“Rəsmi İrəvanın revanşist siyasəti Ermənistanı daha da çətin vəziyyətə salacaq”

Hit: 1090
“Rəsmi İrəvanın revanşist siyasəti Ermənistanı daha da çətin vəziyyətə salacaq”
Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərdi ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Bu hadisələr bir daha sübut edir ki, rəsmi İrəvanın revanşist siyasəti manipulyasiya alətidir.
 
Erməni siyasətinin hiyləgərliyi ondan ibarətdir ki, 13 sentyabr tarixində baş vermiş təxribat və Ermənistanın siyasi-hərbi rəhbərliyinin bütün digər təxribatları Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasına hesablanıb. Sülh sazişinin imzalanmasından hər vəchlə boyun qaçıran rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqləyir və sıravi erməni xalqının maraqlarından çıxış etmədiyini nümayiş etdirir. Bununla yanaşı, rəsmi İrəvanın təxribatları regionda yeni münaqişə və terror aktları ehtimalını artırır.
 
13 sentyabr tarixində yaşanmış insident həm də ATƏT-in Minsk Qrupunun dirçəldilməsinə xidmət edən simulyasiyadır. Həmin tarixdə yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır. Belə ki, bu təxribat cari ilin 15-16 sentyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitində Azərbaycana qarşı təzyiqlərin artırılmasına hesablanıb.
 
Məlumdur ki, Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Lakin Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər. Çünki  Azərbaycanın beynəlxalq iqtisadi təşəbbüsləri bütün regionun geostrateji əhəmiyyətini artırır. 13 sentyabr tarixində baş vermiş təxribat isə təkcə Azərbaycanın yox, ümumiyyətlə bütün regionun iqtisadi və siyasi aktuallığının artmasının qarşısını almaq üçün hesablanıb və təsadüfi sayıla bilməz. Belə təxribatların təkrarlanması yeni müharibə ehtimalını artırır. Bu səbəbdən ölkəmizdə yaşanan milli həmrəylik mühiti strateji resurs kimi qorunub saxlanılmalıdır. Ona görə ki, Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır.
Nəzərə almaq lazımdır ki, regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil.
 
Uzun illər ərzində Ermənistan məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilib.
 
Növbəti təxribatların qarşısının alınması üçün Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. “Sülh” ali və ümumbəşəri dəyər olduğu üçün beynəlxalq təşkilatlar, habelə beynəlxalq ictimaiyyət rəsmi İrəvanı sülhə çağırmalıdırlar.
 
Rəsmi İrəvanın təxribatlarına yanaşmaların fərqliliyi bir daha Azərbaycanın üstünlüyünü, habelə ölkəmizin beynəlxalq hüquq və normalara sadiqliyini təsbit edir. Prezident İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən, rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalını dəstəkləməsi faktı heç şübhəsiz ki, ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artıracaqdır. Beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə dəvət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında seçim etməlidir.
 
13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini də aktuallaşdırır. Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. 13 sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. İşğaldan azad olunmuş ərazilərdə bastırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır.
 
Qeyd etmək lazımdır ki, bu gün güc amili öz aktuallığını qoruyub saxlamaqdadır. Cari ilin 27 iyun tarixində Prezidenti İlham Əliyevin Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında dediyi kimi, “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir.” Bu baxımdan, 13 sentyabr tarixində yaşanmış insident də bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyətə malikdir.
 
13 sentyabr tarixində baş vermiş və rəsmi İrəvanın digər təxribatları bir daha onu göstərir ki, qaçqın və məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qaytarılması prosesində tələsmək olmaz. Bu proses Prezident İlham Əliyevin dediyi kimi, planlı şəkildə həyata keçirilməlidir.
 
Deputat Jalə Əhmədova








Redaktorun seçimi