Rəşad Mahmudov Səmərqənd sammitinin uğurlarından yazdı

Hit: 1185
Rəşad Mahmudov Səmərqənd sammitinin uğurlarından yazdı
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammiti artıq öz işini başa çatdırıb. Səmərqənddə keçirilən görüş Rusiya, Çin, Türkiyə kimi qitə liderlərinin iştirakı baxımından xüsusi diqqət çəkirdi. Sammitin öz işinə başladığı ərəfədə Azərbaycan - Ermənistan sərhəddində yaranan gərginlik bu iki ölkə rəhbərlərinin də səfərlərinə maraq yaratmışdı. Azərbaycan Prezidenti İlham Əliyev  düşmən təxribatına layiqli cavab verən ordunun Ali Baş Komandanı kimi Səmərqəndə qalib statusunda getdi. Paşinyan isə həm cəbhədəki biabırçı məğlubiyyət, həm də bundan yaranan ölkədaxili siyasi gərginlik səbəbindən sammitə qatılmadı.  
 
Bu fikirləri Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov bildirib.
 
Deputat vurğulayıb ki, Şanxay sammitindən əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında diplomatik fiaskoya uğrayan Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatında da tam ifşa olundu. Azərbaycan Prezidenti çıxışında sammit iştirakçılarını postmünaqişə dövrü haqqında ətraflı məlumatlandıraraq, dünyanın marağında olan Şərq-Qərb tranzit yolu ilə bağlı görülən işlərdən danışdı. Eyni zamanda, 44 günlük Zəfər savaşından sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil və dəmir yolu çəkildiyini bildirərək, Azərbaycanın 18 təyyarə limanı ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malik olduğunu vurğuladı.
Ümumiyyətlə, Prezident İlham Əliyevin çıxışı sammit iştirakçılarının ən çox maraq göstərdikləri tranzit yolu mövzusu üzərində quruldu və Böyük İpək yolu üzərində strateji  mövqeyə malik Azərbaycanın bu istiqamətdə gördüyü işlər ölkəmizə diqqəti bir qədər də artırıdı.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi  son dərəcə əhəmiyyətli regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verdiyini qeyd edən ölkəmizin başçısı  belə nəhəng  işlərin gerçəkləşməsi üçün sülh və qarşılıqlı əməkdaşlığın vacib şərt olduğunu diqqətə çatdırdı.
 
Dövlətimizin başçısı sammitdəki çıxışında Azərbaycanın öz konstruktivliyini nümayiş etdirərək Ermənistana hər iki ölkənin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim etdiyini vurğuladı.
İlkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamaq əvəzinə, sentyabrın 13-də Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətməsinə diqqət çəkən Prezident İlham Əliyev ölkəmizin Silahlı Qüvvələrinin bu təxribatın qarşısını qətiyyətlə aldığını, amma işğalçı respublikanın bu təxribatının iki ölkə arasında normallaşdırma prosesinə böyük zərbə vurduğunu bildirdi.
Bölgədəki durum və Azərbaycanın atdığı addımlar haqda prezident İlham Əliyevin məzmunlu çıxışı sammitdə iştirak edən dövlət başçılarında belə bir fikri daha da möhkəmləndirdi  ki, yaranmış gərginlik və sülh sazişinin yubanması ilə bağlı bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Sonda Rəşad Mahmudov qeyd edib ki, sammit çərçivəsində Azərbaycan liderinin Çin, Rusiya kimi böyük iqtisadi gücə malik dövlətlərin başçıları ilə görüşlərində də ölkəmizin beynəlxalq arenada nüfuzu açıq-aydın görürdü.
 
Beləliklə, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammiti Azərbaycanın həm diplomatik, həm də iqtisadi gücünün artmasına növbəti töhvə vermiş oldu. Bu sammitin gedişi və iştirakçıların mövqeyi bir daha onu təsdiqlədi ki, Qafqazla əlaqədar bütün iqtisadi və siyasi layihələrlə bağlı hər kəs bölgənin lider dövləti kimi yalnız Azərbaycanla hesablaşır.
 
 








Redaktorun seçimi