Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın yeni mərhələsi başlayır - Əliabbas Salahzadə

Hit: 1162
Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın yeni mərhələsi başlayır - Əliabbas Salahzadə

“Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əməkdaşlıq əlaqələri quran Azərbaycan dünya birliyinin fəal üzvü kimi hər bir məsələdə söz sahibliyini, sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə fəxri qonaq kimi qatılması və bu tribunadan Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması da deyilənlərin təsdiqidir.  Prezident İlham Əliyev təşkilatın Səmərqənd Sammitində  hazırkı dövrün əsas çağırışlarını,  vacib mesajları səsləndirərək  Azərbaycanın yeni dövrün tələbləri ilə bağlı mövqeyini açıqladı. Sözügedən Sammitin yekununda qəbul edilən  Bəyannamədə  regional sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi, nəqliyyat əlaqələrinin gücləndirilməsi kimi məsələlər öz  əksini tapıb. Azərbaycanın dünyaya nümunə olan inkişaf modeli ölkəmizin qlobal məsələlərin həllinə öz töhfələrini verməsində əhəmiyyətli rol oynayır. Nəzərə alaq ki, son iki ilə yaxın dövrün əsas məsələlərindən biri tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Prezident İlham Əliyev Səmərqənd Sammitindəki çıxışında bu məsələlərə xüsusi diqqət göstərdi.”

Faktor.az xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili vurğulayıb ki, qurum çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi Azərbaycanın  maraqlarına uyğundur: “Qeyd etdiyimiz kimi tarixi Zəfərimizin  yaratdığı  yeni reallıqlar əməkdaşlıq üçün yeni imkanlar açır. Belə ki, Zəngəzur dəhlizinin açılması böyük perspektivlər vəd edir. Dövlət başçısı İlham Əliyev Sammitdəki çıxışında bildirdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.

Bu reallıq inkaredilməzdir ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verir. Statistik rəqəmlər də bunun təsdiqidir.  Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.”

Əliabbas Salahzadə onu da qeyd edib ki,  Sammit çərçivəsində keçirilən ikitərəfli görüşlərdə də türkdilli dövlətlər arasında əlaqələrin  gələcəkdə yeni sahələr üzrə inkişafı üçün geniş imkanların mövcudluğu bildirildi: “Azərbaycan hər bir ölkənin inkişafında mühüm amil olan dayanıqlı iqtisadi  inkişafın  təmin olunması istiqamətində atdığı addımları ilə diqqətdədir. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi, reallığa çevirdiyi enerji və nəqliyyat layihələri iqtisadi, siyasi mövqeyinin möhkəmləndirilməsində mühüm rol oynayır. Yeni dövrün reallıqları yeni əməkdaşlıq formatlarının yaradılmasını tələb edir. Qeyd etdiyimiz kimi, əsas məsələ regionda sülhün və təhlükəsizliyin təmin olunmasıdır.”

“Dövlət başçısı İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tribunasından bir daha bu çağırışı etdi ki, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. Diqqəti Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-də Azərbaycan-Ermənistan sərhədində törətdiyi   genişmiqyaslı hərbi təxribatlara yönəldən cənab İlham Əliyev bəyan etdi ki, Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”,- deyə millət vəkili vurğulayıb.

Ə.Salahzadə onu da əlavə edib ki,  keçirilən ikitərəfli görüşlərdə, Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu: “Hazırkı dövrün reallıqları   Azərbaycanın regionda və dünyada artan mövqeyini nümayiş etdirir. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın yeni mərhələsi başlayır. Azərbaycanın bu mərhələdə  əsas tərəfdaşlardan biri kimi iştirakı ölkəmizin, Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir.”









Redaktorun seçimi