyərini daha da artırır. Aprelin 4-də sözügedən görüşün digər təşkilatçısı Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəng etdi. Hər bir məsələ ilə bağlı Azərbaycanın mövqeyinə xüsusi önəm verilməsi ölkəmizin yaratdığı reallıqların dünya gücləri tərəfindən qəbulunun təsdiqidir. Bütün bunlar Azərbaycanın xarici siyasət uğurlarının davamıdır. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması Azərbaycanın söz sahibliyini daha da möhkəmləndirir.  Ölkəmizin yaratdığı yeni reallıqlar regionda və dünyada yeniliklərə yol açır, dünyanın xarici siyasətinin gündəliyinin Azərbaycanda müzakirəsini şərtləndirir. Azərbaycan hər bir sahədə zəngin təcrübəsi ilə əməkdaşlıq məkanı kimi möhkəmlənən mövqeyinə yeni-yeni əlavələr edir.”








Redaktorun seçimi