Hər il hər kəsin pensiyası artacaq!” - Kamal Cəfərov

Hit: 1830
Hər il hər kəsin pensiyası artacaq!” - Kamal Cəfərov
Sabah Milli Məclisdə pensiyaçıların sosial rifahını daha da yaxşılaşdıracaq qanun layihəsinin müzakirəsi olacaq. Lakin bu layihə ilə bağlı ictimai rəydə birmənalı fikir yoxdur. Tək bu qanun layihəsi deyil, bir neçə layihə olub ki, cəmiyyət yanlış məlumatlandırılır. Vətəndaşlarımızın rifahını daha da yaxşılaşdıracaq qanun layihələri həm dövlət siyasətinin, həm də Milli Məclisin əleyhinə istifadə edilir. 
 
Pensiyaların indeksiyası ilə bağlı islahat da xalqa səhv təqdim edilir. Ona görə də istəyirəm ki, sabah müzakirə ediləcək qanun layihəsini qanunun dili ilə deyil, sadə və başa düşülən formada izah edim. 
 
Pensiyaların indeksləşdirilməsi nədir? Bu indeksləşdirilmə pensiyalara nəğd formada necə təsir edəcək? Reallıq nədir? Ona görə də, bu məsələni bir nümunə ilə izah etmək istəyirəm. 
 
Bu məsələdə hərbçilərin pensiyası sui-istifadə edildiyi üçün elə hərbiçlərimizlə bağlı nümunə verəcəyəm. 
 
Müzəffər Azərbaycan Ordusunun əziz hərbçiləri, pensiyaya çıxdıqdan sonra, hazırda işləyən hərbiçi dostlarınızın əməkhaqqısı, dövlət məvacibi və təminat xərcliyi artarsa, bu artım sizin pensiyanıza da müsbət təsir edəcək. 
 
Əziz hərbiçilər, pensiya sahəsində bu islahat həyata keçirildikdən sonra, il ərzində sizin əməkhaqqı artmasa belə, müəllimlərin maaşı artsa, bu da sizin pensiyanıza müsbət təsir edəcək. 
 
Əziz müəllimlər, həkimlərin əməkhaqqı artanda, bu da sizin pensiyanıza müsbət təsir edəcək. 
 
Hətta özəl sektorda əməkhaqqı artanda, bu da bütün dövlət qulluqçularının pensiyasına müsbət təsir edəcək. 
 
Əziz pensiyaçılar, siz artıq işlədiyiniz dövlət qurumun və sektorun əməkhaqqısının artmasını gözləməyəcəksiniz. Bir sektorda əməkhaqqı artanda, hər kəs sevinəcək, hər kəsin pensiyası artacaq. 
 
Sizin pensiyalar hər il orta aylıq əməkhaqqı neçə faiz artırsa o qədər artacaq. 
 
Misal üçün son on ildə hərbiçlərin pensiyaları 59% artıb, əgər bu islahat on il bundan qabaq tətbiq edilsəydi, pensiyanız 98% artardı. Əziz dövlət qulluqçuları, son on ildə sizin pensiyanız 69% artıb, əgər bu sistem on il bundan qabaq tətbiq edilsəydi, sizin də pensiyanız 98% artacaqdı. 
 
İşlədiyi sektordan asılı olmayaraq, hər kəsin pensiyası eyni vaxta və bərabər artacaq. 
 
Xüsusi şərtlərlə pensiya alan vətəndaşlarımız, bu günə qədər siz artımlarla bağlı işlədiyiniz qurumlardan arayış alıb sosial müdafiə orqanlarına təqdim edirdiniz. Bilirəm ki, texniki səhv və kağız sənəd dövriyyəsi səbəbindən çoxlu narahatçılıqlar olurdu. 
 
Bundan sonra nə siz, nə də əvvəl işlədiyiniz dövlət qurumunun hər hansı məlumat təqdim etmək öhdəliyi olmayacaq. Bütün pensiyaların indeksləşdirilməsi tamamilə elektron olacaq. 
 
Bəs bu islahatın qəbul olunmasını kim istəmir? Kim ki, xalqı yanlş məlumatlandırır, onlar istəmir. 
 
Mən sabah böyük məmnuniyyətlə bu qanun layihəsinin lehinə səs verəcəyəm. 
 
Kamal Cəfərov,
 
Milli Məclisin deputatı 








Redaktorun seçimi