Azərbaycanın regional və beynəlxalq təşkilatlarda nüfuzu artır

Hit: 1374
Azərbaycanın regional və beynəlxalq təşkilatlarda nüfuzu artır

“Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, illər keçdikcə yeni əməkdaşlıq formatlarının yaradılması və  birgə səylərin göstərilməsi xüsusi yer tutur.  Bu baxımdan, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətləri böyük əhəmiyyət kəsb edir. Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatındə dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən Memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Göründüyü kimi, Azərbaycanın xarici siyasətinin prioritetləri onun həm ikitərəfli, həm də regional və  beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafında mühüm  rol oynayır.  Dövlət başçısı İlham Əliyev fəxri qonaq qismində qatıldığı Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində də bu məsələyə xüsusi diqqət yönəltdi. Belə ki, 2019-cu ildən Azərbaycanın 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrliyinin yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılmasını  ölkəmizə olan hörmətin və etimadın göstəricisi kimi qeyd edən Prezident  İlham Əliyev bildirdi ki,  Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.”

Faktor.az  xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov Azərbaycanın ilk dəfə olaraq Şanxay Əməkdaşlıq Təşkilatının Sammitinə fəxri qonaq qismində qatıldığını önə çəkərək bunu həm ölkəmizin, həm də cənab İlham Əliyevin artan nüfuzunun təqdimatı kimi dəyərləndirib: “Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfər edən  Prezident İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlərə, müzakirə olunan məsələlərə diqqət yetirdikdə türkdilli dövlətlərlə əməkdaşlığın prioritetliyi özünü qabarıq şəkildə büruzə verir. Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif və Rusiya Prezidenti Vladimir Putin ilə görüşlərində  iqtisadi, siyasi və  humanitar  sahələrdə əlaqələrin hazırkı  səviyyəsini müzakirə edərək  münasibətlərin yeni istiqamətlər üzrə  inkişafı üçün geniş imkanların  mövcudluğunu, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təminatı məsələlərini xüsusi qeyd etdi. Dayanıqlı sülh yeni əməkdaşlıq formatlarının yaradılmasında əsas amillərdən biridir.”

Millət vəkili  vurğulayıb ki,  Prezident İlham Əliyevin Sammitdə dərin məzmunlu çıxışı əlverişli coğrafi məkanda yerləşən, zəngin təbii resurslara malik olan Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının təqdimatında da  əhəmiyyətli rol oynadı: “Daha çox diqqəti tarixi Zəfərimizdən sonrakı dövrdə  ölkəmizin qeyd olunan istiqamətlərdə qazandığı uğurlara  yönəldən  dövlət başçısı bildirdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.”

“Prezident İlham Əliyev səfər çərçivəsində keçirdiyi ikitərəfli görüşlərdə, Şanxay Əməkdaşlıq Təşkilatının Sammitindəki  çıxışında Azərbaycanın 30 illik işğal və son iki ilə yaxın postmünaqişə dövrünün  reallıqlarına diqqəti yönəltməklə bir daha dünyaya günümüzün əsas çağırışını  çatdırdı. “Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib.  Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, Azərbaycanın vəziyyəti ilə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll etdi və Təhlükəsizlik Şurasının  qətnamələrinin icrasını təmin etdi”,- deyə Malik Həsənov vurğulayıb.  

Millət vəkili qeyd edib ki, Səmərqənd Sammiti Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin  dəyişməzliyini dünyaya bir daha  nümayiş etdirdi: “Ölkəmizin bu mövqeyi Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək.  Səmərqənd Bəyannaməsində qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi məsələləri öz əksini tapıb. Qarşıda dayanan əsas hədəfin əlaqələrimizin bütün sahələrdə daha da inkişaf etdirilməsi olduğunu vurğulayan Özbəkistan Prezidenti dövlət başçısı İlham Əliyevi ən əziz dostu və qardaşı kimi salamladı. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin mövcudluğu əməkdaşlığın coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Şanxay Əməkdaşlıq Təşkilatının tərkibinin genişləndirilməsi istiqamətində atılan addımlar da bunun bariz nümunəsidir.”









Redaktorun seçimi